Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:32

Qızqaçırma adam oğurluğudurmu?


-

Azərbaycanın qərb bölgəsindəki şəhərlərin birində məhkəmə gedir. Şüşə qəfəsdə 20-24 yaşlı dörd gənc var.

Prokuror maddəni açıqlayır: Gənclər Azərbaycan Cinayət Məcəlləsinin 144-cü maddəsinə görə, adam oğurluğunda təqsirləndirilirlər. Gənclər xorla etiraz edirlər: “Biz adam oğurlamadıq, qız qaçırdıq, axı...”.

O gənclərdən birinin anası - Lətifə Əliyeva (adlar şərtidir - məhkəmə prosesi bitmədiyindən nə o, nə də təqsirləndirilən şəxslər adlarının mediada açıqlanmasını istəmirlər) əhvalatı AzadlıqRadiosuna danışır:

“6-7 ay əvvəl, axşam eşitdik ki, oğlumla dostları başqa bir dostları Əliyə qız qaçırıblar. Bizim rayonda hər gün qız qaçırırlar, yəni görünməmiş, eşidilməmiş hadisə deyil. Qızı aparıb bir qohumun evinə qoyublar. Amma qızın yaxınları gəlib dava salıblar ki, uşağımızı qaytarın.

Qaytarmayanda da polisə şikayət ediblər. Qızqaçırmada iştirak edən hər kəsi, o cümlədən oğlumu da tutdular. İndi hamısı adam oğurluğunda ittiham olunurlar. Oğlum evlidi, körpəsi var, elə digər dostu da evlidi. Vəkil deyir ki, bu maddənin işi ağırdı və onlar 5 ildən 12 ilədək həbs cəzası ala bilərlər”.

“Dədə-babadan qız qaçırıblar...”

Lətifə Əliyeva çarəsiz qalıb, axı ortada cinayət əməli kimi tövsif edilən fakt var. Dediyinə görə, oğlanın niyyəti qızla evlənmək olub: “A başına dönüm, dədə-babadan qız qaçırıblar, ya qızını geri qaytaran olub, ya da deyiblər “Allah xoşbəxt etsin”. İndi heç nədən bizim uşaqlar niyə türmələrdə çürüsünlər?”.

Azərbaycan qanunvericiliyi qızı evlənmək məqsədilə qaçırma halını da cinayət sayır. 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəlləsində qadını evlənmək məqsədilə oğurlayanlara (129-cu maddə) 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdu. Eyni hərəkətlər yetkinlik yaşına çatmayan şəxs barəsində edilərdisə, həbs müddəti 5 il də ola bilərdi.

2014-cü il boyunca Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə 24 cinayət işi başlanıb və 41 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Həmin cinayətlərin 20-si qadınla evlənmək məqsədilə 35 şəxs tərəfindən törədilib.

Amma 2000-ci il sentyabrın 1-dən bəri qüvvəyə minən yeni Cinayət Məcəlləsində bu əməl adam oğurluğu kimi tanınıb. Amma 144-cü maddənin tərkibindəki bəndlərdə “qızqaçırma” sözü yoxdur və ittiham olunanları 5 ildən 12 ilədək həbs gözləyir. Eyni əməllər yetkinlik yaşına çatmamış şəxsə qarşı törədildikdə həbs cəzası 15 ilədək yüksəldilə bilər.

Yerli mətbuat rəsmi statistikaya istinadən yazır ki, 2008-ci ildə 18 qız zorla qaçırılıb. 2013-cü ildə isə 18 qızqaçırma faktı aşkarlanıb. Modern.az Daxili İşlər Nazilriyinə istinadən xəbər veir ki, “2014-cü il boyunca Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə 24 cinayət işi başlanıb və 41 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Həmin cinayətlərin 20-si qadınla evlənmək məqsədilə 35 şəxs tərəfindən törədilib”.

Əməllə niyyət arasında fərq

Vəkil Zabil Qəhrəmanovun fikrincə, qizqaçırmanı adam oğurluğu ilə eyniləşdirmək düzgün deyil: “Demirəm ki, bu işə görə hər hansı cəza olmasın, amma əməllə niyyət arasında fərq var. Qızqaçırmada niyyət evlənməkdir, adam oğurluğunda isə maddi qazanc güdülür. Düzdür, nikah könüllü, qarşılıqlı razılaşma arasında baş verir və kimisə zorla evlənməyə məcbur etmək cəzaya layiqdir. Amma bundan ötrü 5-12 il, azyaşlı halındasa 10-15 il iş verilməsi çox sərt cəzadır”.

“Filmlərimiz, tamaşalarımız qızqaçırma ilə zəngindir”

Azərbaycan tamaşaları, filmləri qızqaçırma epizodları ilə zəngindir və bu, az qala, normal qarşılanır. Bir tərəfdən bu əməli cəzalandırırıq, digər tərəfdən televiziyalarda, filmlərdə təbliğ edirik.

Vəkil deyir ki, azərbaycanlının düşüncəsində qızqaçırma cinayət əməli kimi qavranılmır: “Azərbaycan tamaşaları, filmləri qızqaçırma epizodları ilə zəngindir və bu, az qala, normal qarşılanır. Bir tərəfdən bu əməli cəzalandırırıq, digər tərəfdən televiziyalarda, filmlərdə təbliğ edirik.

Adamlar adətən, qanundan daha az xəbərdar olurlar, nəinki filmlərdən, televerilişlərdən. Gəlin baxaq, bu ittihamla kimlər həbsə girir? Ən çox 20-25 yaşlı gənclər. Onlar gəncliyinin ən gözəl çağlarını həbsxanada keçirəcəklər. Bir neçə işə çıxmışam, keçmiş məhbuslar olub, azadlığa çıxıb, cinayət törədib. Yəni həbsxana islah etmir. Bu gənclər də həbsxanadan kim olub çıxacaqlar? Bunu düşünməyimiz lazımdır”.

Zabil Qəhrəmanov deyir ki, 144-cü maddədə adam oğurluğunun konkret tipi açıqlanmır: “Orda göstərilməyib ki, qızqaçırma bura aiddir, ya yox. Ordan bilinmir ki, adamı oğurlayib qarşılığında pul istənilməsimi nəzərdə tutulur? Yəni bu maddə keyfiyyətsiz tərtib olunub. Fikrimcə, həmin maddənin tərtibinə yenidən baxılmalıdır və qızqaçırma adam oğurluğundan çıxarılmalıdır”.

Vəkil düşünür ki, bu əmələ sərt cəza nəzərdə tutmaqdansa, məktəblərdə, ictimai yerlərdə güclü təbliğat aparmaq lazımdır. Gənclərə demək lazımdır ki. zorakı yolla kimisə nikaha məcbur etməyin. Qısası, qızqaçırmanın cinayət əməli olması dərk edilməlidir.

Məhkəmə davam edir. Prokuror 4 gəncə iş istəyir: Üst-üstə 26 il. Hakim bir azdan hökmü elan edəcək...

XS
SM
MD
LG