Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:44

«İlham Əliyev heç vaxt dialoq aparmayıb»


AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

-

PAYTAXTDA MƏNZİLLƏRİN QİYMƏTİ NİYƏ UCUZLAŞMIR?

«Yeni Müsavat»: Paytaxt Bakıda evlərin və torpağın qiymətində vaxtaşırı artım müşahidə edilir. Qiymət artımlarının davam etməsinin iqtisadi əsası olmadığı göstərilir. Ekspertlər bildirirlər ki, hökumət qiymətləri tənzimləyə bilər, amma yaxın illərdə qiymət enməsi mümkün deyil. İqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, may ayında evlərin qiymətində azalma müşahidə edilib. Ancaq bu, əvvəlki aya - aprelə nisbətən olan rəqəmlərdir. Ümumilikdə ötən ilin mayı ilə müqayisədə bu il qiymətlər on faizə yaxın artıb: «Faktiki olaraq əvvəlki illə müqayisədə qiymət artımları davam etməkdədir. Ən çox müzakirə olunan məsələlərdən biri elə qiymətlərin azalma imkanının olub-olmaması ilə bağlıdır. İndiki halda Bakıda mənzillərin qiymətinin aşağı düşməsi mümkün deyil. Nəzərə alsaq ki, neft ölkələrinin əksəriyyətində bu cür planlar var, bu ölkələrdə mənzillərin və daşınmaz əmlakın qiyməti yüksək olur. Çünki dövriyyədə kifayət qədər neft pulları olur. Bu da daşınmaz əmlaka süni şəkildə tələbat formalaşmasına gətirib çıxarır».

«İLHAM ƏLİYEVİN BƏYANATLARI AÇIQ YALANDIR»

«Azərbaycanın dövlət başçısı bütün Avropa auditoriyasına tənqidə dözümlü olmadığını nümayiş etdirdi». Bunu AXCP sədri Əli Kərimli «Obyektiv» internet televiziyasına (www.obyektiv.tv) müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycanda korrupsiyanın çox inkişaf etdiyi, ölkədə 130-a qədər siyasi məhbusun olduğu, seçkilərin saxtalaşdırıldığı bütün dünyanın bildiyi məlumatdır. «Amma bu barədə İlham Əliyevə suallar veriləndə reaksiyası olduqca sərt oldu. Çünki Azərbaycanın dövlət başçısı hakimiyyətdə olduğu on ildən artıq müddətdə heç vaxt hər-hansı siyasi polemikanın iştirakçısı olmayıb. O, yalnız monoloqlar edib, heç vaxt dialoq aparmayıb, heç zaman ölkə jurnalistlərinin suallarına cavab verməyib, müxalifətlə hər-hansı bir dəyirmi masa arxasında müzakirələr aparmayıb», deyə Kərimli qeyd edib.

KƏMALƏ BƏNƏNYARLI: «SAXTA ŞAHİDLƏR TAPIBLAR»

İşgəncəyə məruz qaldığını bildirən AXCP üzvü Kəmalə Bənənyarlı bu iddiasının hüquqi müstəvidə tanınması üçün mübarizəni davam etdirəcəyini vurğulayır. Kəmalə Bənənyarlı mayın 6-da həbsdə olan bir qrup «NİDA» fəalına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında saxlanaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıb və dediyinə görə, burada ona işgəncə verilib. Onun şikayəti Nəsimi Rayon Prokurorluğunda da araşdırılıb. Prokurorluq işgəncə faktını təsdiqləməyib, buna görə şikayətçinin cinayət işinə başlanması tələbini rədd edib. İyunun 25-də Kəmalə Bənənyarlı «Media forum» saytına bildirib ki, Nəsimi Rayon Prokurorluğunun qərarının ləğv edilməsi üçün yaxın günlərdə Nəsimi Rayon Məhkəməsinə müraciət edəcək: «Yerli instansiyaları keçib Avropa İnsan Hüquqları Məhkəməsinədək gedəcəyik. Prokurorluğun qərarında yazılıb ki, guya mən iyunun 6-da Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında olmamışam, adım qeydiyyat kitabçasında yoxdur. Saxta şahidlər tapıblar ki, guya mən həmin gün Nəsimi polisinin 22-ci bölməsində olmuşam və məni incitməyiblər. Ancaq şahidlərim var və mənə işgəncə verəndə səsimi eşidiblər. Onlar mənə şahidlik etməyə hazırdırlar. Məni polis idarəsində mülki geyimdə olan rütbəli şəxslər döyüb».

AŞPA-DA ERMƏNİ TƏCAVÜZÜNƏ DAİR YENİ SƏNƏD

AzərTAc: Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini ifşa edən yeni sənəd təqdim edilib. AŞPA-dakı Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı həmin sənəddə təcavüzkar Ermənistanın son dövrlərdə atəşkəs rejimini intensiv şəkildə pozması və işğal ərazilərini genişləndirmək istəklərini də gizlətmədiyi göstərilir. Rafael Hüseynov Avropa Şurasını Ermənistana qarşı təcili tədbirlər görməyə çağırır. O, təcavüzkara qarşı dərhal sərt münasibət göstərilməməsinin, cəzasızlıq sindromunun yaranmasının yeni faciələrin törənməsinə təkan verməsini vurğulayır: «İstənilən arzuolunmaz hadisənin baş verməməsinin qarşısının alınması üçün əsas şərt vaxtında atılan addımdır. Zəruri addım gərək olan ilk andaca atılmayanda fəsadlar baş verir, proseslər dərininə inkişaf edir. Bəzən isə belə ləngimə və biganəlikdən yaranan bir presedent daha dəhşətli olan zəncirvari reaksiyaya səbəb olur, yeni-yeni oxşar hadisələr törəyir».

ÖZƏL QƏBİRİSTANLIQ YARADILMASI TƏKLİFİ

Azərbaycanda özəl və bələdiyyə qəbiristanlıqlarının yaradılması təklif edilir. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, Azərbaycanda yalnız qəbiristanlıqlarda torpaq sahəsinin ayrılması deyil, dəfn mərasimlərinin keçirilməsi də çox ciddi məsələyə çevrilir. Bu sahədə müasir təcrübənin öyrənilməsinə ehtiyac olduğunu deyən millət vəkili qeyd edib ki, xüsusilə şəhər yerlərindəki qəbiristanlıqlarda yerlərin çatışmazlığı və oradakı torpaq sahələrinin qeyri-qanuni olaraq baha qiymətə satılması halları var. Bunu həm günah hal, həm də qanun pozuntusu kimi dəyərləndirən M. Quliyevin fikrincə, bunları aradan qaldırmaqdan ötrü alternativ yollar axtarılmalıdır. Alternativ yollardan biri bələdiyyələrin fondunda olan torpaqlardan bələdiyyənin özünün qəbiristanlıq kimi istifadə etməsi, digəri isə özəl qəbiristanlıqların yaradılmasıdır.

MİLLİ ONKOLOGİYA MƏRKƏZİNDƏ HƏR GÜN «TIXACDIR»

«Bizim Yol» qəzeti Milli Onkologiya Mərkəzindən məqalə dərc edib. Yazıda qeyd olunur ki, mərkəzin həyətində belə skamyalarda oturmağa yer yoxdur:

«Bunların əlinə düşməyəsən. Allah eləməmiş xəstələndinsə, vəssalam, evin yıxıldı. Səni soyub, soğana çevirəcəklər. Oğlumu 3 aydır bura gətirib-aparıram. Adi bir qan analizinə 20 manat alırlar. Elə bil həkim yox, dilənçidirlər» - deyir Milli Onkologiya Mərkəzinin Diaqnostika korpusunda onkoloqla görüş üçün növbə gözləyən 23 yaşlı oğlanın anası... «Ümumiyyətlə, Diaqnostika şöbəsinin ikinci mərtəbəsindəki otaqların çoxu onkoloqlara məxsusdur. Və bu otaqların hər birinin qarşısında 15-20 nəfər növbədədir. Hamı əlində analiz cavabı gözləyir. Kimi əsəbi, kimi sakit, kimi də dodağının altında nə isə deyir. Növbədəkilərin hər biri digər xəstələrlə tanış olub öz probleminin onunkundan nə qədər az olduğuna əmin olmağa çalışır».

«AZƏRBAYCANDA MÜBARİZ İBRAHİMOVLARIN SAYI MİNLƏRLƏDİR»

Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, millət vəkili Adil Əliyevin «Qafqazinfo»ya müsahibəsində deyir:

«Biz düşmənin hər dəfə atəşkəsi pozması nəticəsində itki veririksə, buna cavab olaraq düşməni bundan ikiqat itkiyə məruz qoyuruq. Bununla düşmənə anladırıq ki, xoşluqla torpaqlarımızı azad etməsə, onları böyük itkilərə məruz qoyaraq torpaqlarımızı boşaltmağa məcbur edəcəyik. Buna bizim gücümüz də, daxil istəyimiz də var. Səngərdə düşmənlə üz-üzə dayanan hər bir gəncimiz savaşa atılmaq istəyir. Düşmən Mübariz İbrahimovun qəhrəmanlığından dərs götürməlidir. Azərbaycanda Mübariz İbrahimovun qəhrəmanlığını təkrar etmək istəyən gənclərin sayı minlərlədir».

XS
SM
MD
LG