Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:43

Dustaq jurnalistlər indi nə düşünür?..


Emin Fətullayev və Ayəndə Mürsəliyeva AzadlıqRadiosunda – 22 avqust 2009
Emin Fətullayev və Ayəndə Mürsəliyeva AzadlıqRadiosunda – 22 avqust 2009
«Qənimət Zahid azadlığa çıxandan sonra hakimiyyəti peşman edəcək». Bunu AzadlıqRadiosunun «Panorama» verilişində «Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva deyir. Onun fikrincə, Q.Zahid həbsdə olmadığı müddətdə yazmadıqlarının əvəzini azadlıqda artıqlaması ilə çıxacaq:

«Qənimət hesab edir ki, cəmiyyət siyasi məhbus problemini daim gündəmdə saxlamalıdır. Söz Azadlığının Müdafiəsi Komitəsi formal yox real fəaliyyət göstərməlidir».

A.Mürsəliyeva deyir ki, Qənimət Zahid həbsxanada olsa da, ölkədə baş verən prosesləri yaxından izləyir:

«Adnan Hacızadə və Emin Millini də xüliqanlıq ittihamı ilə həbs etdilər. Görünür, bu ölkədə mübariz insanları şərləmək çox asandır. Qənimət deyir ki, bu, təkcə iki gəncə qarşı yönəlməyib, məqsəd bütün gəncliyi susdurmaqdır».

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayev isə deyir ki, ümidi yalnız Avropa İnsan Haqları Məhkəməsinədir:

«Azərbaycanda Qənimətə də, Eynullaya da qərəzli münasibət var. Mən nə əfv fərmanları, nə də amnistiya aktları ilə onların azadlığa çıxacağını gözləyirəm».

E.Fətullayev deyir ki, əslində, hakimiyyətin siyasəti anlaşılan deyil:

«Bir tərəfdən deyirlər ki, Qarabağ münaqişəsinin həlli qarşılıqlı güzəştlərdən asılıdır. Ancaq «Eurovision» mahnı müsabiqəsində Ermənistan təmsilçisinə səs verən gəncləri MTN-ə çağırırlar. İndi bu məsələləri işıqlandıran KİV orqanları da hədəf seçilib. Bu siyasəti necə başa düşmək olar? İndi xalq diplomatiyasından, qarşılıqlı gediş-gəlişdən danışırlar. Dörd il əvvəl Eynulla Dağlıq Qarabağa getdiyindən, onu az qala vətən xaini sayırdılar. Görünür, yuxarıdan yeni bir komanda alıblar və ona uyğun siyasət yürüdürlər».

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid xuliqanlıqda ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev isə terrora çağırış, vergidən yayınma və mili ədavəti qızışdırmaqda ittiham edilərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG