Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:46

Kəndliləri toyuq-cücəsiz qoyan daşqın...


İllüstrasiya
İllüstrasiya

►“Toyuq-cücə, göy-göyərti… Nəyimiz vardı, sel sularının altında qaldı. Hələ də bilmirəm, hökumət bunun əvəzini mənə verəcəkmi?

Təzə-təzə kreditlərdən canımız qurtarmışdı. İndi də bu bəla gəlib tapdı bizi…”

Oktyabrın 4-dən 5-nə keçən gecə yağan güclü yağış Goranboyun Qaraçinar kəndinin yaşlı sakini Nazlıxanım Qasımovanın həyatına ruzi-bərəkət əvəzinə kasadlıq gətirib. Qadın ac qalmamaq üçün həyət-bacasında saxladığı toyuq-cücəsini, göy-göyərtisini, həvəslə əkib becərdiyi bostanını bir gecədə itirib.

Buna da bax: Dövlət içində dövlətə çevrilən MTN

"EVDƏ YAŞAMAQ MÜMKÜNSÜZDÜR"

Aramsız və güclü yağan yağış kənddə ciddi fəsadlar törədib. Yollarında dərin çalalar əmələ gətirib, təsərrüfatın böyük hissəsi zərər çəkib. Kənddəki mal-qaranı xilas etmək mümkün olsa da, ev quşlarına zərər dəyib. Nazlıxanım Qasımovanın 21 ördəyi, 64 toyuğu, 11 hinduşkası, xeyli sayda cücəsi tələf olub.

Kənd sakini Vahid Qurbanov deyir, ev də, həyət də, tövlə də - hamısı suyun altında qalıb. Su çəkiləndən sonra isə evdə yaşamaq mümkünsüz işə çevrilib:

“Divarları dağılıb, tavan əyilib. Tövlə, ümumiyyətlə, dağılıb. Dedilər, dəyən zərər hesablanacaq. Gəlib evlərə baxıb gediblər. İki həftədir gediblər, hələ də konkret bir söz deyən yoxdur. Nə gəlib düzəltmirlər, nə də dəymiş zərəri ödəmirlər ki, özümüz düzəldək”.

Buna da bax: General Mədət Quliyev kimdir?

BİRCƏ TOYUQ DA TƏLƏF OLSA...

Kəndliləri maraqlandıran odur ki, belə vəziyyətdə onlara kompensasiya ödənilməlidir, yoxsa yox…

Hüquqşünas Əli Babayev deyir, sel, daşqın təbii fəlakət olduğuna görə təsərrüfata və əmlaka dəymiş zərər şəxsə mütləq ödənilməlidir:

“Bar verən ağaclara, daşınar və daşınmaz əmlaka, təsərrüfata dəyən zərər mütləq ödənməlidir. Hətta o qadının bircə toyuğu da tələf olsa, dəyəri bazar qiymətilə hesablanıb hökumət tərəfindən kompensasiya şəklində ödənməlidir. Ödənməzsə, məhkəməyə müraciət edə bilər”.

DƏYMİŞ ZƏRƏR HESABLANIR

Goranboyun icra hakimiyyətindən bildiriblər ki, oktyabrın 4-dən 5-nə keçən gecə rayon ərazisinə yağan yağış Qaraçay çayında suyun səviyyəsinin qalxmasına və daşqına səbəb olub. Bu da kəndlərdə fəsadlar yaradıb. Sel suları əsasən rayonun dağlıq kəndlərində və çay kənarında yerləşən evlərinə ziyan vurub. Ağcakənd, Yenikənd, Qaraçinar, Səfikürd, Qızılhacılı kəndləri zərər çəkib. Evlərin zirzəmisi, tövlələr su ilə dolub.

İcra hakimiyyətinin və fövqəladə hallar komissiyasının üzvləri kəndlərdə olaraq təsərrüfata və əmlaka dəymiş zərərləri qeydə alıblar. Hazırda komissiya tərəfindən zərərlərin hesablanması işləri aparılır. Dəymiş zərər tam hesablandıqdan sonra müvafiq qurumlar məlumatlandırılacaq.

XS
SM
MD
LG