Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:46

Kimlər əfv gözləyir


►“O qədər də optimist deyiləm, atamı azad edəcəklərinə bir o qədər də inanmıram”

Bunu Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu deyir. O, bu yaxınlarda olacağı gözlənən əfv fərmanında atasının da adının çəkiləcəyini gözləmir. Ümidsizliyi Tofiq Yaqublunun məhkəməsi ilə bağlıdır:

“Bilirsiz ki, Ali Məhkəmə Tofiq Yaqublu və İlqar Məmmədovla bağlı qərar verib, onların işini yenidən apellyasiya məhkəməsinə göndərib. 3 aydan çox vaxt keçib, amma hələ də heç bir proses başlamayıb.Şəki Apellyasiya Məhkəməsi məhkəmə vaxtını fevralın 25-nə təyin edib”.

Apellyasiya baxışının hələ də olmamasını Nigar Yaqublu bu dəfə də əfvin onlardan yan keçəcəyi qənaətinə gətirib. Onun sözlərinə görə, Avropa Şurası baş katibi Yagland-ın Azərbaycanla insan haqları üzrə bağlı araşdırmalara başlaması, ABŞ-dan sanksiya hədələri yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının “siyasi məhbus” kimi tanıdığı şəxslərin azadlığa buraxılmasına da səbəb ola bilər, əksinə, hakimiyyəti qıcıqlandırıb “bir az da dirəniş göstərməsinə də” gətirib çıxara bilər.

Buna da bax: Ermənilər Putini ruslardan çox sevirmiş​

“Atam özünü əfvə kökləməyib”

Nigar Yaqublu
Nigar Yaqublu

Nigar Yaqublu deyir ki, yenicə atası ilə görüşdən qayıdır və deyir ki, Tofiq Yaqublunun özünün də əfvlə bağlı hər hansı gözləntisi yoxdur:

“Atam özünü əfvə kökləməyib. Olacaq, olacaq, olmayacaq, olmayacaq. Onun üçün əsas məsələ ölkədə siyasi vəziyyətin dəyişməsidir. Onlar bunun üçün hər fədakarlığa hazırdırlar”.

Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlara görə həbs olunub. 2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 5-də Müsavat başqanının müavini Tofiq Yaqublunun dərhal azad edilməsi və ona 24 min avro təzminat ödənilməsi barədə qərar qəbul edib.

Ali Məhkəmə oktyabrın 13-də Tofiq Yaqublunun işinə yenidən baxılması üçünsənədləri Şəki Apellyasiya Məhkəməsinə göndərib.

Buna da bax: Prezident monopolistlərə qarşı: 2-ci raund

“Bizim növbəmiz çatmayıb”

“Nigar Yaqublu deyirdi ki, “əvvəllər hər bayramda ümidlə gözləyirdik ki, əfv olacaq, atamız gəlib çıxacaq. Neçə bayramları beləcə yola salandan sonra artıq hər şeyi axarına buraxdıq”. Biz qarşımızdakı bu təcrübəli insanları görüb lap ilk günlərdən heç nəyə ümid etmədik”,- həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin qızı Nərmin Kamilsoy gülərək deyir.

Onun sözlərinə görə, atası belə tezliklə azad olunmaq üçün həbs edilməyib. İntiqam Əliyevin onlara ismarışı da olub,“tezliklə buraxılmağımı gözləməyin”, deyib:

Nərmin Kamilsoy
Nərmin Kamilsoy

Biz qarşımızdakı bu təcrübəli insanları görüb lap ilk günlərdən heç nəyə ümid etmədik.

“Bilirdik ki, tutublarsa, saxta cinayət işi açılacaq, saxta cinayət işi varsa, saxta da məhkəmə olacaq, ətrafda bu qədər saxta adamlar varsa, 7-8 il də iş verəcəklər. Əfv gözləmək bizim üçün çox tezdir, biz indi artıq 3 ilə yaxındır ki, həbsdə olan Rəşadətin, Rəşadın, Ömərin, Məmmədin, İlkinin, Tofiq Yaqublunun, Anar Məmmədlinin və digərlərinin azadlığa çıxmasını gözləyirik. Bizim zamanımızın dolmasına hələ var”, - Nərmin Kamilsoy əlavə edir ki, ilk öncə adını çəkdiyi şəxslər azadlığa buraxılmalıdır.

Buna da bax: "Oğlum həbsxanaya aslan kimi girib, aslan kimi də çıxacaq"

“Nigarançılığımız yalnız səhhətindəndir”

İntiqam Əliyevin adı əfv siyahısına düşməsə belə, nə onunçün, nə də ailəsi üçün psixoloji baxımdan dəyişən bir şey olmayacaq. Qızı belə düşünür:

“Amma fiziki baxımdan onunçün çox şey dəyişəcək. Azadlıqda olanda işlərdən vaxt tapdıqca mütəmadı müalicələr alırdı, həbsxanada isə səhhəti hər gün bir az da geriləyir. Orada müayinə, müalicə tamamilə mümkünsüzdür, nə vaxta qədər həbsxanada xəstəliklərinə dəf gələ biləcəyini bilmirik. Hər halda nə xəstəlikdən, nə də orda həbsxanada olmaqdan şikayətlənmir”.

Nərmin Kamilsoyun fikrincə, hər dəfə hakimiyyətə yönələn təzyiqlərdən, bəyanatlardan, sanksiya xəbərlərindən sonra əfvlər təxirə salınır. O hesab edir ki, “Avropa, Amerika ikili oyunlarından əl çəkib, real tələblər irəli sürsələr, hamı üçün daha yaxşı olar, nəinki sanksiyalar”.

Buna da bax: Müsəlman ailə ABŞ-a buraxılmadı

“Sanksiyalardansa xalqla dialoqa girsinlər”

Rəsul Cəfərov saxlanır (Arxiv)
Rəsul Cəfərov saxlanır (Arxiv)

Sanksiyaların həm də ölkə iqtisadiyyatına böyük ziyan vurduğunu düşünən müsahibimiz təklif edir ki, Azərbaycan höküməti "Amerikada insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi hazırlamaqdansa, öz insanlarının vəziyyətinə baxsın, devalvasiyadan çıxış yolları axtarsın, ölkə iqtisadiyyatını dirçəltmək üçün necə sərmayə cəlb etmək barəsində düşünsün:

“Bəlkə də artıq xalqla dialoqa girməyin, İntiqamı da, İlqarı da, Anarı da buraxmağın vaxtıdır”.

«Hüquq Maarifçiliyi Cəmiyyəti» təşkilatının rəhbəri, hüquq müdafiəçisi İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. 2015-ci il aprelin 22-də 7 il 6 ay azadlıqdan məhrum edilib.

İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

“Rəsul pozitivdir, əfv olmasa da ovqatı pozulmaz”

1 il 4 aydı həbsdə olan digər hüquq müdafiəçisi Rəsul Cəfərovun ailəsi də gözünü əfv yolundan yığıb: “2 dəfə əfv fərmanı oldu, amma Rəsulun adı siyahıya düşmədi”, - bunu qardaşı Sənan Cəfərov deyir.

Onun sözlərinə görə, Rəsulun həbsindən sonra ilk əfvlərdə gözləntiləri olub: “Bu gün Rəsulla görüşdüm, əfv barədə danışdıq, heç nə bilmir, dedi ki, “yaşayarıq, görərik””.

Sənan Cəfərov deyir ki, Rəsul xaraktercə optimistdir: “Rəsul pozitiv insandır, inanmıram ki,əfvə düşməsə belə, bu, onun ovqatını pozsun”.

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. Bu il aprelin 16-da qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə və mənimsəmə ittihamları ilə 6 il 3 ay azadlıqdan məhrum edilib.

Amnesty İnternational təşkilatı onu vicdan məhbusu elan edib.

XS
SM
MD
LG