Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:53

Əsl müsəlman toyu necə olmalıdır?


Azərbaycanda yas mərasimlərinin İslama və milli adətlərə uyğunluğu indi daha çox gündəmdədir. Bəs toylar?

-

Son günlər Dini qrumlarla Dövlət Komitəsinin tpvsiyyələri ilə yerlərdəki yas mərasimlərində verilən ehsanlar daha çox medianın gündəminə gəlir. Bəs Azərbaycan toyları necə? İslama və milli adət-ənənəyə uyğundurmu?

İslam qaydalarına görə, toylar necə olmalıdırlar? Əsl müsəlmanlar evlənəndə hansı formada şənlik etməlidirlər? İslama görə toylar Azərbaycanın toy adətlərindən nə ilə fərqlənir? Doğrudanmı, dini toylarda çalğı və rəqs qadağandır?

Kənan Rövşənoğlu

"HƏZRƏT ƏLİ VƏ HƏZRƏTİ FATİMƏNİN TOYU - MÜSƏLMANA NÜMUNƏ"

"İslam və Demokratiya" radiodebatlarının qonağı olan İslamşünas yazar Kənan Rövşənoğlu deyir ki, müsəlmanlar toy edərkən nümunə kimi Həzrət Əli ilə Həzrəti Fatimənin toy mərasimi götürürlər:

Həzrət Əlinin toyu müsəlmanlar üçün nümunədir

”Orda elçiliyi Həzrəti Əleyhüssəlam özü eləyir, atasından qızı istəyir. Toy mərasimi də çox sadə keçir. Çox kasıb olan Həzrəti Əli döyüşlərdən əldə etdiyi zirehi satıb toy edir. Bu mərasimdə çalğı olmayıb, qadınlar və kişilərin məclisi təbii ki, ayrı olub”.

İslamşünas bildirir ki, toyla bağlı əsas tövsiyələrdən biri odur ki, mərasim sadə olsun, mehriyyə məbləği az qoyulsun. Ümumilikdə isə müsəlmanlar şəriət qaydalarına diqqət edirlər.

TOYDA HANSI MUSİQİ OLAR?

“Şəriət musiqiyə icazə verir. Amma elə musiqi ki, insanda şəhvət hissləri doğurmasın, insanı harama cəlb etməsin. Hətta bəzi alimlər rəqsi də qəbul edirlər, deyirlər ki, qadınlar qadın qarşısında rəqs edə bilə. Amma yenə də gərək o rəqslər İslamın qadağan etdiyi şahvani hissləri doğurmasın”.

"MİLLİ TOY MUSİQİSİZ OLURMU?"

Tarix elmləri namizədi, etnoqraf Esmira Cavadova isə Azərbaycanın zəngin toy adət-ənənələrindən danışır. Deyir ki, çalğısız, musiqisiz keçən mərasimə toy demək olmaz:

“Hələ qədim dövrlərdən Azərbaycanda keçirilən toylara xüsusi musiqiçilər çağırılıb. Qarabağ zonasındakı toylara xüsusi xanəndələr dəvət edilib. Pulu olmayan yoxsul ailələrdə isə zurna-balaban, nağaraynan toyu yola veriblər. Amma toylar heç bir halda musiqisiz keçməyib”.

Esmira Cavadova

Sadəliyə gəlincə, keçmişdə 40 gün 40 gecə toy ediblər. Sonra bu müddət 7 gün-7 gecə olub. Toyun müddəti daha sonra 3 gün və nəhayət 1 günə düşüb. Lakin İslam tələblərində olduğu kimi qədimdə Azərbaycanda da kişilər və qadınların toy məclisi ayrılıqda olub. Müasir dövrdə isə bu tələblər unudulub.

E.Cavadova söyləyir ki, qədim dövrdə gəlinin cihazları siyahısının başında Quranın adı yazılıbmış. Bu adət indi də qalıb. Amma İslam tələbi olan mehr indi verilmir.

DƏRVİŞ TOYLARI MÜSƏLMAN TOYU DEYİL?

Kənan Rövşənoğlu hazırda Azərbaycanda dəbdə olan dərviş toylarının əsl müsəlman toyundan fərqli olduğunu deyir. Onun sözlərinə görə, bu məclislər daha çox sufilərə bağlıdır:

“Dərviş toyunun qaydaları daha sərtdir, daha dindar toyudur. Fərq ondadır ki, dərviş toyunda musiqi olmur, ancaq qaval səslənir, Peyğəmbərə və əhli-beytinə mədhiyyələr söylənilir. Hətta dərviş toylarına gedən musiqiçilər də fərqlənir. Məsələn, “Əhli-Beyt” qrupu özlərini dərviş hesab edirlər. Bəzi qruplar isə yalnız dini mahnılar oxuyur”.

Bir neçə dərviş toyunda olan etnoqraf Esmira Cavadova deyir ki, belə mərasimlərdə qonaqları əyləndirmək üçün müxtəlif oyunlar, gözbağlıcalar təşkil olunur, fala baxılır:

“İndi bizim müasir toylarımızda çox atdanıb-düşürlər. Görün, dini toylarda bunu etmək olarmı? Həm də indiki toylarda çox israfçılığa yol verilir. O qədər yemək olur ki, bunları yemək sağlamlığa xeyir gətirməz”.

DİNİ TOYLARDA MENYU

Kənan Rövşənoğlu deyir ki, müasir toylarda İslamın əsas tələbi olan sadəliyə əməl olunmur:

“Qurani-Kərim deyir ki, yeyin-için, amma israf etməyin. Amma Bakıda keçirilən dini toyların süfrəsi digərlərindən fərqlənmir. Menyu olduğu kimi qalır, təbii, içki çıxarılmaq şərtilə. Hamımız eyni cəmiyyətin nümayəndələrik. Heç kim istəmir ki, başqasından geri qalsın. Bunu isə islamiyyətə dəxli yoxdur”.

İslamşünas da təsdiqləyir ki, bəzi toylara gələn qonaqlar ev sahibinin mömin olmasına rəğmən, özləri ilə içki götürürlər. K.Rövşənoğlu bunu toy yiyəsinin hisslərinə hörmətsizlik sayır.

SƏN NƏ DEYİRSƏN?

- Azərbaycandakı yas mərasimlərinə göstərilən diqqət və qadağalar, toylara da aid olunmalıdırmı?

- Bugünkü toylar milli adət ya İslama uyğundurmu, və ümumiyyətlə olmalıdırmı?

- Müsəlman toyu haqda müzakirədə deyilən fikirlərlə razısınızmı?

XS
SM
MD
LG