Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:46

Ukrayna müharibəni uduzurmu? 'Uduzmağına' baxır...


Ukrayna hərbçiləri Donbasda
Ukrayna hərbçiləri Donbasda

“Regionun müsbət gələcəyi Rusiyanın məğlub edilməsindən, rusiyalıların bu məğlubiyyəti anlamasından asılıdır”

Rusiya artıq Donbasdakı Severodonetsk şəhərini tutmaq üzrədir, müharibədə hər gün 100-200 ukraynalı əsgər həlak olur. Ukrayna cənubdakı Xerson vilayətində Rusiya mövqelərinə qarşı əkshücumda cüzi irəliləyiş əldə ediblər. Rusiya əsgərlərinin yenidən Xarkova doğru irəlilədiyi xəbərləri gəlir.

Ukrayna müharibəni uduzurmu? AzadlıqRadiosunun müxbiri Mayk Ekel bunun o qədər də asan məsələ olmadığını yazır.

“Əgər ‘uduzur’la demək istəyirsiniz ki, Ukrayna itirilmiş ərazisini qaytara, Rusiyanı öz ərazisindən çıxara bilməyəcək, onda bəli, bu ədalətli yanaşmadır, onlar uduzurlar”, – bunu Ukrayna müharibəsini yaxından izləyən, ABŞ-ın keçmiş ordu polkovniki və artilleriya zabiti Skot Boston söyləyir.

Effektiv müdafiə

Digər ekspertlər də məsələnin “uduzmaq” sözünə necə yanaşmaqdan aşlı olduğunu deyirlər.

“Reallıqda xəritəyə baxanda, Donbasa baxanda, orada böyük dəyişiklik tapmayacaqsız, baxmayaraq ki, xeyli sayda Rusiya qüvvələri cəmlənib. Ukrayna qüvvələri çox effektiv müdafiə qurublar”, – Kiyevdəki Ordu, Təlim və Tərksilah Araşdırmaları Mərkəzinin direktor müavini Mixaylo Samus deyir.

O, əksində, Rusiyanın uduzduğunu, bir neçə günə Kiyevi tutmaq kimi ilkin hədəflərinə çatmadığını qeyd edir.

Rusiya qüvvələri Kiyevi, Xarkovu tuta bilməsələr də, cənubdakı Mariupol liman şəhərini ələ keçiriblər. Severodonetksin də bir neçə həftə çəkən ağır küçə, evbəev döyüşlər nəticəsində Rusiyanın nəzarətinə keçdiyi bildirilir.

Severodonetskdəki Azot kimyəvi zavodunda dinc sakinlər və döyüşçülər qalıb və Mariupoldakı Azovstal ssenarisinin təkrarlanacağı güman edilir.

Ağır silahlarda bərabərlik

Bu arada Ukrayna rəsmiləri Qərbdən daha ağır silahlar gözləyir.

“Birbaşa deyim: bu müharibəni bitirmək üçün bizə ağır silahlarda bərabərlik lazımdır. Qərar gözləyirik”, – Prezident Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak Twitter-də yazıb.

Rusiya qüvvələri aprelin əvvəlində Kiyev ətrafındakı qüvvələrini şərqi Donetsk və Luqansk vilayətlərinə yönəldiblər. Bu vilayətlərdə bir neçə kənd Rusiyanın nəzarətinə keçib

Hazırda Ukrayna qüvvələri Rusiyanın cənub-qərbdən şimal-şərqə – Baxmutdan Lisiçanska gedən magistral yolu tutmasını əngəlləməyə çalışırlar. Ukrayna bu magistralı “həyat yolu” adlandırır.

Rusiya qüvvələrinin şimalda Xarkov istiqamətində, Ukraynanın isə cənubda, 2014-cü ildə ilhaq olunmuş Krımdan şimaldakı Xersonda irəlilədiyi xəbər verilir.

“Geniş mənada Ukraynanın şansı var”

Hazırda Birləşmiş Ştatlar və Britaniya Ukraynaya müxtəlif növ yaylım atəşi sistemləri yollayıb. Ancaq HIMARS daxil olmaqla, bu sistemlər hələ yerinə çatmayıb.

Boston deyir ki, Rusiya ləng irəliləyir, artilleriya və raket atəşinin səviyyəsi də davamlı deyil.

“Rusiya üfüqdə taktiki zəfərlər qazanır, amma strateji qələbəyə yol görmürəm”, – hazırda ABŞ-da nüfuzlu “Rand Corporation” təhlil mərkəzinin təhlilçisi olan Boston vurğulayır.

“Məncə, biz qarşılıqlı yorma, əldən salmaya yönəlmişik. Rusiyanın istənilən cəhdi Ukrayna qüvvələrini daha böyük zərbə vurur, baha başa gəlir”, – o deyir.

“Geniş mənada Ukraynanın şansı var, amma bu şans (Qərbdən gələcək) silahlara bağlıdır. Silahlar olarsa, Rusiyanın ələ keçirdiyi ərazilərin bəzi hissəsini işğaldan azad edə, fevralın 24-dən əvvəlki vəziyyətə qayıda bilırik. Bu baş versə, Putinin problemlərlə üzləşəcəyi deməkdir, böyük problemlərlə”, – Samus AzadlıqRadiosuna deyib.

Amerikalı tarixçi: Regionun müsbət gələcəyi...

İşğalçı Rusiya qüvvələri üzərində Ukraynanın həlledici hərbi qələbəsi bütün regiona təsir göstərəcək, “müsbət gələcəyə” yola açacaq. Bunu isə ABŞ-ın Pulitzer Mükafatı laureatı olan jurnalist və tarixçi Anna Applebaum AzadlıqRadiosu-nun Belarus xidmətinə müsahibəsində belə deyib.

“Regionun müsbət gələcəyi Rusiyanın məğlub edilməsindən, rusiyalıların bu məğlubiyyəti anlamasından asılıdır”, – tarixçi vurğulayıb.

Applebaum da Ukrayna silahlı qüvvələrinin daha çox silahı tez əldə etməsini vacib sayır.

“Qərbin Ukraynaya yardımı sürətləndirməsinə tərəfdaram, çünki hiss edirəm ki, bu sadəcə, müharibəni udmaq demək deyil. Müharibəni udmaq sürətlə böyük fərq yaradacaq”, – Rusiya və keçmiş Sovet İttifaqı barədə bir neçə kitab müəllifi olan Applebaum vurğulayıb.

Yazarın fikrincə, Putinin Ukraynada məğlubiyyəti təkcə Ukrayna üçün deyil, qonşu Belarus, sonucda Rusiyanın özü üçün də yaxşı olacaq.

Belarus

“Ukraynanın qələbəsi, Rusiya əsgərlərinin Ukraynadan çıxarılması Belarus xalqı üçün çox yaxşı olacaq, çünki... bu, təkcə Rusiyanın hərbi zəifliyini deyil, Rusiya ideya və ideologiyasının, bu cür qorxunc postsovet imperializminin boşluğunu göstərəcək”, – Applebaum bildirib.

Rusiyanın Ukraynada məğlubiyyəti sıravi rusiyalıların “gələcəklərini qurmaq üçün” irəliyə baxmasına imkan verəcək, “çox da şərəfli olmayan keçmiş şöhrətə” göz dikməyəcək, Applebaum vurğulayıb.

Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka Rusiya Prezidenti Vladimir Putini Ukraynanın işğalında dəstəkləyib.

“Məncə, Belarus indi Rusiyanın müstəmləkəsi kimi bir şeydir, yaxud öz xarici siyasətini formalaşdırmaq qabiliyyətini itirmiş ölkədir”, – Applebaum AzadlıqRadiosuna deyib.

Fevralın 24-də başlanmış işğaldan sonra həm Lukaşenka, həm də Putin və yaxın ətrafı Qərbin sərt sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG