Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:36

«Mən özümü dustaq yox, inzibati terrorun girovu sayıram»


Qənimət Zahid 4 il müddətinə azadlıqdan məhrum edilib
Qənimət Zahid 4 il müddətinə azadlıqdan məhrum edilib
«Mən özümü dustaq yox, inzibati terrorun girovu sayıram». Bu fikir hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin məktubundan götürülüb.

Sentyabrın 21-də Q.Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva onunla görüşüb.

Ayəndə Mürsəliyeva AzadlıqRadiosuna deyir ki, Qənimət Zahid məhkəmənin onun cəzasının çəkilməyən hissəsindən azad edilərək komendaturaya köçürülməsi ilə bağlı müraciəti təmin etməməsinə münasibət bildirib:

- Qənimət məktubunda yazır ki, o, məhkəmənin bu qərarını gözləyirmiş. Baxmayaraq ki, Qənimətin deməsinə görə, onun komendaturaya köçürülməsi bir sıra nüfuzlu QHT rəhbərləri ilə adlarını müəyyən səbəblər üzündən çəkmək istəmədiyi yüksək çinli dövlət məmurları arasında müzakirə edilmişdi. Hətta prezident də bu barədə məlumatlandırılmışdı.

Qənimət Zahidin həmin məhkəmə qərarına münasibətini açıqlayan məktubunda daha sonra yazılır:

- Mən Azərbaycana rəhbərlik edən insanların xırda hisslərin əsiri olmalarını çox gözəl bilirəm. Mənim komendaturaya köçürülməyimin qarşısını alan məhkəmə qərarı həmin xırda hisslərin proyeksiyasından başqa bir şey deyil. Bu məhkəməyə həbsxana rəhbərliyinin təqdim etdiyi xasiyyətnamə nə gerçək vəziyyəti nə də həbsxana rəhbərliyi və oranın əməkdaşlarının rəyini əks etdirir. Mənim həbsxana əməkdaşları ilə çox yaxşı münasibətlərim var. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, dustaqlar arasında müstəsna hörmət sahiblərindən biriyəm. Hər şey çox gözəl görünür. Təəssüf ki, bu ölkə inzibati terrorun vəhşi qanunları ilə idarə edilir.

Q.Zahid sonda da yazır ki, özünü dustaq yox, inzibati terrorun girovu sayır:

- Bütün bunlara baxmayaraq, mən mənə nisbətən azadlıqda olan həmkarlarıma və məsləkdaşlarıma möhkəm irədə, nikbinlik arzulayıram.

Qənimət Zahidin cəzasının çəkilməyən hissəsindən azad edilməsi ilə bağlı məhkəmə sentyabrın 17-də olub. Məhkəmə həbsxana rəhbərliyinin məktubunu dəyərləndirərək Qənimət Zahidin cəzasının qalan hissəsindən azad edilməsindən imtina edib.

Həbsxana rəhbərliyinin rəyində isə deyilirmiş ki, Qənimət Zahid 2008-ci ilin iyun ayında məhkumlar üçün təşkil olunmuş voleybol yarışlarında iştirakdan imtina etməklə həbsxananın rejim qaydalarını pozub.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid xuliqanlıq və qəsdən sağlamlığa az ağır zədə vurma ittihamları ilə 2007-ci il noyabrın 11-də həbs olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG