Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:30

11 sentyabrın mirası – Qərb mediası


11 sentyabr, 2001-ci il
11 sentyabr, 2001-ci il

Agentlik Prezident Co Baydenin ABŞ-ın əlinin gücünə inamı bərpa etməyə çalışdığını, amma bunun asan olmadığını yazır.

Birləşmiş Ştatlarda 3 minədək insanın həyatına son qoymuş 2001-ci il 11 sentyabr hücumlarının 20-ci ildönümündə Qərb mediası bu hadisələrin dünyada buraxdığı irsi müzakirə edir. “Reuters” hücumların insanlara nəzarəti, insan haqları pozuntularını, qlobal miqyasda müharibələrin məcburi köçkünlüyü artırdığını yazır.

11 sentyabr hücumları Birləşmiş Ştatlarda yeni təhlükəsizlik qanunlarına, terrorçuluğa qarşı kampaniyanın genişləndirilməsinə yol açdı.

Son 20 ilin müharibələri isə Birləşmiş Ştatlara 8 trilyon dollardan artıq vəsaitə, 900 minə yaxın ölümə başa gəlib. Bunu Braun Universiteti “Müharibənin Bədəli” layihəsi çərçivəsində hesablayıb.

İzləmə davam edir

Terrorçuluqla mübarizə yeni təhlükəsizlik qanunlarının qəbuluna, hökumətlərin nəzarəti gücləndirməsinə yol açıb. Kütləvi şəkildə data yığımına, süni intellekt alətlərindən getdikcə daha çox istifadəyə başlanıb.

Bu yaxınlarda “Pegasus” casus proqramı vasitəsilə 12-dək ölkədə onminlərlə insanın izləndiyi ortaya çıxıb.

11 sentyabr hücumları “həlledici məqam” oldu, Birləşmiş Ştatları nəzarət avadanlığı daxil olmaqla müasir texnologiya ixracına motivasiya etdi. Bunu Vaşinqtonda yerləşən Karnegi Beynəlxalq Sülh İnstitutunun aparıcı əməkdaşı Stiven Feldşteyn deyir.

Onun sözlərinə görə, hökumətlər istifadəçiləri izləməyin yollarını araşdırdığı bir vaxtda cəmiyyətin internetə və elektron kommunikasiyaya etimadı azalmağa başladı. “Bu da hökumətləri nəzarətin yeni formalarına əl atmağa şirnikləndirdi, bunu həm də qaçılmaz etdi”, – Feldşteyn vurğulayır.

“11 sentyabrın mirası davam edir: müasir metodlarla nəzarət və rəqəmsal izləmə metodları dünyanın müxtəlif yerlərində dərin kök salıb”, – o, sözlərinə əlavə edir.

Yeni dünya yarandı, amma çox çəkmədi

“The Associated Press” isə qeyd edir ki, 11 sentyabr Birləşmiş Ştatlar üçün soyuq müharibədən sonrakı dövrdə yerini yenidən formalaşdırmaq şansı verdi. Sovet İttifaqının dağılmasından cəmi 10 il keçirdi. Amerikanın əlində dünyada yeganə supergücə çevrilməkdən ötrü mənəvi, maddi və hərbi imkanlar vardı.

Ancaq bu imkanlar havaya sovruldu. 11 sentyabr yeni düzən deyil, xaricdə 20 illik müharibələrə səbəb oldu. ABŞ-ın özündə isə qəzəbli, incik və “qondarma” patriotlara, nəzarətin yüksəlməsinə, ümumi müdafiə naminə şübhəyə yol açıldı.

“Silahlı qüvvələrə ehtiram erası başladı, konqresmenlər nəzarəti azaltdılar, prezidentlərə terrorçuluqla mübarizədə hüquq-mühafizəyə deyil, orduya önəm vermək səlahiyyəti verdilər. Bu isə immiqrantlara qarşı əhval-ruhiyyəni gücləndirdi, bu daha çox müsəlman ölkələrə yönəldi və indi də davam edir”, – agentik yazır.

Dünya

Dünyanın başqa yerlərinə gəlincə, Avropa boyunca ifrat-sağçı populist hərəkatlar yayıldı. Britaniya Avropa Birliyindən çıxmağa səs verdi. Çin davamlı şəkildə dünya düzənində önəmli mövqeyə çıxdı.

Agentlik Prezident Co Baydenin ABŞ-ın əlinin gücünə inamı bərpa etməyə çalışdığını, amma bunun asan olmadığını yazır. O, müharibəni bitirdi, amma sonra nə olacaq?

Taliban avqustda Əfqanıstanı sürətlə tutdu, Birləşmiş Ştatlar və müttəfiqlərinin 20 il ərzində qurduğu hökumət və təhlükəsizlik qüvvələri çökdü. “Ölkədən tələsik çıxmaq istəyən əfqanların təxliyəsində ABŞ-ın əlinin gücü görünmədi”, – məqalədə deyilir.

Agentlik ABŞ prezidentlərinin iyirmi il ərzində təhlükəsizlik sahəsində uğur qazandığını, 11 sentyabrdan sonra ölkədə böyük hücumun baş vermədiyini qeyd edir.

Qlobal miqyasda isə al-Qaida zəiflədildi. İraq diktatoru Səddam Hüseyn devrildi. “Amma strateji baxımdan, onun məhvi, ərəb liderlərinin Corc Buşa xəbərdarlıq etdiyi kimi sonuclandı: Səddamın əsas rəqibi İran güclənərək ABŞ-ın hədəflərinə və tərəfdaşlarına meydan oxumağa başladı”, – agentlik vurğulayır.

XS
SM
MD
LG