Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:24

Ermənistan deputatları Ərdoğanın təklifinə reaksiya verirlər


Ermənistan Milli Məclisi
Ermənistan Milli Məclisi

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, rəsmi Yerevan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğuna dair bəyanatına münasibət bildirməyib.

Bununla belə Ermənistanın millət vəkilləri və başqa siyasilər Türkiyə liderinin bəyənatını şərh ediblər.

Ermənistan Milli Məclisi xarici münasibətlər komissiyasının rəhbəri, hakim “Vətəndaş Müqaviləsi” partiyasından deputat Mariya Karapetyan Ankaranın bəyanatını pozitiv siqnal adlandırıb.

Türkiyə prezidenti avqustun 30-da etdiyi çıxışda demişdi ki, ən yeni tarix düşmənçilik mənbəyi olmamalıdır və möhkəm sülh və dinc yanaşı yaşama üçün konstruktiv addımların atılması zəruridir:

“Əgər Yerevan bu istiqamətdə hərəkət etməyə hazırdırsa, Ankara Ermənistanla münasibətlərin tədricən normallaşdırılması üçün işə başlaya bilər”.

Ermənistanın hakim partiyasından millət vəkili Mariya Karapetyan bu bəyənatı müsbət qiymətləndirdiyini deyib:

“Ermənistan Respublikasının xalqı Ermənistanın regionda dinc inkişafı erasının açılışı üçün bizə mandat verib və biz bu istiqamətdə hətta ən kiçik imkandan da istifadə etməliyik. Ələlxüsus da bütün bunlar Ermənistan Respublikasının maraqlarının nəzərə alınaraq baş verəcək. Biz həm də başa düşməliyik ki, sülh Ermənistan Respublikasının, onun xalqının maraqlarına cavab verir və biz bunu nəzərə almaqla irəliyə doğru hərəkət edəcəyik. Bəli, bu mənada müsbət siqnal müsbət qarşılanır”.

Ərdoğan: Yerevanla münasibətləri normallaşdırmağa hazırıq
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Müxalifət “pozitiv siqnal” görmür

Deputat bunu da bildirib ki, Ərdoğan Türkiyə və Azərbaycanın ərazi bütövlüyündən danışsa da, Ermənistanın hakim partiyası bunda hər hansı ön şərt görmür:

“Mən onun çıxışında “şərt”, “ön şərt” sözlərini və ya bu kimi hər hansı sərt mövqeyə işarə görmədim”.

Buna baxmayaraq Ermənistan parlamentində təmsil olunan iki müxalif partiyanın deputatları əmindirlər ki, Türkiyə tərəfi Yerevan üçün məqbul ola bilməyəcək şərtlər irəli sürür.

Keçmiş prezident Robert Koçaryanın Hayastan seçki blokundan seçilmiş deputat Geğam Manukyan belə deyib:

“Ərdoğanın bu son bəyanatlarında bir neçə sadə düstur var: Ermənistan Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır və deməli, Artsaxın (Qarabağ-red) gələcək statusu ətrafında hər hansı diplomatik fəaliyyətlərdən, erməni soyqırımının beynəlxalq tanınmasından imtina etməlidir. Burada daha təhlükəli məqam da var. Ərdoğan regional və daha geniş mənada altılıq adlanan formulla ODKB çərçivəsində təhlükəsizlik sisteminin dağıdılmasını təklif edir”.

Təklif ilk baxışdan müsbət görünür

Keçmiş prezident Serj Sarkisyanın adı ilə bağlı “Şərəfim var” blokundan seçilmiş deputat Tiqran Abraamyan da bu qənaətədir:

“Türkiyə prezidentinin pozitiv siqnallarla çıxış etməsi ilk baxışdan belə görünür. Amma siz onun dediklərinin sətirarası mənasına fikir versəniz görərsiniz ki, onun cavabında indiyədək mövcud olan ön şərtlər daha yumşaq şəkildə ifadə olunub. Onun ərazi bütövlüyü məsələsinə istinad etməsi təbii ki, Ermənistanın maraqlarından doğmur”.

Ermənistan və Azərbaycan arasındakı sərhəddə gərginliyə baxmayaraq Rəcəb Tayyib Ərdoğan öz çıxışında Azərbaycanın da sülhə tərəfdar olduğunu və buna görə də Bakının Ermənistanla hərtərfli sülh sazişinə dair danışıqların aparılmasını təklif etdiyini deyib.

Lakin Tiqran Abraamyan Türkiyə tərəfindən müsbət siqnal verildiyini görmür, o hətta hesab edir ki, “Bakının bütün təcavüzkar hərəkətləri” Ankara ilə razılaşdırılıb:

“Hələ 2020-ci ilin avqustunda Tavuşda baş vermiş məlum hadisələrdən sonra Türkiyə və Azərbaycan bəyan etmişdilər ki, onların bütün məsələlər, o cümlədən hərbi, siyasi, diplomatik və hətta informasiya məsələləri üzrə yanaşmaları maksimum şəkildə yaxınlaşdırılacaq və onlar faktiki olaraq bir tərəf kimi çıxış edəcəklər. Bu halda da Azərbaycanın təxribatlarının Türkiyə ilə heç bir əlaqəsinin olmadığını düşünmək olmaz. Bu əlbəttə istisna edilir”.

Ombudsman: Ermənistan ötən il itkin düşmüş 7 nəfər barədə məlumat vermir
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Serj Sarkisyanın “futbol diplomatiyası”

Geğam Manukyan hesab edir ki, Türkiyənin irəli sürdüyü “ön şərtləri” qətiyyətlə rədd etmək lazımdır. Lakin deputat indiki hakimiyyətin belə addım atacağına inanmır:

“Hakimiyyət Ermənistan Respublikası adından (çünki burada necə də olsa, ümumerməni məsələlərə toxunulur) Ərdoğan tərəfindən qoyulan şərtləri çox kəskin şəkildə rədd etməlidir. Çünki Türkiyə də qol-qanad açıb. Çünki hökumət proqramının heç bir maddəsində hiss olunmur, bu Türkiyə o Türkiyədir ki, 44 günlük müharibədə birbaşa iştirak edib. Paşinyanın hökumət müşavirəsində dediyi sözlərdən də anlamaq olmur ki, o müharibədə hərbi texnikası və muzdluları ilə tam iştirak etmiş dövlətdən danışır”.

Tiqran Abraamyan xatırladıb ki, onun “Şərəfim var” fraksiyasını dəstəkləyən üçüncü prezident Serj Sarkisyanın vaxtında da Türkiyə-Ermənistan münasibətləri müzakirə mövzusu olmuşdu.

O 2009-cu ildə imzalanmış və 2018-ci ildə ləğv olunmuş Sürix protokollarını yada salıb və deyib ki, Serj Sarkisyanın təşəbbüsü ilə başlanmış “futbol diplomatiyasının” iflasına məhz Türkiyənin irəli sürdüyü şərtlər səbəb olub.

Abraamyan deyib ki, o vaxt Türkiyə Azərbaycanın Qarabağa görə təzyiqi altında, habelə soyqırımın beynəlxalq tanınması prosesinə görə yeni şərtlər irəli sürüb və proses iflasa uğrayıb.

Ermənistanlı politoloq: İndi Ankara üçün mühüm ön şərtlər yoxdur

Azatutyun yazır ki, politoloq Beniamin Poqosyan da Türkiyə prezidentinin bəyanatında Ermənistan üçün hər hansı ön şərt görmür:

“Əgər biz Türkiyənin nöqteyi-nəzərindən baxsaq, iki əsas problem vardı: biri Artsax (Qarabağ-red) məsələsi idi. Türkiyə bu məsələni bağlanmış hesab edir. Ermənistan Respublikası hökumətinin proqramına baxanda, mən də bu nəticəyə gəlirəm ki, Ermənistan hökuməti üçün də Artsax (Qarabağ-red) məsələsi bağlanıb. Soyqırımın beynəlxalq tanınması məsələsi də artıq Türkiyə üçün 2015-ci ilədək olduğu qədər təhlükə kimi qəbul olunmur. Deməli bu məsələ də aktuallığını itirib. Burdan belə çıxır ki, bəli, Türkiyə münasibətlərin normallaşdırılmasına və sərhədlərin açılmasına hazırdır”.

Türkiyə prezidenti sözü gedən bəyanatında habelə Qarabağ müharibəsindən sonra verdiyi təklifi – üç Cənubi Qafqaz ölkəsinin, habelə Rusiya, Türkiyə və İranın iştirakı ilə altılıq platforma yaradılması təklifini təkrar edib.

Gürcüstan Rusiya ilə qarşıdurmasına görə bu təklifdən rəsmən imtina edib.

Beniamin Poqosyan düşünür ki, Ərdoğan bu təklifi ilə Qərbin Cənubi Qafqazdakı mümkün mövcudiyyətinin qarşısını almağa çalışır.

XS
SM
MD
LG