Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:29

"Bir yandan erməni atır, bir yandan da hökumət sıxır"


Gədəbəy (illüstrasiya)
Gədəbəy (illüstrasiya)

►“Odun tədarükünə başlayanda cərimələr üst-üstə yığılır…

Başlayırlar kasıb-kusubu ağac kəsdiyinə görə məhşər ayağına çəkməyə… Özləri onsuz da meşədə ağac qoymayıblar, bu, öz yerində… Heç “gözün üstə qaşın var” deyənləri də yoxdur.

“İNDİ GÜLLƏNİ ATARLAR, GƏLİB DƏYƏR”

Gədəbəyin İsalı kənd sakini Şahnaz Qəribova AzadlıqRadiosunun “Qaynar xətt”inə qarşıda onu və ailəsini gözləyən qayğılardan danışır. Deyir, qış gəlməmiş kənddəki ailələr indidən narahatdılar:

“Dağlıq kənddə yaşayırıq. Qışımız çox sərt, yayımız sərin keçir. Bir tərəfdən işıq, qaz yox, o biri tərəfdən də gülləbaran altında yaşamaq… Yaşayışımız olduqca çətindir. Əkin sahələrimizə qorxa-qorxa ayaq basırıq ki, indi gülləni atarlar, gəlib dəyər… Heç olmasa, bunu nəzərə alıb bir tərəfdən də sosial problemlərdə sıxmasınlar bizi…”

Kənd sakini Əlövsət Musayev deyir, kənd sakinləri soyuqdan donmamaq üçün balta götürüb yaxınlıqdakı meşələrə üz tutmaq məcburiyyətində qalır. Buna imkanı olmayanlar isə odunu bir neçə dəfə bahasına maşınla almalı olurlar. Kəndli düşünür ki, məmurlar regionların inkişafı ilə bağlı ölkə başçısını aldadırlar:

Buna da bax: Zığda evləri sökməyə başladılar

“İCRA NÜMAYƏNDƏLİKLƏRİ ELƏ BİL QUŞ DAMIDIR”

“Rayonun mərkəzini bəzəyirlər, kəndlər bərbad gündədir. Gədəbəyin kəndlərinin güzəranı elə yollarından bəllidir. Özü də bu, təkcə bizim rayona aid deyil. Hamısında eyni vəziyyətdir. Mərkəzdəki klublar, xəstəxanalar, başqa inzibati binalar paytaxtdakından geri qalmır. Ancaq kəndlərdəki icra nümayəndəliklərinin binaları elə bil quş damıdır”.

Kəndliləri narahat edən daha bir məsələ təhsillə bağlıdır. Onların deməsinə görə, Heydər Əliyev Fondu kənddə məktəb inşa etsə də, partalar boş qalıb.

Əlövsət Musayev davam edir:

“Xərc qoyub məktəb tikiblər. İstilik yoxdur. Qışda uşaqlar məktəbə getmir. Yollar bərbad, məktəb soyuq… Ona görə də bu kənddən çox nadir hallarda ali məktəbə daxil olan məzun çıxır”.

Buna da bax: Sahibkarlıq sahəsində yoxlamalar dayandırılır

İŞLƏR NÖVBƏLİ QAYDADA GEDİR

Gədəbəy rayon İcra Hakimiyyətində isə kəndlilərlə razılaşmırlar. Qurumdan “Qaynar xətt”ə bildiriblər ki, İsalıdan 8 kilometr aralıda yerləşən Düzrəsulluya qaz çəkilib. Kəndlərin qazlaşdırılması və yol infrastrukturunun yaxşılaşdırılması növbəli qaydada həyata keçirilir.

Şəmkir Regional Qaz İdarəsindən deyilənə görə, bu il Gədəbəyin Çalburun kəndi qazlaşdırılıb. Miskinli, Söyüdlü, Ağamalı, Leşkər, Parakənd, Nərimankənd kəndlərinin də qazlaşdırılmasına hazırlıq işləri görülür.

İsalının taleyi isə qalıb Allah ümidinə… Deyəsən, hökumət həmin kəndin sakinlərini növbəti ildə də sevindirə bilməyəcək.

XS
SM
MD
LG