Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 03:59

COP29-da etiraz edənlər... 'Azərbaycan sivil dünyadan qopmuş vəziyyətdədir'


İqlim fəallarının Bakıda COP29 konfransı zamanı etiraz aksiyası.
İqlim fəallarının Bakıda COP29 konfransı zamanı etiraz aksiyası.

BMT-nin bu həftə Bakıda yekunlaşmaqda olan COP29 iqlim konfransı çərçivəsində etiraz aksiyalarından, ölkədə insan haqlarının durumu ilə bağlı Qərbdən gələn çağırışlardan, hakimiyyətin bütün bunlara reaksiyasından danışırıq.

Noyabrın 11-dən 22-dək BMT-nin Bakıda keçirilən COP29 iqlim dəyişikliyi konfransı çərçivəsində ictimaiyyət bəzi etiraz aksiyalarına da şahid oldu. Onlarla insanın bir yerə yığışıb nəyəsə etiraz səsləndirməsi getdikcə ölkədə nadir görüntüyə çevrildiyindən beynəlxalq tədbirdə baş verənlər maraqla qarşılandı.

Əsas aksiyalar COP29-un "mavi" zonasında, yəni BMT-nin yurisdiksiyasında olan hissəsində təşkil olundu. İqlim fəalları Qəzzadakı müharibəyə etiraz, yaxud zəngin ölkələrdən iqlim dəyişikliyi ilə mübarizəyə daha çox pul ayırmağı tələb etdilər.

Ancaq noyabrın 15-də heyvan haqları fəalı Kamran Məmmədli küçə itlərinin öldürülməsini dayandırmağa çağıran plakat qaldıran kimi zorakılıqla uzaqlaşdırıldı. O, aksiyanı "yaşıl" zonada, yəni əhalinin pulsuz bilet alaraq gedə bildiyi ərazidə keçirdi.

Kamran Məmmədlini mühafizəçilər aparır.
Kamran Məmmədlini mühafizəçilər aparır.

Ondan ikicə gün sonra isə "mavi" zonada daha bir etiraz aksiyası oldu, bu dəfə özünü AXCP fəalı kimi təqdim edən İsmayıl Cəfərli işçi hüquqlarının pozulmasına etiraz etdi. O, təxminən beş-altı dəqiqə ərzində etirazlarını səsləndirdi, daha sonra BMT mühafizəçisi tərəfindən uzaqlaşdırıldı.

COP29 məkanında etiraz aksiyalarına belə fərqli münasibətin səbəbi nədir? Bu barədə az sonra.

Qanunları Avropa Şurası standartlarına uyğunlaşdırmaq

Sərbəst toplaşmaq azadlığı Azərbaycan konstitusiyasında təsbit olunsa da, rəsmi orqanlar müxalifət qüvvələrin kütləvi aksiyalar keçirməsini əngəlləyir. Zaman-zaman beynəlxalq qurumlar hakimiyyəti digər təməl azadlıqlar kimi bu hüququ da təmin etməyə çağırıblar.

Maykl O'Flaerti
Maykl O'Flaerti

Elə Avropa Şurasının insan haqları komissarı Maykl O'Flaertinin prezident İlham Əliyevə noyabrın 18-də yaydığı məktubunda da bu məsələ əksini tapıb. O, hakimiyyəti Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) bütün qərarlarını icra etməyə, birləşmə, sərbəst toplaşma, ifadə azadlığı qanunlarını isə Avropa Şurasının insan haqları standartları ilə uzlaşdırmağa çağırıb. Komissar məhz legitim işinə, tənqidi baxışlarına görə həbs olunmuş jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal buraxmağa, onlara qarşı cinayət ittihamlarını qaldırmağa çağırıb.

Komissar O'Flaerti Azərbaycan hökumətinin cavabını da dərc edib. Cavabda ölkənin beynəlxalq öhdəliklərinə sədaqəti vurğulanır. Hökumət heç bir jurnalistin peşə fəaliyyətinə görə təqib olunmadığını, Cinayət Məcəlləsinin konkret maddələrini pozmaqda suçlandığını vurğulayır. O da qeyd edilir ki, cinayət istintaqı altında olan şəxslərin azadlığa buraxılması çağırışlarından çəkinmək lazımdır, çünki bu, məhkəmə prosesinə müdaxilə sayıla bilər.

Fərid Mehralızadə
Fərid Mehralızadə

Bir həftə ərzində uzadılan həbs-qətimkan tədbirləri

COP20 dönəmində hakimiyyətə ölkədə insan haqlarının durumu ilə bağlı çağırışlar daha da artdı, ölkə dünya mediasının gündəmindən düşmədi. Məsələn, "The Washington Post" insan haqları qruplarına istinadla yazır ki, Azərbaycanda konfrans öncəsi fəallara, jurnalistlərə divan tutulub. Onların sırasında ölkənin neft-qazdan asılılığını sorğulayan, bu sektoru araşdıranlar da var.

Nərgiz Muxtarova
Nərgiz Muxtarova

AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də həbsdədir. Həyat yoldaşı Nərgiz Muxtarova deyir ki, Fərid mədən yanacağından yazırdı, neft-qazın Azərbaycanı beynəlxalq bazardan asılı vəziyyətə saldığını vurğulayırdı.

AzadlıqRadiosunun prezidenti Stiven Kapus deyib ki, Fəridin həbsi "hökumətin onun işinə görə cavab tədbiridir".

Bəs, bütün bu çağırışların yerinə yetirilməsi yönündə dəyişiklik gözləmək olarmı? Bu həftə keçirilən bir neçə məhkəmə işi belə bir niyyətin olmadığını göstərdi. AzadlıqRadiosunun jurnalisti F.Mehralızadənin ev dustaqlığına buraxılmamasından şikayət təmin olunmadı.

Hüquq müdafiəçisi Anar Məmmədlinin, meclis.info platformasının rəhbəri İmran Əliyevin, tədqiqatçı İqbal Əbilovun həbs müddətləri uzadıldı.

"AbzasMedia" nəşrinin həbsdə olan jurnalistlərinin anaları isə onların içəridə təzyiqlə üzləşdiyini deyib. Bu nəşrin jurnalistlərinə qarşı son həbs dalğası bir il öncə, noyabrın 20-də başlanmışdı.

Zahid Oruc
Zahid Oruc

Mövqe dəyişmir

Hakimiyyətin siyasi kursunu dəstəkləyən deputatlar isə "Turan"a müsahibələrində beynəlxalq qurumların insan haqları tənqidlərini rədd edirlər. Milli Məclisin üzvü Zahid Orucun fikrincə, iqlim ambisiyası altında diplomatiya, informasiya hücumları dünya tarixindəki neft uğrunda müharibələrdən fərqlənmir, daha da azğınlığı ilə seçilir: "O üzdən "yaşıl imperializm" termini çox yerinə düşür. Yəni, dünya çapında 37 qiqaton karbon oksidinin emissiyalarını yaradan əsas dövlətlər ABŞ, Hindistan, Yaponiya, Rusiya, Çindir. Onlardan bir qismi, əsasən ABŞ və digər Qərb dövlətləri getdikcə sıfır emissiyalı texnologiyanın bütün dünyanın sərvətinə çevrilməsinin önünü kəsir, ayrı-ayrı ölkələr əleyhinə sistemli təxribatlar aparır".

Digər deputat Fazil Mustafa isə Azərbaycana insan haqları ilə bağlı çağırış edənlərin COP29-a neqativ münasibət bəslədiklərini deyir. Onun fikrincə, iqlim dəyişikliyi ilə insan haqlarını qarışdırmaq düzgün deyil: "Avropanın özünün ikiüzlü siyasətinin sübutudur. Onda gərək dünyanın əksər ölkələrində futbol oynanmasın... Konkret şəxslərin azadlığa buraxılmasını istəyirlərsə, bunu niyə humanizm adıyla pərdələməlidirlər? Azərbaycanda kiminsə bu formada təsbit etməsi ilə siyasi məhbus olmur. Cinayət Məcəlləsinin maddələri ilə ittiham olunan şəxslər var".

Rüfət Səfərov
Rüfət Səfərov

"Çağırışlar gözardı olunur"

Hüquq müdafiəçisi Rüfət Səfərov isə beynəlxalq insan haqları qurumlarının COP29-un Bakıda keçirilməli olmaması mövqeyini əsaslı sayır. O, fikrini araşdırmaçı jurnalistlərin, tənqidçi fəalların cəza evlərində təcrid olunması ilə əsaslandırır: "Hakimiyyətin maraqlarına, əməllərinə heç bir problem yaratmayan beynəlxalq aktivistlərin etiraz aksiyalarına heç bir maneçilik törədilmədi. Bütün bunlar onu göstərir ki, Azərbaycan sivil dünyadan qopmuş vəziyyətdədir. Repressiya dalğası daha da genişlənir, siyasi məhbusların sayında artım var. Hökumətdə korrupsiyasını araşdıran jurnalistlər cəza evlərində pis rəftara məruz qalırlar. Yəni, Azərbaycan hakimiyyəti hətta COP29 günlərində belə istər yerli, istər beynəlxalq insan haqları qurumlarının, siyasi güc mərkəzlərinin rəyini, çağırışını gözardı edir".

Jalə Bayramova
Jalə Bayramova

Hazırda Azərbaycanda ev dustaqlığında olan iqtisadçı Qubad İbadoğlunun qızı Jalə Bayramova isə AzadlıqRadiosuna deyib ki, Bakı COP29-da etirazlardan alət kimi istifadə edib, məqsəd hökumətin birbaşa tənqiddən kənar tutulması, hədəfin digər ölkələrə tuşlanmasıdır.

Gələn ilin yanvarında AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməsi məsələsinə baxılacaq. AŞPA-nın Almaniyadan olan deputatı Frank Şvabe COP29 günlərində X platformasında paylaşımlar etdi, siyasi məhbusları azadlığa buraxmağa çağırdı.

Hüquq müdafiəçisi R.Səfərov rəsmi Bakının Avropa Şurasının tələbləri ilə razılaşıb siyasətini yumşaldacağına, repressiv tədbirlərdən imtina edəcəyinə inanmadığını söyləyir. Avropalı komissarının çağırışlarına gəlincə, hüquq müdafiəçisi hakimiyyətin davranışının yanvarda AŞPA-da mandatın təsdiqlənməsinə əsas vermədiyini düşünür: "Görünür, bu çağırışların rəsmi Bakı üçün heç bir əhəmiyyəti yoxdur. Dövlət başçısı bir neçə ay əvvəl bəyan etdi ki, ölkənin yolu Orta Asiya, Ərəb Liqasındadır, Türk Dövlətləri Birliyindədir. Son dövrlər rəsmi Moskva ilə bütün sahələrdə, həm də daxili siyasətdə sinxron iş aparılır. Bu isə kollektiv Qərbdən, Avropadan, onun etibarlı hüquqi mexanizmlərindən, Avropa Şurası institutlarından qopmaq deməkdir".

XS
SM
MD
LG