Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:31

Eynulla Fətullayevin XİN-ə qarşı iddiası təmin edilməyib


Eynulla Fətullayev terrorla hədələmə maddəsi ilə 8 il yarım azadlıqdan məhrum edilib
Eynulla Fətullayev terrorla hədələmə maddəsi ilə 8 il yarım azadlıqdan məhrum edilib
Bakı Apellyasiya Məhkəməsi 8 il yarım azadlıqdan məhrum edilmiş jurnalist Eynulla Fətullayevin vəkili İsaxan Aşurovun Xarici İşlər Nazirliyinə (XİN) qarşı iddiasını təmin etməyib.

Təxminən 3 il əvvəl E.Fətullayev «Realnı Azerbaydjan» qəzetinin internet saytında yerləşdirilən məqaləsində ABŞ-ın İrana hərbi təcavüzü ilə bağlı ehtimallar səsləndirib.

Xarici İşlər naziri Elmar Məmmədyarov isə MTN-ə məktub göndərərək məqalənin Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığını bildirib.

Bu məktub əsasında Eynulla Fətullayev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə terrorla hədələmə maddəsi ilə 8 il yarım azadlıqdan məhrum edilib.

İ.Aşurov E.Məmmədyarovdan jurnalistin yazısından təşvişə düşən xarici ölkə və beynəlxalq qurumların adlarının açıqlanmasını istəyir.

XİN isə iddia edir ki, bununla bağlı açıqlama istintaqa göndərilib. Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə XİN-in nümayəndəsi Ramiz Əliyev vəkilin iddiasının heç bir əsası olmadığını bildirib. Cavabdeh tərəf deyib ki, istintaqda tələb olunan faktlar var.

İsaxan Aşurov isə məhkəmədəki çıxışında XİN-in məsələylə bağlı mövqeyini diplomatik tərzdən kənar adlandırıb. Onun sözlərinə görə, jurnalisti yazdığı yazıya görə, terrorçu adlandırmaq, onu 8 il yarım azadlıqdan məhrum etmək olduqca köhnə metodlardır.

Məhkəmə çıxışında vəkil bildirib ki, heç bir dövlət qurumunun öz vətəndaşı ilə bu tərzdə davranmağa ixtiyarı yoxdur. Onun sözlərinə görə, xüsusən Azərbaycanı beynəlxalq məkanda təmsil edən bir qurumun nə ölkə, nə də beynəlxalq qanunlara əhəmiyyət verməməsi böyük təəssüf doğurur.

İndi İsaxan Aşurov qərardan Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşır:

- XİN-in nə istintaqa, nə də məhkəməyə yolladığı sənədlərdə nə bir xarici ölkə vətəndaşının, nə də Azərbaycanda işləyən xarici qurumun adı yoxdur.

İsaxan Aşurov bu məsələni Avropa İnsan Haqları Məhkəməsinə qədər aparacağını bildirir. Ancaq vəkil Azərbaycanda da jurnalistin həbsinə səbəb olan xarici ölkə vətəndaşlarının və qurumların gerçəkdən olub-olmaması məsələsinə aydınlıq gətirilməsini mümkün sayır və bu yaxınlarda Ali Məhkəmənin başqa bir işlə bağlı çıxardığı qərarı xatırladır:

- Bu yaxınlarda Ali Məhkəmə məni yaxşı mənada təəccübləndirdi. Əmin oldum ki, Ali Məhkəmədə yetərincə hazırlıqlı, peşəkar hakimlər də var. Söhbət yalnız istəkdən gedir. İstərdim ki, qanunlara hörmətlə, savadla yanaşı, həm də bu istək olsun.
XS
SM
MD
LG