Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:55

Cəlilabad sakini: İş yerləri məmur qohumlarınındır


Tapdıqəli Eyvazov
Tapdıqəli Eyvazov

-

Cəlilabad rayonunun Xəlilli kəndində yaşayan Tapdıqəli Eyvazov AzadlıqRadiosuna danışır ki, 9 nəfərlik ailəsi özünə çörəkpulu tapmır - daha doğrusu, iş yeri. Deyir, rayondakı iş yerləri ya məmurların öz qohumları üçündür, ya da gərək rüşvət verib işə düzələsən:

AYYARIMLIQ GET-GƏL VƏ...

«Oğlumun sənədlərini apardıq, verdik rayonumuzdakı diaqnostika mərkəzinə. Ayyarım süründürdülər. Gah dedilər, sənədlər Bakıya göndərilib, gah dedilər ki, sənədlər itib... Düz ayyarımlıq süründürməçilikdən sonra o işə başqasının götürüldüyünü söylədilər. Sonra da araşdırdıq ki, bizi süründürdükləri müddətdə başqasından pul alıb, həmin işi ona veriblər».

Yaxın illərədək Rusiyada işləyən Tapdıqəli Eyvazov diabet xəstəsi olduğundan daha oraya da qazanc dalınca gedə bilmir. Özündən başqa, həyat yoldaşı da eyni xəstəlikdən əziyyət çəkir. Ailədə iki körpə, bir məktəbli qız uşağı böyüdüyündən, onların xərcləri qarşılanmır:

«Böyük uşaq günü birtəhər yola verər. Ancaq kiçiyi məktəbdən gəlir, qazan qaynamır, ailədə bu qədər kişi ola-ola... Hökumət hamını arvad-uşaq yanında xəcalətli qoyub. Bu ailənin kommunal xərcləri var, uşaqların xəstələnməyi, dava-dərmanı, geyimi, məktəb gərəkləri... Üstəlik, banka da kredit borcları... Hər dəfə vəziyyət lap ağırlaşanda qaçıb bankdan götürdüklərimizi indi bizdən üçqat geri tələb edirlər».

DEYİR, BURA İŞƏDÜZƏLTMƏ BÜROSU DEYİL...

Tapdıqəli Eyvazov rayon icra hakimiyyətinin başçısına dəfələrlə rəsmi və şifahi müraciət edib, qəbulunda da olub. Onun sözlərinə görə, başçı əvvəllər ailə üzvlərinin işlə təmin olunmasına çalışacağını desə də, sonradan qəbuluna gələn vətəndaşa deyib ki, «bura işədüzəltmə bürosu deyil».

İşsiz kəndli deyir ki, kənd məktəbində direktor yeri xeyli vaxtdır boşdur. Ona görə boşdur ki, pul verib ora düzəlməyə heç kəs yaxın durmur. Pulsuz da heç kəsi o işə təyin etmək istəmirlər. Məktəblərə texniki işçiləri də icra başçısının göstərişi ilə işə götürürlər.

Cəlilabadın icra hakimiyyəti bu qurumun işədüzəltmə məntəqəsi olmadığını AzadlıqRadiosuna da təkrarlayır:

«Adamlar elə bilirlər hər şeyə görə bizə müraciət etməlidilər. İş axtaran məşğulluq idarəsinə müraciət etsin. Rayonda tez-tez əmək yarmarkası keçirilir, onun vaxtı da əhaliyə elan olunur. Getsinlər, iştirak etsinlər, ixtisaslarına uyğun iş varsa, mütləq təklif olunacaq. Bəs o yarmarkalar nə üçün təşkil olunur?».

Tapdıqəli Eyvazov, oğlanları ilə birgə, vaxtaşırı rayonda keçirilən əmək yarmarkasına da baş vurduğunu söyləyir. Belə qənaətə gəlib ki, belə yarmarkalar işsizlərin gözünə kül üfürməkdən ötrüdür:

ƏMƏK YARMARKALARI GÖZƏ KÜL ÜFÜRMƏK ÜÇÜNDÜR

«Bu əmək yarmarkaları həm də adamların ünvanlı sosial yardım almağa müraciət etməmələri üçündür. Kim müraciət edirsə, yalandan yönləndirirlər əmək yarmarkalarına və məşğulluq mərkəzlərinə... O əmək yarmarkasında nə mənə, nə də övladlarıma iş tapılıb...».

Onun sözlərinə görə, əmək yarmarkasına üz tutan başqaları da əliboş qayıdırlar. Yarmarkanı təşkil edənlər oradaca etiraf edirlər ki, rayonda zavodvə fabrik yoxsa, iş nə gəzir!..

XS
SM
MD
LG