Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:46

Azərbaycanın Dağlıq Qarabağda mərhələli strategiyası var?


Azərbaycan ordusu
Azərbaycan ordusu

-

Praqmatik siyasətçi İlham Əliyev mövcud sabitliyi sonu bilinməz savaşa qurban vermək istəmir; Azərbaycan-Ermənistan münaqişəsi Avropaya nəyi xatırladır – 4 aprel Qərb mediasının icmalı.

Dünyanın aparıcı media orqanları ötən həftəsonu Azərbaycan-Ermənistan sərhədində hərbi toqquşma və itkilərə diqqət yetirib. «Stratfor» Araşdırmalar Mərkəzi Qarabağ əməliyyatlarını ötənilki hərbi strategiyaya bənzədir. Mərhələli döyüş əməliyyatı keçirən Azərbaycan daha geniş savaşı önləməyə çalışır:

«Azərbaycanın Dağlıq Qarabağda mərhələli strategiyası Ermənistanın tutduğu ərazilərə zərbə vurur, bəzi mövqelər, ərazilər ələ keçirilir. Azərbaycan hərbi üstünlük qazanır. 2 apreldəkinə bənzər lokal hücumlar böyükmiqyaslı manevrlərə dönmür. Elə manevrlər, əslinə baxsan, heç Dağlıq Qarabağın dağlıq relyefinə də uyğun deyil. Bu strategiyanın ən önəmli üstünlüyü Rusiya ilə münaqişə ehtimalından qaçmaqdır. Dərhal dayandırıla bilən kiçikmiqyaslı əməliyyatlar Ermənistanda silahlı qüvvələri olan Rusiyanı müdaxiləyə sövq etməz».

«Stratfor» analitikləri son fikri diqqətə yetirincə, dərhal geri gediş edərək yazırlar: «Ancaq yenə də, bu manevrlər risksiz də deyil. Moskva Ermənistanın köməyinə gələ bilər. Üstəlik, Ermənistan cəbhənin digər yerlərində hücum əməliyyatları başlada bilər. Bu halda cəbhəboyu döyüşlər güclənər. Bunun Dağlıq Qarabağ regionundan kənara yayılmaq riski də mövcuddur».

«Stratfor» analitiklərinin fikrincə, məhz bu səbəbdən Azərbaycan yalnız hərbi çözümə bel bağlamamalı, diplomatik həll yoluna davam etməlidir. Azərbaycan Moskva ilə yaxın münasibətlərindən də yararlana bilər. Rusiya xarici işlər naziri Sergei Lavrov aprelin 7-də Bakıya gəlir. Elə eyni gündə Rusiya baş naziri Dmitry Medvedev-in Ermənistanda olacağı gözlənilir:

«Tələsik atəşkəs elanı Rusiyanın vasitəçilik cəhdlərinə Bakının yardım istəyini göstərir. Moskva da tammiqyaslı savaş istəmir. Rusiya münaqişəyə daha çox cəlb olunsa, Türkiyə də buna məcbur qalacaq və Qafqazda Rusiyaya balans yaradacaq. Regional güclərin rəqabəti Bakının xeyrinədir, çünki onları Azərbaycanın maraqları xeyrinə danışıqlar aparmağa məcbur edə bilər».

TAMMİQYASLI MÜHARİBƏ GÖZLƏNMİR

«The New York Times» qəzetində Neil MacFarquhar yazır ki, Azərbaycan tərəfi bazar günü əməliyyatları birtərəfli dayandırdığını bildirsə də, geri aldığı mövqeləri möhkəmləndirəcəyini söyləməklə, davamlı döyüşlərin toxumunu səpdi:

«Azərbaycan aprelin 2-dən bəri tutduğu strateji yüksəkliklərə nəzarəti möhkəmləndirərsə, bu, son 22 ildə statik atəşkəs xəttində ilk dəyişiklik olacaq».

«Təhlilçilər bu püskürmənin səbəbini, bunun müharibənin yeni mərhələsinin başlanğıcı olub-olmamasını anlamağa çalışırlar… Keçmiş Sovet İttifaqında, azı, 5 dondurulmuş münaqişə mövcuddur. Moskva müstəqil dövlətlərə təzyiq göstərmək məqsədilə arada-sırada onları odlandırır... İstər Ermənistan, istərsə Azərbaycan hökuməti Dağlıq Qarabağla bağlı qarşıdurmanın aradan qaldırılmasında Rusiyadan asılıdır».

Harvard Kennedi Məktəbinin Belfer Mərkəzində Rusiya üzrə mütəxəssis çalışan Simon Saradzhyan əvvəllər işlədilməyən silahlardan istifadəyə diqqət çəkir:

«İrikalibrli raketatan sistemlərdən və döyüş helikopterlərindən istifadə ilə başlayan provokasiya çoxsaylı tələfat doğuran böyük savaşa yol aça bilər».

Azərbaycanın son illər 4 milyard dollarlıq yeni silah əldə etdiyini yazan müəllif, Türkiyənin bu ölkənin yanında olmasının Kremldə xoş qarşılanmadığını vurğulayır.

«İki proqnozlaşdırılmayan liderin Dağlıq Qarabağda birbaşa marağı var. Bu, riskləri xeyli artırır», - bunu isə Vaşinqtonda yerləşən Avrasiya Qrupunun sədri Cliff Kupchan deyir.

Yazıda çox az sayda təhlilçinin tammiqyaslı müharibə gözlədiyi də qeyd edilir.

«Praqmatik siyasətçi İlham Əliyev indiki sabitliyi sonu bilinməz savaşa qurban vermək istəmir», - rusiyalı təhlilçi Maxim Yusin «Kommersant» qəzetində belə yazır.

ƏMƏLİYYATLAR AVROPAYA XATIRLATDI Kİ...

«The Guardian» qəzeti müəlliflərindən Simon Tisdall-ın fikrincə, döyüşlərin bərpası həll olunmamış münaqişə və xroniki daxili sabitsizliyin Avropanın əsas strateji ərazilərinə təsirini üzə çıxardı:

«Avropa liderlərinin diqqəti Suriyadakı vətəndaş müharibəsinə, qaçqın böhranına, islamçı terrorçuların doğurduğu təhlükəyə cəmləşdirdiyi bir vaxtda Dağlıq Qarabağ regionunda qəfil döyüşlər dəhşətli sarsıntı oyatdı».

Yazıda Dağlıq Qarabağın böyük ərazi olmadığı, ancaq böyük dövlətlərin rəqabət meydanına, dini və etnik gərginlik ocağına çevrildiyi vurğulanır: «Dağlıq Qarabağ Avropa sərhədlərində yerləşən bir neçə dondurulmuş münaqişədən biridir. Böyük dövlətlər, məcburi durum yaranmasa, belə həlliçətin münaqişələrin buzunu əritməməyə üstünlük verir».

Müəllif münaqişələrin dondurulmasını məqsədli siyasət sayır: «Münaqişənin dondurulması məqsədli dövlət siyasətidir. Rusiyanın 2014-cü ildə Krımı ilhaqından sonra da bənzər durum yarandı. Ukraynanın şərqində də atəşkəs elan olundu. Bir vaxtlar Krımın qəsbini beynəlxalq hüququn pozulması hesab edən və “buna dözmək olmaz” deyən Qərb dövlətlərinin diqqəti başqa yerlərə yönəldi. İndi hər ötən ay qəsb məsələsinin buzu çoxalır və geri dönüş çətinləşir».

Müəllifin fikrincə, nəhəng immiqrasiya, terrorçuluq və s. problemlərlə üzləşən Avropa liderləri qapıları ağzında zorakılığın alovlanmasını istəməzlər. Ehtimal olunur ki, Azərbaycan-Ermənistan toqquşmaları, ən azı, indilik sakitləşdiriləcək: «Bir sıra güclü dövlətlər bunda maraqlıdır. Ona görə də planlaşdırılmayan eskalasiya təhlükəsi apaydındır. İşlərin yolundan çıxması riski bu dəfə əndazəni aşdı».

XS
SM
MD
LG