Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:33

«Manas»dan çıxarılan baza harada yerləşdiriləcək?


Amerika hərbçiləri «Manas» bazasını tərk edirlər. 26 fevral 2009
Amerika hərbçiləri «Manas» bazasını tərk edirlər. 26 fevral 2009
Bu yaxınlarda Qırğızıstan hökuməti ABŞ hərbi bazasının ölkədən çıxarılması haqqında qərar verdi. Bu baza ABŞ üçün müstəsna əhəmiyyət kəsb edirdi. Bu hadisə həm də ABŞ-ın Orta Asiyadakı maraqları üçün ciddi problemdir.

İndi hamını bir sual düşündürür: Hərbi baza hara köçürüləcək?

Bəzi məlumatlara görə hərbi bazanın yeni dislokasiya yeri Azərbaycan ola bilər. Hətta bununla bağlı yerli hökumətlə danışıqlar aparıldığı bildirilir. Amma yenə də sual yaranır: Azərbaycan indiki vəziyyətdə buna razılıq verə bilərmi? Sabiq məmurların dediyinə görə, vaxtilə – hələ Heydər Əliyevin hakimiyyətdə olduğu vaxtlarda ABŞ-a belə bir müraciət edilmişdi. Amma ABŞ hökuməti buna müsbət reaksiya verməmişdi. İndi isə tamamilə başqa vəziyyətdir. Azərbaycan son illərdə Rusiya ilə çox yaxınlaşıb, şimal ölkəsinin yüksək rütbəli məmurları tez-tez Bakıya səfərlər edirlər. Xarici işlər naziri S. Lavrov da Bakıya səfərə gəlib. Səfərin əsas məqsədinin Qarabağ problemi olduğu bildirilir. Ancaq çox güman ki, digər məsələlər də müzakirə edilib.

Rusiyanın məqsədi ABŞ-ı keçmiş SSRİ respublikalarından sıxışdırıb çıxarmaqdır. Artıq «geosiyasi balans» siyasəti öz əhəmiyyətini itirməkdədir
Rusiyanın məqsədi ABŞ-ı keçmiş SSRİ respublikalarından sıxışdırıb çıxarmaqdır. Artıq «geosiyasi balans» siyasəti öz əhəmiyyətini itirməkdədir.
Lavrov Bakıdaykən Rusiyanın Qəbələ RLS-dən istifadə haqqında müqavilənin müddətinin uzadılmasında maraqlı olduğunu bildirib. İki il əvvəl Rusiyanın o vaxtkı prezidenti Vladimir Putin Qəbələ RLS-indən birgə istifadə təklifi ilə çıxış etdi. Ancaq ABŞ bununla razılaşmadı. Azərbaycanınsa bu məsələdə mövqeyi “Qonaq qonağı istəməz, ev yiyəsi isə heç birisini” deyimində olduğu kimi idi. Hər halda həmin məqam üçün Azərbaycanın mövqeyi heç bir tərəfi qıcıqlandırmadı.

Rusiyanı əvvəllər Azərbaycanın Qərbin hərbi bloklarına qoşulmaq üçün ciddi səy göstərməməsi qane edirdi. İndi isə Rusiyanın geosiyasi ambisiyaları daha böyük məzmun kəsb etməyə başlayıb. Düzdür, burada arzu ilə imkan arasında tarazlığın olmaması problemi var. Rusiya son illərdə bir xeyli dirçəlsə də hələ ki geosiyasi rəqabətdə ABŞ-la müqayisə oluna bilməz. Amma bəzi avtoritar rejimli zəif ölkələrdə olduğu kimi, Azərbaycanda da elə siyasi sistem formalaşıb ki, onları istər-istəməz Rusiya ilə yaxınlaşmağa sövq edir, çünki Rusiya indiki hakimiyyətlərin dəyişməsini, demokrat və qərbpərəst siyasi qüvvələrin hakimiyyətə gəlməsini istəmir.

Prinsipcə, Azərbaycan hökuməti Qərblə əlaqələri tam kəsmək fikrində deyil.
Sadəcə, hökumətin istədiyi budur ki, Qərb ölkədəki siyasi sistemi qəbul etsin, ona öz iradlarını bildirməsin. Elə bu səbəbdən Qərbin geosiyasi maraqlarını da təmin etməyə çalışırdı. Amma indi Azərbaycanın xarici siyasəti sinergetikada deyildiyi kimi, «bifurkasiya» nöqtəsindədir. Bu, elə bir haldır ki, siyasi trayektoriyanın hansı səmtə yönələcəyini ancaq ehtimal etmək olar. Ehtimallar isə çoxdur.

Məsələn, ABŞ-ın hərbi bazasının Azərbaycanda yerləşməsi həm geosiyasi balansı, həm də ölkədəki siyasi sistemi qismən də olsa dəyişmək iqtidarındadır. Bununla bağlı Özbəkistan təcrübəsi var.

Azərbaycanın geosiyasi seçimi ilə bağlı müzakirələrdə ən çox eşidilən ifadələrdən biri də «ikili standartlar»dır. Əslində isə bu standartlar ölkədəki mürəkkəb vəziyyətin nəticəsidir. Düzdür, Qarabağ problemində belə yanaşma hiss olunur. Amma demokratiya və insan haqları məsələsində heç bir «ikili standart» yoxdur. Məsələn, Avropa Şurası öz üzvlərinin hamısında olduğu kimi, Azərbaycanda da demokratik seçkilərin keçirilməsini, insan haqlarının qorunmasını tələb edir. Yerli hökumətin də ən zəif yeri məhz bu amildir.

İndi Azərbaycanın «təhlükəsizlik arxitekturası»nda ciddi problemlər var. Azərbaycan hələ ki MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmaq istəmir. Rusiya da özünü elə göstərir ki, guya bunu təkid etmir. Amma təhlükəsizlikdən söhbət düşəndə həmişə bu amili qabardır. Azərbaycanın Qərbdən uzaqlaşacağı təqdirdə Rusiyanın bunu tələb etməyəcəyinə heç bir təminat yoxdur.

ABŞ-da yeni administrasiya fəaliyyətə başladığından hələlik qlobal siyasət haqqında mülahizə yürütmək çox çətindir. ABŞ hökuməti Orta Asiyadan sıxışdırılmasına necə baxacaq? Bunun müqabilində Cənubi Qafqazda möhkəmlənməyə cəhd edəcəkmi? Bu sualların cavabı çox güman ki, yaxın vaxtlarda aydınlaşacaq.

Siyasətdə bəsit və mürəkkəb situasiyalar olur. Yerli hökumət həmişə bəsit siyasətə üstünlük verib və indi də verməkdədir. Amma Azərbaycan ətrafındakı situasiya indi o qədər də bəsit deyil. Heydər Əliyev mürəkkəb situasiyalarda belə idarə etməyi bacarırdı. Amma İlham Əliyev haqqında bunu demək çətindir. Elə bu səbəbdən ABŞ-ın hərbi bazasının Azərbaycanda yerləşdirilməsi məsələsi hələlik müəmmalı olaraq qalır. Amma təkcə buna görə yox. Həm də ona görə ki, Azərbaycan özünün bu dünyadakı yerini hələ də müəyyənləşdirməyib.

Azərbaycanın müstəqil dövlət olmasından 18 il keçsə də hələ də ölkənin hərbi doktrinası yoxdur. Hərbi doktrina ölkənin müdafiə və təhlükəsizlik siyasətinə müəyyən qədər aydınlıq gətirən sənəddir. Onun hələ də qəbul olunmaması hökumətin qəti seçim etməkdən nə qədər çəkindiyini göstərir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG