Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:42

«Vaxt var idi, Əfqanıstandakı əməliyyatlar Bakıdan idarə olunurdu»


Azərbaycan və ABŞ hərbçiləri Vaziani təlim bazasında, 15 iyul 2008
Azərbaycan və ABŞ hərbçiləri Vaziani təlim bazasında, 15 iyul 2008
«Qırğızıstan Amerikaya qapını göstərir»-yazısında «Qardian» qəzeti yazır ki, hələ il yarım bundan əvvəl Bişkekdəki bir Qərb diplomatı deyirmiş ki, «Qırğızıstan Manas hərbi bazasını Amerikadan almaqda maraqlı deyil. Amerika ona 150 milyon dollar verir, bu qədər pulu kim verəcək? Rusiya yoxsa Çin?»

Ancaq Rusiya Qırğızıstana 2 milyard dollar təklif etdi. Düzdür kredit kimi, ancaq 2 milyard da 2 milyarddır, bu, Manasın ilk illik icarə haqqından 1000 dəfə çoxdur.

Qırğızıstan Manası Amerikaya verəndə illik icarə haqqı cəmi 2 milyon dollar idi. Sonra Qırğızıstan bunu ildə 63 milyon dollara qaldırdı. Ancaq Amerikanın Qırğızıstana icarəli və başqa köməkli verdiyi pul ildə 150 milyon dollar idi və Bişkekin istədiyini artıqlaması ilə ödəyirdi.

«Qardian» hesab edir ki, puldan başqa səbəblər də ola bilər. Gürcüstan Rusiya müharibəsi keçmiş sovet respublikalarına siqnal oldu. Onlar öz-özlərindən soruşdular ki, əgər Amerika öz yaxın müttəfiqi Gürcüstanı qorumadısa, Azərbaycanı, Ukraynanı ya Qazaxıstanı qoruyacaqmı? Qırğızıstan bu suala Rusiyanın xeyrinə cavab verdi.

Bunlar «Qardia»nın yozumudur. Ancaq Azərbaycanın adını çəkməsi maraqlıdır. Qırğızıstan bazasını verməyə «yox» deyəndə Azərbaycan «hə» deyəcəkmi? Təbii ki, Amerika istəsə.

Amerikaya Əfqanıstanda əməliyyatlar aparan ordusuna təchizat yolu lazımdır, Amerika Manası nə ilə əvəz edəcək?

Azərbaycan əsgərləri İraqda, 02 yanvar 2006
Bu gün Amerikanın Tacikistandakı səfiri Tracey Ann Jacobson, öz dediyi kimi, Tacikistan prezidenti İmoməli Rəhmanla Əfqanıstana tranzitə və yük daşımalara yardıma Tacikistanın tam hazırlığı məsələsini müzakirə edib.

Başqa variant Özbəkistandır. «The Wall Street Journal» yazır ki, Amerika rəsmiləri yenidən Özbəkistan yolunu fikirləşirlər. Özbəkistan öz bazasını Amerikaya vermişdi. Ancaq 2005-ci ildə bazasını geri aldı. Başqa hansı variantlar var?

Fevralın 3-də hələ Qırğızıstan prezidenti Bakiyev Manasın Amerikaya bağlanmasını elan etməmişdən qabaq Əfqanıstandakı ordunun təchizatında əsas olan Pakistan yolundakı maneələrdən yazan «Reuters» mümkün variant kimi Azərbaycan yolunu göstərirdi. Söhbət Azərbaycanın bazasını Amerikaya verməsindən getmirdi, ancaq agentlik yazırdı ki, ərzaq, sursat Türkiyəyə və ya Gürcüstana, oradan da Azərbaycan vasitəsilə Əfqanıstana ötürülə bilər.

Amerikanın Azərbaycanla Əfqanıstandakı ordunun təchizatında əməkdaşlıq təcrübəsi də var. 2 il əvvəl Amerika rəsmiləri Azərbaycanla razılaşmışdılar ki, Əfqanıstana uçan təyyarələr Azərbaycanın özünün seçdiyi hava bazasında yenidən yanacaqla doldurula bilsinlər. Keçən il Amerika Azərbaycanın Kürdəmirdəki hərbi bazasını modernləşdirdi.

Azərbaycanın hərbi eksperti, Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərovdan soruşdum ki, seçim qarşısında qalsa, Amerika seçimi Azərbaycan bazasının xeyrinə edə bilərmi?

Hərbi ekspert deyir ki, «Sözsüz. Vaxtilə Sovet ordusunun cənub istiqamətinin baş qərargahı indiki Müdafiə Nazirliyi yerləşən yerdə idi. Türküstan hərbi dairəsi, Orta Asiya hərbi dairəsi, hətta Əfqanıstandakı əməliyyatlar Bakıdan idarə olunurdu».
XS
SM
MD
LG