Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:49

«Manas»ın bağlanması Moskvanın Vaşinqtona güc nümayişidir»


Qırğızıstan müxalifəti açıq şəkildə «Manas»ın bağlanmasına etiraz edir
Qırğızıstan müxalifəti açıq şəkildə «Manas»ın bağlanmasına etiraz edir
ABŞ və NATO qoşunlarının Qırğızıstandakı «Manas» hərbi hava bazası bağlanacaq. İndi qırğız parlamentinin üzvləri bununla bağlı qanun layihəsi üzərində işləyirlər. Amma daha öncə hələ heç bir qərarın verilmədiyini deyən Qırğızıstanın prezidenti Kurmanbek Bakiyev fevralın 3-də Moskvada, rusiyalı həmkarı Dmitri Medvedevin yanında olanda daha əmin danışıb:

«Dəfələrlə amerikalı tərəfdaşlarımızla bazaya görə, bizə ödənəcək iqtisadi kompensasiya məsələsini müzakirə etmişik. Amma təəssüf ki, Amerikayla heç bir razılıq əldə edə bilməmişik. Artıq üç ildir ki, biz deyirik ki, müqavilənin şərtlərini dəyişmək lazımdır. Amma bizim istədiyimiz kompensasiyanın məbləğiylə bağlı sual hələ də həll olunmayıb».

Düzdür, Bakiyev Amerika qoşunlarından nə vaxt ölkədən çıxmağı tələb edəcəklərini bildirməyib. Amma deyib ki, maliyyə tələblərinin yerinə yetirilməməsi üzündən artıq bu bazanı saxlamağa ehtiyac görməyə bilərlər. Və Qırğızıstan parlamenti belə bir qərar qəbul etsə, sürpriz olmamalıdır.

Amma deyəsən, Kurmanbek Bakiyevin bu qədər əmin açıqlamaları Amerikanın Qırğızıstandakı səfirliyi üçün artıq sürpriz olub. Bişkekdəki ABŞ səfirliyinin sözçüsü Mark Kameron fevralın 3-də «Azadlıq» radiosuna belə deyib:

«Bu müzakirələr davam edəcək. Bu ana qədər hələ ki, Qırğızıstan tərəfindən bazanın bağlanmaq ehtimalıyla bağlı hər hansı yazılı xəbərdarlıq almamışıq. Bizim Qırğızıstan xalqı və hökumətini maraqlandırmaq, inandırmaq üçün çoxlu proqramlarımız və təkliflərimiz var».

Amma Bişkekdəki Rusiya və Orta Asiya üzrə ekspert Pol Kuinn Cac düşünür ki, Qırğızıstan prezidentini indiki halda ancaq pulla maraqlandırmaq olar. Bakiyevin bu addımında başqa məntiq axtarmağa dəyməz:

«Qırğızıstanın bu qərarında hansısa ideya yoxdur. Sadəcə onların çox ciddi şəkildə pula ehtiyacları var, iqtisadi sıxıntı içindədirlər. Burda enerji böhranı yaşanır. Və məncə, əhali qarşıdan gələn yaz aylarında səslərini çıxarmasın deyə, hökumətə pul lazımdır.
Pakistanın şimalından gələn quru yol tez-tez atəşə tutulduğundan təhlükəlidir
Çünki burda belə fikir var ki, artıq yazda problemlərdən bezən camaat kütləvi aksiyalara başlaya bilər. Üstəlik, əgər prezident Bakiyev erkən seçkiyə getmək qərarı versə, sağa-sola səpələmək üçün də pula ehtiyacı var».

Amma Bakiyevin «Manas» bazasını bağlamaq xəbərdarlığını pula bağlamayanlar da var. Xüsusən də nəzərə alanda ki, Bakiyev bu açıqlamasını Bişkekdə yox, Moskvada, Rusiya prezidenti Dmitri Medvedevin yanında mətbuat konfransında verib. Həmin konfransda isə, Rusiya prezidenti Qırğızıstana ehtiyacı olan pulu verəcəklərini vəd edib:

«Rusiya Qırğızıstana 2 milyard dollar məbləğində kredit verəcək və 150 milyon dollarlıq yardım edəcək. Bu vəsait həm Qırğızıstan büdcəsinin sabitləşməsinə, həm də əsas infrastruktur layihələrinin inkişafına sərf ediləcək. Məsələn, hidroenergetikanın. Bu məqsədlə biz elə indicə Qırğızıstanda «Kambarata-1» Su Elektrik Stansiyanın tikilməsi haqda saziş imzalamışıq. Bu, çox ciddi, vacib və geniş miqyaslı layihədir».

Ekspertlərin bir çoxu, məsələn, elə Pol Kuinn Cac iddia edir ki, Rusiyanın özündə iqtisadi böhran hiss edildiyi bir vaxtda Qırğızıstana kredit ayırması təsadüfi deyil. Bu, onu göstərir ki, Moskva sözügedən hərbi bazanın bağlanmağında maraqlıdır.

Moskvadan hərbi ekspert Pavel Felqenqauer isə deyir ki, əslində «Manas»ın bağlanması Moskvanın Vaşinqtona güc nümayişidir. Çünki istər Rusiya, istərsə də Çin Qırğızıstandakı Amerika bazası sarıdan çox narahat idilər. Çünki həmin baza Rusiya və Çinin yeni silahları sınaqdan keçirdiyi poliqonlara yaxın idi:

«Sözsüz ki, Moskvanın israrı ilə baza bağlanır və bu, Rusiya-Amerika münasibətlərini korlayacaq. Çoxları düşünürdü ki, Vaşinqtonda yeni administrasiyanın gəlməsiylə Moskvanın Vaşinqtonla münasibətləri düzələcək. Amma görünən odur ki, əksinə korlanmaqda davam edəcək».

Rusiya prezidenti Qırğızıstana ehtiyacı olan pulu verəcəklərini vəd edib
Amma «Jane's Defense Weekly» dərgisindən Tim Ripli Moskvanın məhz «Manas» bazası məsələsində Amerika və ya NATO-ya qarşı olduğuna inanmaq istəmir. Çünki Riplinin fikrincə, Rusiya özü Orta Asiya, Çeçenistan və Əfqanıstandan gələ biləcək islam yaraqlıları təhlükəsindən ehtiyat edir və bu bazaya qarşı çıxmaları inandırıcı görünmür.

Amma Ripli onu da etiraf edir ki, istənilən halda «Manas» hərbi hava bazasının bağlanması Əfqanıstandakı NATO qoşunları üçün çox ciddi problem yaradacaq.

Çünki belədə Əfqanıstana təchizatın əksər hissəsi Rusiya üzərindən Kabul yaxınlığındakı «Bagram» aviabazasına çatdırılmalı olacaq. Pakistanın şimalından gələn quru yol tez-tez atəşə tutulduğundan təhlükəlidir. Pakistanın Kəraçi limanından Kabula gedən yollar da həmçinin. Məhz bütün bu amillər üzündən NATO öz qoşunlarının təchizatını əsasən Orta Asiya üzərindən «Manas»la həyata keçirirdi. Və qırğızların da buna görə, daha çox pul istəməsi başadüşüləndir.

Kurmanbek Bakiyevə zaman-zaman narahatlıqlar yaradan Qırğızıstan müxalifəti isə açıq şəkildə «Manas»ın bağlanmasına etiraz edir. Qırğızıstan Təhlükəsizlik Şurasının keçmiş katibi Miroslav Niyazovun fikrincə, Amerika hərbi bazasının bağlanması Qərb investisiyalarının da ölkədən getməsinə səbəb olacaq. Çünki «Manas» Qırğızıstanı təkcə radikal islam və ya terror təhlükəsindən qorumurdu, həm də bir investisiya və sabitlik təminatıydı.
XS
SM
MD
LG