Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:40

Sənət tarixində təbəssüm nədən nadir olay sayılır?


Kim bilir, bəlkə də Mona Lizanı gülümsəməyə Leonardo inandırmışdı.
Kim bilir, bəlkə də Mona Lizanı gülümsəməyə Leonardo inandırmışdı.

Artsy

Bir çox adamın gözündə muzeylərin klassik incəsənət bölməsi dəbdəbə və ciddilik dolu məkan sayılır. Əsrlərlə tarixi olan sənət əsərlərinin arasında gəzişərkən, tək-tük hallarda hansısa simanın gülümsədiyini görürsən. Yazıçı Nikolas Civs «Ciddiyyət və təbəssüm» (The Serious and the Smirk: The Smile in Portraiture) kitabındakı essesində yazır ki, bəşər tarixinin əksər hissəsində açıq təbəssüm «son dərəcə dəbdənuzaq» sayılıb. Bugün biz təbəssümü xoş davranış, xoşbəxtlik və dostyanalıq əlaməti sayırıq. Foto çəkdirən zaman mütləq gülümsəyirik. Bəlkə də qərblilər yüzillər boyunca ağız baxımsızlığından bərbad duruma düşən dişlərini gizlətmək üçün gülümsəmirlərmiş.

Bir neçə saniyəlik təbəssüm

Bu sualın doğru cavabı çox bəsitdir: çağdaş dönəmdə bir selfi – özçəkim üçün gülümsəməyimiz cəmi bir neçə saniyə çəkir. Yağlı boya ilə çəkilən portretdən ötrü gərək saatlarca yerindən tərpənməyəydin. Pozanı dəyişməmək rəssamın ciddi tələbiydi, di gəl, uzun müddət gülümsəyib tərpənməmək təbəssümün süni və qəribə görünməsinə gətirib çıxarır. «Təbəssüm qızarma kimidir, o özü-özlüyündə ifadə yox, nəyəsə cavabdır, buna görə də onu nə asanlıqla saxlamaq, nə də asanlıqla həkk etmək olur», - Civs belə yazır.

Rəssam şəklini çəkdiyi adamı yüngülvari gülümsəməyə inandıra bilsəydi, bu, radikal bir addım sayılır, təbəssüm bütün rəsmin əsas hədəfinə çevrilirdi. Çətin ki portretini çəkdirən adam buna pul ödəməyə razılaşa.

«Gənc oğlanın portreti»
«Gənc oğlanın portreti»

İntibah dövründə yaşayıb-yaratmış italyan rəssamı Antonello da Messina öz işlərində dönə-dönə təbəssümə üz tutan nadir rəssamlardan biridir. Messina Niderlandda ərsəyə gəlmiş ən müasir yağlı boya rəngkarlığı üsullarını öyrənmişdi. Bu üsullar naturanın birbaşa müşahidəsini nəzərdə tuturdu. O öz portretlərinə təbəssümü daxil etməklə həmin şəxsin daxili yaşantısını göstərməyə çalışırdı. Rəssamın təxminən 1470-ci ildə çəkdiyi «Gənc oğlanın portreti» Leonardo da Vinçinin «Mona Liza»sından (təxminən 1503-1519-cu illər) xeyli əvvəl çəkilib. Bu əsərdəki gülümsəyiş uzun müddət incəsənət tarixinin ən sirli təbəssümü sayılıb.

Cokondanın sirli təbəssümü və «pozğun hollandlar»

Kim bilir, bəlkə də Mona Lizanı gülümsəməyə Leonardo inandırmışdı. Bu çoxmənalı təbəssüm çoxsaylı debatların mövzusudur: görəsən, Cokonda bu təbəssümlə ona baxanları öz dünyasına dəvət edir, yoxsa onlara kinayə ilə yuxarıdan aşağı baxır? Leonardonun ən böyük təbəssümünün bu əsərdə yox, «Müqəddəs İohann» (təxminən 1513–1516-cı illər) əsərində olduğunu düşünənlər də var.

17-ci əsrdə Avropadakı zadəganlar düşünürdülər ki, ictimaiyyət arasında və portretdə dişlərini göstərmək yalnız aşağı siniflərə, sərxoşlara və teatr aktyorlarına yaraşan hərəkətdir. Hollandiyalılarsa, təbəssüm də daxil, gündəlik həyatı təsvir etməkdə xüsusən maraqlı idilər. Bir çox rəssam , o cümlədən aşağı siniflərdən gələn, üsyankar rəssamlar - Yan Sten, Frans Hals, Yudit Leyster Gerrit van Honthorst təbəssümü təsvir etməkdən çəkinmirdilər. Civs yazır ki, bu səbəbdən rəngkarlıqda və həyatda «hollandlıq» çox zaman pozğun cəmiyyət əlaməti sayılırdı.

Təbəssüm gizli ictimai-siyasi mətləbləri də göstərir?

Van Honthorstun «Şən tütəkçi» (1623) və Leysterin «Konsert» (təxminən 1623) əsərlərində dişlərin göründüyü açıq təbəssüm əksini tapıb. Hər iki əsər İntibah rəngkarlığında musiqinin sevgi rəmzi kimi tanınmasında rol oynayıb. Bu iki rəssamın italyan rəssamı Karavacodan təsirləndiyinə şübhə yoxdur.

XIX əsrin ortalarında - fotoqrafiyanın ixtirasından dərhal sonra təbəssüm portretlərin standart elementinə çevrildi. Müasir rəssamlar çəkdikləri portretlərdə gizli ictimai-siyasi mətləbləri göstərmək üçün təbəssümə üz tuturdular.

Kerri Ceyms Marşallın «Gənc rəssamın keçmiş məninin kölgəsi kimi təsviri» (Portrait of the Artist as a Shadow of His Former Self) (1980) əsərində qulaqlaradək uzanmış ağdişli qorxunc ikiölçülü təbəssüm təsvir olunub. Əsər Ralf Ellisonun «Gözəgörünməz adam» (Invisible Man) romanına nəzirə kimi çəkilib.

XS
SM
MD
LG