Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:55

«Acı bir haldır ki, Azərbaycan qadınları başını bağlayır, özlərini dinə həsr edirlər»


Nuridə Atəşi
Nuridə Atəşi
-
“Yaponların gözəl bir atalar sözü var, onlar deyirlər ki, insan məşğul olmağa heç nə tapmayanda dinlə məşğul olur”.

“İnanırsınız, Almaniyada sığınacaq almaq üçün saxta sənədlər düzəldirlər ki, məni ölkəmdə sıxışdırırlar, öldürürlər, asırlar, kəsirlər, həbsxanaya atırlar”.



Almaniyada yaşayan azərbaycanlı şairə, araşdırmaçı Nuridə Atəşi ilə müsahibə


- Nuridə xanım, sizin adınız çəkiləndə qeyri-ixtiyarı “Qafqaz Amazonları” mövzusu yada düşür. Bu haqda nisbətən çox danışırsınız, yazırsınız, halbuki biz sizi daha çox şairə kimi tanıyırdıq.

- Doğrudur, elə tanıyırlar, amma mən o imici dəyişdirməyə çalışıram. Ömrüm boyu şairə olaraq qalacağam, bununla belə bir müddət əvvəl ixtisasımı dəyişib arxeoloq olmağı qərara aldım. İndi mən tunc dövrünün qafqazşünas tarixçisiyəm. Çünki, mənim yaşadığım Almaniyada demək olar ki, qafqazşünas yoxdur, özü də tunc dövrü üzrə qafqazşünas. Mən o boşluğu doldurmaq istəyirəm. Soruşa bilərsən ki, bəs bu günə qədər şair idin, indi nə oldu. Cavab verərəm ki, bizim indi şairdən daha çox tarixçiyə ehtiyacımız var, indi tariximiz bərabad gündədir. Ona görə daha çox tarixlə məşğulam.

- Siz tarixlə bağlı araşdırma aparırsınız. Sizcə, bu günkü Azərbaycan cəmiyyətinin amazonlardan daha mühüm problemləri yoxdurmu? Axı siz tarixlə Azərbaycan cəmiyyətinə yararlı olmaq üçün məşğul olursunuz.
Nuridə Atəşi gənc yaşında
Nuridə Atəşi gənc yaşında

- Hə, əlbəttə, Azərbaycanın problemləri çoxdur. Mən xaricdən bu problemləri daha çox görürəm, hansı daha böyük boşluqdursa, o boşluğu doldurmaq istəyirəm. Mənə elə gəlir şair kimi artıq öz sözümü demişəm. Jurnalistikada da öz sözümü demişəm. İndi görürəm ki, Azərbaycanın tarixi, arxeologiyası bərbad gündədir. Tariximizdə çoxlu təhriflər, saxtalaşdırmalar var.

- Məncə, o təhriflər azərbaycanlılar tərəfindən, indiki ideologiyanın xeyrinə də edilib. Tutaq ki, elə yaxın keçmişdə Naxçıvanda erməni xaçkarlarını dağıtmışdılar, ya da ölkə boyu bəzi erməni kilsələrini alban kilsələrinə çevirmişdilər.

- Bu təhrifdir? Əksinə, o kilsələr erməni kilsələri olmazdan əvvəl alban kilsələri olub. Ermənilər onları saxtalaşdırıblar. Götürək Alban əlifbasını, bu əlifba qarqar əlifbasının əsasında yaradılıb, ermənilərsə o əlifbanı götürüb özününküləşdiriblər. İndi həmin alban yazıları Sinay dağından tapılıb. Həmin yazıları böyük gürcü albanşünası Zaza Aleksidze tapıb çıxarıb. Alban tarixi heç bir zaman erməni tarixi olmayıb.

- Çoxlu şübhəli məqamlar var ki, bir tarixçi axtarıram, mənə izah etsin. Biz Wikipediada başqa dillərdə oxuyuruq ki, albanlar Qafqazın ən qədim xalqıdır. Bizim tarixçilərsə deyir ki, xristian albanlar bizim əcdadlarımızıdır, sonra deyirlər biz oğuzlardan törəmişik. İndi heç vaxt xristian olmamış və Qafqaza gəliş tarixləri elə də qədimə getməyən oğuzlarlamı, yoxsa buranın yerli əhalisi albanlarlamı qohumuq? Aydındır ki, hər ikisi ilə eyni zamanda ola bilmərik.

- Mən erməni və azərbaycanlı milliyyətçilərinin Wikipediada yazdıqlarını ciddi qəbul etmirəm. Milliyyətçilik elmin ən böyük düşmənidir. Mən tarixi beş dildə araşdırıram. Ona görə nəyin doğru, nəyin yanlış olduğunu özüm ortaya çıxardıram. Təqribən səkkiz ildir tarixlə məşğulam. İnanıram ki, mənim tarixdə söylədiyim fikirlər dünya elmində ciddi qəbul olunacaq. Mən tam təhrifsiz tarix yazmağa çalışıram, tarixdəki saxtalaşdırmaları ortaya qoymaq istəyirəm.

- Bizim tarix kitablarımız çoxlu belə bir-biri ilə uyuşmayan, məntiqə zidd faktlarla doludur. İndiyədək bircə vicdanlı tarixçi də olmayıbmı ki, hər şeyin əslində necə olduğunu bizə çatdırsın?
Nuridə Atəşi
Nuridə Atəşi

- Bilirsiniz, müasir dövrdə Azərbaycanın tarixi ilə bağlı ilk dəfə tədqiqat aparanlar və tariximiz haqda yazanlar 19-cu əsrin sonlarında “Siemens” şirkətinin tərkibində qızıl, daş-qaş, xəzinə arxasınca Azərbaycana gələn almanlar olublar. Onlar əslində heç tarixçi olmayıblar, qeyri-peşəkarlar olublar. Onların məqsədləri yalnız pul qazanmaq, burdan qazıb çıxartdıqları qədim əşyaları, daş-qaşları Almaniyada satmaq olub. Buraların tarixini necə istəyiblər, eləcə də yazıblar. Ruslar da almanların Qafqaz haqqında yazdıqlarını öz bildikləri ilə qarşılaşdırıb başqa bir tezisdə yazıblar. Azərbaycanlılar isə orijinal mənbəni bilmədikləri üçün rusların yazdıqlarından kiçik sitatlar kimi istifadə edərək yazıblar.

Gədəbəydə “Siemens” zavodu işləyən vaxt Azərbaycana çoxlu almanlar gəliblər, onlar burda min illik qəbirlər qazıblar və illər boyu Almaniyaya daşıyıb satıblar. Bura gələn almanların yerli əhalidən dostluq etdikləri də ancaq ermənilər olub. Ermənilər onlara təsir edib. Nəticədə Qarabağda, Gədəbəydəki alban kilsələrini, qədim alban qəbirlərini, tarixi abidələri ermənilərin adına çıxıblar. On illərlə Almaniyanın tarixində etibarlı mənbələr kimi işlədilən saxtalaşdırılmış tarixi kitablar yazıblar.

- Almanları belə saxtalaşdırmaya sövq edən nə idi? Biz almanları dürüst bir xalq kimi bilirdik.

- Məsələ ordadır ki, onlar Hind-Arilərinin soylarını axtarırdılar. Almanlar özlərini də arilər hesab edirlər. O vaxt belə bir şayiə yayılmışdı ki, hind-arilərin əcdadları ermənilərdir. Ona görə də onlar ermənilərlə yaxından maraqlanırdılar, Gədəbəydə, Qarabağda qarşılaşdıqları erməniləri buranın yerlisi hesab edirdilər. 1999-cu ildə isə azərbaycanlılar almanların Qalakənddəki (Gədəbəydə kənddir –N.H) qazıntılar haqda kitablarını orijinaldan tərcümə ediblər, ancaq həmin kitabda erməni kimi göstərilənləri dəyişdirib azərbaycanlı yazıblar. Almanca yazılan bu saxta kitab yerində qalsa da, azərbaycanlılar heç bir açıqlama, izah vermədən kitabı çevirib ancaq erməni ilə bağllı hər şeyi çıxardıblar. Bu, əslində Azərbaycan elmini aldatmaqdır. Daha sonra ruslar da almanların bu kitabı əsasında üçüncü bir kitab yazıblar ki, bu da saxtadır.

- Maraqlıdır, almanların bizim tarixə marağı hardan idi, bura ekspedisiyaları kimlər təşkil edirdi?

- Ekspedisiyaların sifarişçisi məşhur alman antropoloqu Rodolf Virxov olub. O, “Siemens” şirkətinin sahibi Verner fon Siemenslə dost idi. Bu 1865-ci ildən sonra olub. 1867-ci ildə Siemenslər Gədəbəydə zavod tikərkən qazdıqları həyətyanı sahələrdə çoxlu qəbirlər, daş-qaşlar çıxırdı. Fəhlələr tapdıqları əşyaları gətirib zavodun direktoruna bağışlayır, direktor isə onları Berlindəki dostu Rodolf Virxova hədiyyə kimi göndərir. Rodolf Virxov bunların çox qiymətli materiallar olduğunu görəndə iş üçün pul ayırır və tapşırır ki, orda qazıntılar aparsınlar. Bundan sonra Azərbaycana çoxlu sayda adamlar gəlir. Mən əvvəl elə bilirdim bu qazıntılar təkcə Virxovun kolleksiyası üçün aparılıb. Sonradan öyrəndim ki, Berlində başqa iki belə kolleksiya da var ki, bunlardan biri Korthausa, digəri Qraf fon Şvaynsa məxsusdur. Onlardan biri bu qazıntıları şəxsi kolleksiyası üçün, digəri isə satmaq üçün aparırmış.
Yunanların amazonlara qarşı döyüşü
Yunanların amazonlara qarşı döyüşü

- Sizin “Qafqaz amazonları” haqda tədqiqatlarınızla tanış olanda nədənsə qəhrəmanlıqla dolu keçmişi ilə fəxr edən kiçik xalqlar yada düşür. Demək olar, hər xalqın, keçmişində qadın qəhrəmanlarla bağlı miflər var. Sizcə “Qafqaz amazonları” da bir növ kiçik xalqların fəxr etmək mövzusu deyilmi?

- Qətiyyən belə deyil. Əvvəla, bu çox böyük tarixdir. Çünki Herodot, Strabon amazonların Qafqaz dağlarında yaşadığını yazır. Onlar qarqarlarla qonşu idilər, gellərlə leklərin arasında yaşayırdılar. Gellər və leklər bizim indiki torpaqlarımızda yaşayıblar. İndiyə kimi, heç bir avropalı, amerikalı alim Qafqaza gəlib amazonları araşdırmayıb. Mənsə düz 18 ildir ki, Qafqaz amazonlarını araşdırıram. Bu haqda bütün mifləri, tarixi məlumatları oxumuşam. Sırf beş ildir arxeoloji qazıntılar əsasında onları araşdırıram. Gələn ilin sentyabr ayında isə Bakıda onlar haqda sərgi açılacaq. Amazonların həyat tərzini əks etdirən beş yüzə yaxın eksponat toplamışam. Onların yaşadığı yerlərdən biri Qobustan olub. Biz orda döyüşçü qadınların qayaüstü rəsmlərinə rast gəlirik. Bundan əlavə yalnız Azərbaycanda deyil, bütünlükdə şimalı Qafqazda otuza qədər döyüşçü qadın qəbirləri aşkarlanıb.

- Axı biz tarixdə anaxaqanlıq dövrünün varlığından xəbərdarıq. O dövrdə hakimiyyət, silah qadının əlində idi.

- Anaxaqanlığın varlığı çoxdandır dünya elmində qəbul olunmur. Avropa alimləri buna ciddi yanaşmır. Qadınların hakimiyyəti dünyada təkcə Azərbaycanda olub, yunanlar bu haqda eramızdan əvvəl yeddinci əsrdə eşidiblər, Homer bu haqda yazıb, Makedoniyalı İsgəndər Azərbaycana gələndə burda amazonların başçısı Talestrit ilə görüşüb. Nizami əsərində onu Nüşabə adlandırır, əslində isə o, tarixdə İsgəndərin Qafqaza səfəri zamanı buranın qadın hökmdarı olan Talestritdir.

- Çox maraqlıdır, amazonların soyundan olan bugünkü Azərbaycan qadınları görəsən onlarla niyə səsləşmir? Bəlkə sizin üçün feminist hisslərinizi ortaya qoymağa şüuraltı səbəbdir? Bu gün bizdəki qadınlar tez yaşda ərə gedirlər, mütidirlər. Axı genetik olaraq qadınlarımız amazonlara bənzəməliydi.
Nuridə Atəşi Azadlıq Radiosunun Bakı bürosunda, 2011
Nuridə Atəşi Azadlıq Radiosunun Bakı bürosunda, 2011

- Genetik olaraq amazonlara bənzəyən qadınlarımız çoxdur. Amma sizin söylədiklərinizdə də həqiqət var. Bizim qadınlar tarixlərini yaxşı tanımırlar, keçmişlərini bilmirlər. İstəyirəm təşkil etdiyim “Qafqaz amazonları” sərgisindən çıxan qadınlarımız hamısı özlərini amazon kimi hiss etsin. O ki qaldı feminizmə, mən ondan çox-çox uzağam. Əlbəttə ki, mən də Azərbaycan qadını kimi əzilmişəm, müti olmuşam, bəlkə də bu mənə stimul verən səbəblərdən biriydi ki, Azərbaycan qadınının əsl kimliyini ortaya qoyum. Mənim ömrüm boyu məqsədim, bütün səylərim onun üçün olub ki, Azərbaycan qadınını güclü edim, ona özünü tanıtdırım, keçmişini tanıtdırım, onu kişilərin boyunduruğu altında əzilməkdən azad edim.

Acı bir haldır ki, son illər İrandan, Türkiyədən güclü İslam dalğası gəlir. Azərbaycan qadınları başını bağlayır, özlərini tamam dinə həsr edirlər. Yaponların gözəl bir atalar sözü var, onlar deyirlər ki, insan məşğul olmağa heç nə tapmayanda dinlə məşğul olur.

- Bizdə feminist yazarlar bakirəlik qadağasının aradan götürülməsini, vətəndaş nikahını, evlilik üçün kişini özlərinin seçməsini tələb edirlər. Onlar zorla ərə verilməyə qarşı çıxış edirlər. Sizcə, bu münasibətlər necə tənzimlənməlidir?

- Biz müsəlman ölkəsiyik, adət-ənənələrimiz, gələnəklərimiz var. Mənə elə gəlir, onları birdən-birə qırıb atmaq, cəmiyyətin üzünə şillə kimi çırpmaq mümkün deyil. Vaxtilə o tabulara mən də qarşı çıxdım, mən də üsyanlar etdim, amma bunu hər qadın bacarmır. Fikrimcə, bu tabuların aradan götürülməsi qadınlara heç də vəd olunan azadlığı verməz. Çox qadınlar azadlığın nə olduğunu başa düşmürlər. Elə bilirlər, azadlıq elə istədiyin kişi ilə birlikdə olmaq, istədiyin kimi geyinməkdir. Xeyr, azadlıq birinci növbədə beyində başlamalıdır, azad düşünməyi, yazmağı bacarmalısan.

- Siz ki Almaniyada yaşayırsınız, yəqin oranın mətbuatından bilirsiniz ki, Azərbaycanda insanların azad şəkildə istədiyini demək, yazmaq imkanları hökümət tərəfindən məhdudlaşdırılır.

- Xeyr, bununla razı deyiləm. Mən necə yazdım, necə etiraz etdim? Mənə hökümətin heç bir qadağası olmayıb.

- Siz amazonlarla bağlı yazırsınız, halbuki ölkədəki hüquq pozuntuları, siyasi məhbuslar mövzusunda yazmaq daha təhlükəlidir. Elə sizin yaşadığınız Almaniyada xeyli azərbaycanlı siyasi mühacir yaşayır. Çünki, nə isə yazıblar, deyiblər təqiblərlə üzləşiblər.

- Mühacirlərin çoxu bunu Almaniyaya getmək üçün edir. İnanırsınız, sığınacaq almaq üçün saxta sənədlər düzəldirlər ki, məni ölkəmdə sıxışdırırlar, öldürürlər, asırlar, kəsirlər, həbsxanaya atırlar.

- Hər halda ölkədə həyat şəraiti yaxşı olsaydı, adamlar niyə birdən-birə sənədlər hazırlasınlar, sığınacaq almaq üçün müraciət etsinlər?

- Mənə elə gəlir ki, işləmək istəyən, yenilik etmək istəyən burda da edə bilər. İstədiyini də yaza bilər, deyə bilər, etirazını da eləyə bilər.

- Bilirsiniz, bu yaxınlarda Almaniyada Emin Millinin başçılığı ilə “Meydan TV” adlı bir mühacir televiziyası açıldı. Sizin Almaniyada yaşayan mühacir azərbaycanlılarla münasibətləriniz var?

- Orda yaşayan azərbaycanlı ziyalılarla münasibətlərim çox yaxşıdır. Əsas da sənətkarlarla, gənc jurnalistlərlə əlaqələrim var. Emin Milliyə böyük hörmətim var.

Mən indi diaspora məsələlərindən tamam uzaqlaşmışam. Orda oturub milliyyətçilik etmək doğru deyil, əgər sən Almaniyada yaşayırsansa bu ölkənin tarixində, mədəniyyətində bir yenilik etməyə çalışmalısan. Həmçinin öz mədəniyyətini də təbliğ etməlisən.

- Bəs Azərbaycanın demokratik quruluşu, ölkədəki insan haqları üçün nələr edirsiniz? Orda sizin bu sahədə imkanlarınız daha çoxdur.

- Mən Azərbaycanda demokratiya üçün də çox işlər görürəm. Məsələn, Azərbaycanda “Avrovijn” yarışması keçirilərkən, Almaniyanın xarici işlər nazirliyində böyük bir tədbir keçirdim, “Avrovijn”dən bir gün öncə Almaniyanın dövlət kanalına Azərbaycandan jurnalistlər çağırdım. Onlar bir saatlıq müsahibə verdilər, Azərbaycanla bağlı danışdılar. Biz Azərbaycanı göstəririk, sözümüzü də deyirik. Amma şantaj eləmirik, yalandan qışqır-bağır salmırıq. Faktlarla danışırıq.
XS
SM
MD
LG