Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:28

Carmuş: 'Gözəlliyin ölməməsini, yaşamın sirli qalmasını istəyirəm'


Cim Carmuş
Cim Carmuş

Kinorejissor Cim Carmuş uşaqlıqda sənaye şəhərində yaşayıb. Bu şəhərin yaxınlığından suyu zəhərli olan çay axıb. Atılan tullantılar ucbatından çay gah narıncı, gah da ağ rəngə boyanarmış. 1969-cu ilin iyunundansa çay alışıb yanmağa başlayıb. Üstündən yarım əsr ötəndən sonra Carmuş beşmərtəbəli bina hündürlüyündəki həmin yanğını hələ də xatırlayır: «Əslində, çağdaş Amerika həyatına metafora axtarsanız, evinizin yanından axan çayın od tutub yanmasından daha gözəbatan bir şey tapa bilməzsiniz».

«Aydındır ki, ekoloji böhranda yaşayırıq»

Carmuş dünyanın xırda-mırda ayrıntılarından film çəkməyi xoşlayır. Bu ayrıntı bir avaranın həyatı da ola bilər, həyatı dəyişdirən bir seçənək – bir alternativ yol da. Bu maraq 1984-cü ildə çəkdiyi «Cənnətdən də qəribə» (Stranger Than Paradise) filmindən tutmuş, 2016-cı ildə çəkdiyi «Paterson» filminədək onun karyerasına çox kömək edib. «Aydındır ki, biz ekoloji böhranda yaşayırıq və vəziyyət get-gedə pisləşir. Elmin inkar olunması və korporasiyaların tamahı bizi təhlükə qarşısında qoyur. Bu, bizim getməkdə davam edəcəyimiz yol olacaqsa, o bizi ancaq dünyanın sonuna aparıb çıxaracaq», - Carmuşun sözləridir.

Rejissorun «Ölülər ölmür» (The Dead Don’t Die) adlı filmi bu il Kann kinofestivalında təmsil olunub. O, «The Guardian»a «Ölülər ölmür» filmi haqda danışarkən filmin nəzərdə tutduğundan daha bədbin alındığını vurğulayıb. Carmuş hələ də filmi komediya adlandırır, çünki filmdə çoxlu zarafat var. Hərçənd, Trampı dəstəkləyən irqçi və zombilərin küçələri tutması bizim adət etdiyimiz komediya janrında deyil: ​«Mən bunları çox da təhlil etməməyə çalışıram, ancaq bu, içində yaşadığımız dünyanı əks etdirir. Ekoloji böhran üstümüzə gəlir… Mən bu filmin üzərində iki il işləmişəm və bu müddətdə mənə elə gəlib ki, planet az qala hər gün dəyişib».

Dünya it gününə düşüb?

Filmdə Carmuşun dostları və həmfikirləri çəkilib. Burada Bill Mürrey, Tilda Suinton və İqqi Popu görmək olar. Tom Ueyts meşədə yaşayaraq sincab və böcəklərlə qidalanan Hermit Bob adlı yaşlı kişini oynayır. O, qarşıdan gələn fəlakəti anlayır və sonda «dünya it gününə düşüb» deyərək, bizi xəbərdar edir.

Uşaqkən Carmuş günlərin birində yaşadığı sənaye şəhərindən qaçıb getmək haqda düşünürmüş. Şəhər çox kiçik və çox konservativmiş. Hamı rezin şirkətlərində çalışırmış: atası «BF Goodrich», əmisi «Goodyear», qonşusu «Firestone» şirkətində işləyib. Anası Betti Frenç yerli «Akron Beacon Journal»da sənətdən yazırmış, ancaq ərə gedəndən sonra sadə bir iş tapıb evlərinin ikinci mərtəbəsindəki kiçik ofisdə çalışmağa başlayıb. Carmuş anasının köhnə çap makinasında sərbəst müxbir kimi yazdığı yazıları yerli dərgilərə təhvil verdiyini xatırlayır. Onda incəsənət, musiqi və kinoya məhz anası maraq oyadıbmış.

Carmuşun filmləri özəl yanaşmayla seçilir: «Yanaşma çox vacibdir. Martin Skorseze deyir ki, rejissorları fərqləndirən şey yanaşmadır. Yanaşma adamın şəxsi ifadəsinin mühüm göstəricisidir».

«Harada axtaracağını bilmədiyin Amerika»

Hiçkok bir dəfə deyib ki, dram maraqsız hissələri kəsilib atılmış həyatdır. Ancaq Carmuşun filmləri sanki bu düşüncənin tərsini sınaqdan keçirməyə hesablanıb. Filmin mərkəzində adi və gündəlik səhnələr dayanır və qəfildən kimisə xilas etmək lazım gəlir. Rejissorun 1989-cu ildə çəkdiyi «Müəmma qatarı» (Mystery Train) filminə rəyində kino tənqidçisi Rocer Ebert belə yazmışdı: «Filmin ən yaxşı özəlliyi odur ki, səni axtarıb tapmaq istədiyin, ancaq harada axtaracağını bilmədiyin Amerikaya aparır».

XS
SM
MD
LG