Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:49

Mirvari Qəhrəmanlı: «Böhran ilk növbədə neftçilərə dəyib»


Neft şirkətləri işçiləri cəmi bir neçə aylıq müqavilə ilə işə götürür
Neft şirkətləri işçiləri cəmi bir neçə aylıq müqavilə ilə işə götürür
Prezident İlham Əliyev martın 2-də Bərdə və Yevlax rayonlarında səfərdə olarkən dünyada baş verən qlobal maliyyə böhranının Azərbaycana ciddi təsir etmədiyini, xüsusilə büdcədən maaş alanların bu böhranı hiss etmədiklərini deyib.

Amma ekspertlər deyirlər ki, bu bəyanat həqiqətdən bir qədər uzaqdır.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirir ki, böhran ilk növbədə elə neftçilərə dəyib. Onun sözlərinə görə, Dövlət Neft Şirkəti (DNŞ) və digər neft şirkətləri işçiləri cəmi bir neçə aylıq müqavilə ilə işə götürür. Bu, imkan verir ki, istənilən vaxt istənilən qədər adamı işdən kənarlaşdırmaq mümkün olsun. İşçilərlə sadəcə müqavilənin müddəti uzadılmır, bununla da məsələ həll olunur. Artıq bu yolla işini itirənlər yetərincədir.

Bir çox idarələrdə isə kütləvi ixtisarlardansa iş həftəsinin qısaldılması ilə qənaət etmək qərarına gəliblər.

İşinin qalan hissəsini itirmək qorxusundan nə adının çəkilməsini, nə də səsinin yazılmasını istəməyən başqa bir həmsöhbətim isə deyir ki, dövlət payı da olan «Binəqədineft»də belələri onlarladır.

Onun sözlərinə görə, işçiləri çağırıb, onlara beş gün əvəzinə dörd gün işləyəcəklərini, maaşlarının da iyirmi faiz enəcəyini deyiblər. Elə bu elan müqavilələrin yenilənməsi vaxtilə üst-üstə düşdüyündən nə müsahibim, nə də digər işçilər şikayət etməyiblər.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev isə deyir ki, işdən çıxarılmalar təkcə müqaviləyə əsasən yox, həm də təqaüd bəhanəsi ilə həyata keçirilir.

İqtisadçı Vüqar Bayramov isə deyir ki, əgər artıq dövlət büdcəsinin gəlirlərinin formalaşmasında problem yaranıbsa, bu, haqqında danışılan qlobal maliyyə böhranının Azərbaycandakı əks-sədasıdır.

Bunu Dövlət Neft Şirkətinin və bir sıra başqa dövlət şirkətlərinin bəzi layihələri təxirə salması da təsdiqləyir. Ona görə də, mövcud vəziyyətin büdcə təşkilatlarında çalışanların əməkhaqqına təsir etmədiyini düşünmək düzgün deyil.

V.Bayramov deyir ki, ancaq hələlik bu proses işdən çıxarmalar, ixtisarlar şəklində deyil, əməkhaqlarının azaldılması, ləngidilməsi və öz hesabına məcburi məzuniyyətlər formasında özünü göstərir.

İqtisadçının sözlərinə görə, artıq 2009-cu ilin birinci yarısında işçilərin əməkhaqqında artım olmayacaq. İlin ikinci yarısında isə artım mümkündür. Ancaq bu artım əvvəlki illərlə müqayisədə aşağı olacaq. Bütün bunlar isə qlobal maliyyə böhranının həm də büdcəyə və büdcədən əməkhaqqı alanların vəziyyətinə təsirindən başqa bir şey deyil.

DNŞ-in mətbuat xidmətindən deyilənlərə cavab almaq mümkün olmadı.

Rəsmi strukturlarda çalışan iqtisadçılar və hakim YAP-dan olan mütəxəssislər də bu barədə suallarımızı cavablandırmaq istəmədilər.

Qeyri-rəsmi məlumatlara görəsə, əməkhaqlarını mövcud imkanlar çərçivəsində nizamlamaqdan ötrü yaxın aylarda DNŞ də daxil olmaqla neft strukturlarında müəyyən işçi təbəqəsi üçün 3-4 günlük iş saatı tətbiq ediləcəyi gözlənilir.
XS
SM
MD
LG