Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:36

11 sentyabr amerikalıları necə dəyişdi – Qərb mediası


Nyu Yorkda Dünya Ticarət Mərkəzinə hücum, 11 sentyabr, 2001-ci il
Nyu Yorkda Dünya Ticarət Mərkəzinə hücum, 11 sentyabr, 2001-ci il

Hər 10 amerikalıdan 8-dən də çoxu deyir ki, Pentaqona və Dünya Ticarət Mərkəzinə hücumlar ölkədəki hadisələri həmişəlik dəyişdi

Amerikalılar 2001-ci il 11 sentyabr hücumlarının ölkəyə daha çox mənfi təsir göstərdiyini düşünürlər. Bunu “Washington Post” və “ABC News” keçirdiyi rəy sorğusu üzə çıxarıb.

Bu həftə həmin hadisələrin 20 ili tamam olur. Hər 10 amerikalıdan 8-dən də çoxu deyir ki, Pentaqona və Dünya Ticarət Mərkəzinə hücumlar ölkədəki hadisələri həmişəlik dəyişdi.

Respondentlərin 46 faizi 11 sentyabrın ölkəni pisliyə, 33 faizi isə yaxşılığa dəyişdirdiyini deyib.

10 il qabaq amerikalıların bu məsələdə mövqeyi kəskin fərqlənirdi. 2002-ci ildə isə 55 faiz deyirdi ki, ölkədə vəziyyət yaxşılığa dəyişib.

49 faiz ölkənin indi terrorçuluqdan daha yaxşı qorunduğunu deyib. 2011-ci ilin sentyabrında, Al-Qaeda lideri Osama bin Laden öldürüləndən dörd ay sonra bu göstərici 64 faiz idi.

Bəs sıravi amerikalılar?

“The New York Times” qəzetində Çarlz Blou isə 11 sentyabrın amerikalıların özünü dəyişdirdiyini yazır. “11 sentyabr bizim təhlükəsizlik hissimizi, sahildəki okeanların bizi aqressiyanın çoxsaylı formalarından qorumasıyla bağlı inamımızı alt-üst elədi”, – müəllif vurğulayır.

“Bu hücumlar bizim içimizdəki ən pis şeyləri üzə çıxardı. Sonrakı günləri yadıma salıram, içimdə bir intiqam hissi qaynayırdı, daxilimdı belə bir meylin olduğunu bilmirdim”, – yazan müəllif müharibə tərəfdarlarının həmin intiqam hissindən yararlandıqlarını qeyd edir. “Bu, onlar üçün istədikləri müharibəni aparmaq şansı idi, o müharibə ki hələ indi başa çatır”, – məqalədə deyilir.

Hücumlardan sonra amerikalıların çoxu əsasən Yaxın Şərqdən olan qonşularından qorxmağa başladılar. Yaxın Şərqdən olanlara göz qoyuldu, bəzən izlənildilər.

“Adamlar qorxurdular və bu qorxunu ən pis yollarla keçirirdilər. Osama bin Laden hələ sağ idi. Təhdid hələ real idi. Çox adam daha bir hücumun baş verəcəyinə inanırdı”, – yazan müəllif amerikalıların həmin qorxu ilə yaşamağı öyrəndiyini qeyd edir.

ABŞ İraqı tutmasaydı...

“The Washington Post” qəzetində İşaan Tarur isə Birləşmiş Ştatların 11 sentyabrdan iki il sonra İraqı tutmasından yazır. Con Hopkinz Universitetinin Perspektivli Beynəlxalq Araşdırmalar Məktəbindən Vəli Nəsrin fikrincə, hücumlardan sonrakı iki il “Birləşmiş Ştatların böyük strateji səhvlər erasıdır”. “Onun vizyonu qəzəb və intiqamla qaynaşırdı”, – o deyir.

Müəllif yazır ki, ABŞ-ın Səddam Hüseyni devirmək qərarı regionu kökündən dəyişən hadisələrə yol açdı.

Əvvəla, İraqın itkiləri böyük oldu. Braun Universitetinin Vatson İnstitutu 2003-cü ilin martında Amerika işğalı başlayandan 2019-cu ilin oktyabrınadək İraqda müharibəyə bağlı zorakılıqdan 184 mindən 207 minədək dinc sakinin öldüyünü hesablayıb. Tədqiqatçılar real rəqəmin bir neçə dəfə böyük olduğunu deyirlər.

Nyu Yorkda yaşayan iraqlı şair və yazar Sinan Antun deyir ki, ABŞ Hüseyni devirməsəydi, İraq xalqının daha çox əzab çəkəcəyini düşünmək çətindir. İlk kitabını Səddam rejimi dövründə yazdığını deyən Antunun fikrincə, rejim dəyişməsəydi, onminlərlə iraqlı sağ qalardı, Fəllucədə uşaqlar anadangəlmə qüsurla doğulmazdı. ABŞ qüvvələrinin İraqda döyüşlərdə zəif urandan istifadə etməsinə dair iddialar var.

Antun onu da deyir ki, ABŞ İraqı tutmasaydı, İslam Dövləti silahlı qruplaşması da meydana gəlməzdi. Bu arqumenti keçmiş prezident Barak Obama, bir sıra ekspertlər də səsləndirib.

XS
SM
MD
LG