Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:33

'Eldar Həsənov hospitaldan çıxarılıb'


E.Həsənov
E.Həsənov

Keçmiş səfir, hazırda həbsdə olan Eldar Həsənovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalından yenidən istintaq təcridxanasına gətirildiyi bildirilir.

Bu barədə onun vəkili Cavad Cavadov məlumat yayıb. Vəkilin vurğulamasına görə, keçmiş səfirin Baş Prokurorluğun onunla bağlı açıqlamasına cavab verdiyi günün səhəri, avqustun 17-də müalicəsi yarımçıq kəsilib.

Amma, hələlik, bu məlumata DTX-dan münasibət almaq mümkün olmayıb.

Vəkilin iddiasına görə, Azərbaycan hökumətı adından Avropa İnsan Hüquqları Məhkəməsinə cavab verən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov isə avqustun 20-də E.Həsənovun hospitalda müalicəsinin davam etdiyini bildirib. C.Cavadovun vurğulamasına görə, üstəlik, onun və ərizəçinin bu situasiyadan manipulyasiya etdiyini deyən Ç.Əsgərov aralıq tədbirlərin qaldırılmasını (dayandırılmasını) xahiş edib.

"Avropa Məhkəməsinə müvafiq cavab ünvanlamışıq və əminəm ki, adekvat reaksiya veriləcək", - C.Cavadov qeyd edir.

Vəkilin bu dediklərinə, hələlik, Ali Məhkəmənin sədr müavini Ç.Əsgərovdan münasibət almaq mümkün olmayıb.

Eldar Həsənov prokurorluğun açıqlamasına cavab verdi

Keçmış səfir Eldar Həsənov prokurorluğun məlumatı ilə bağlı açıqlama yayıb.

Keçmiş səfir qeyd edir ki, 2020-ci il avqustun 13-də saxlandığının növbəti günü Bakı şəhər Səbail rayon Məhkəməsində ilk və sonuncu dəfə ifadə verib: "Baş verənlər bir anlaşılmazlıqdır, aparılan cinayət işi ilə bağlı bütün məsələlərin ölkə daxilində, hüquqi müstəvidə, obyektiv və ədalətli araşdırılmasına ümid edirəm, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədalətinə inanıram".

O, vurğulamasına görə, həbsinin, ittihamların qanunsuz, əsassız, qərəzli və sifarişli olmasına etiraz olaraq indiyə qədər ifadə verməyib.

Prokurorluğun mətbuata verdiyi açıqlama ilə bağlı isə bildirib ki, həbsinin əsl səbəbi qətiyyən həmin məlumatda göstərilənlər deyil: "Həbsimin həqiqi səbəbi əslində guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub"

Onun qeyd etməsinə görə, Xarici İşlər Nazirliyinin qapalı iclaslarında, həmçinin yazdığı məktublarda dövlətin apardığı siyasətə xələl gətirən, zərər verən laqeyd münasibəti tənqid edib: "Amma məsuliyyətli məmur kimi onları heç vaxt, heç bir yerdə ictimailəşdirməmişəm".

Vurğulamasına görə, istintaqın müxtəlif mərhələlərində ona adlarını açıqlamaq istəmədiyi şəxslərə qarşı müəyyən ifadələr verməsi, bunun müqabilində azadlığa buraxılmasına dair çoxsaylı təklif və cəhdləri rədd edib.

Keçmiş səfirə görə, verilmiş ittihamlar heç bir mötəbər sübuta, dəlilə, hüquqi və prosessual əsaslara söykənmir: "...Mülahizə və ehtimallar əsasında sifarişli, qərəzli, qisas almaq niyyətindən başqa bir şey deyildir".

Keçmiş səfirin bu açıqlamasına Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Eldar Həsənovla bağlı istintaq tamamlanıb

Keçmış səfir Eldar Həsənov barəsində Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə bu gün, avqustun 16 -da Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, istintaq onun Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illəri əhatə edir: "Eldar Həsənova ... Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub".

Bildirilir ki, avqustun 16-da cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlumata görə, E.Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir: "Son zamanlar bəzi sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Eldar Həsənovun səhhəti ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayılmaqdadır. O, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunub, barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmayıb".

Bu açıqlamaya, hələlik, E.Həsənovun vəkillərindən münasibət almaq mümkün olmayıb.

Vəkilləri Eldar Həsənovun səhhətindən narahatdır

Vəkillər Valeh Mehrəliyev, Adəm Məmmədov, Cəlil Mirzəyev və Cavad Cavadov mətbuat vasitəsilə Azərbaycan Baş prokuroruna müraciət edərək keçmiş Baş prokuror, hazırda həbsdə olan Eldar Həsənovun səhhəti ilə bağlı narahatlıqlarını bildiriblər.

"Məhkəməyə müraciət etməyi lazımsız bilirik. Ona görə ki, bizim dəfələrlə məhkəmələrdə vəsatətimizə rədd cavabı olub. Bu il iyulun 30 -da ölkə prezidentinə də bu barədə müraciət etmişdik. Baş prokuror Kamran Əliyevə Eldar Həsənovun müalicəsinin ixtisaslaşmış xəstəxanada və həbsiz davam etdirilməsi üçün yeni vəsatət ünvanladıq", - vəkillərdən C.Cavadov söyləyib.

"Yıxılıb"

Vəkillərin müraciətinə görə, dünən, avqust 8-də E.Həsənov saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında növbəti başgicəllənmə nəticəsində huşunu itirib və yerə yıxılıb. Qeyd edildiyinə görə, bunun nəticəsində o, xoşbəxtlikdən başından hər hansı zədə almayıb. "Tibbi yardım göstərilsə də, başgicəllənmələr 15-20 dəqiqə dayanmayıb və həkimlər bunun həyəcan verici siqnal olduğunu bildiriblər", - müraciətdə yazılıb.

Vurğulandığına görə, həmin gün saat 11:30 radələrində vəkillə və müstəntiqlə görüşə E.Həsənov artıq əngəlli insanlar üçün nəzərdə tutulan arabada gətirilib.

Hələlik, qeyd edilənlərə Baş Prokurorluq və hərbi hospitaldan münasibət almaq mümkün olmayıb.

Həbsdə olan keçmiş Baş prokuror E.Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalında bu il iyulun 12 -də əməliyyat olunmuşdu. Bu barədə onun yaxınları da məlumat vermişdilər: "O, bağırsaq keçməməzliyindən əziyyət çəkməsinə görə cərrahiyyə əməliyyatı olunub".

E.Həsənovun iyulun 2-də stasionar qaydada müayinə, müalicə və cərrahiyyə əməliyyatı olunmasından ötrü DTX-nın Hərbi Hospitalına köçürüldüyü bildirilmişdi. Yaxınlarının deməsinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu il mayın 7-də verdiyi (Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq) qərarına əsasən, E.Həsənov stasionar qaydada müalicə olunmalıydı. Amma onların vurğulamasına görə, həmin qərarın icrası gecikdirilib. Vəkilin müraciəti əsasında Avropa İnsan Hüquqları Məhkəməsi iyunun 23-də əvvəlki qərarını təkrarlayıb. Nəhayət, iyulun 2-də E.Həsənov xəstəxanaya köçürülüb. Yaxınlarının qeyd etməsinə görə, nəticədə onun səhhəti bu müddətdə daha da ağırlaşıb, onu daha bir neçə ağır əməliyyatdan keçəcəyi güman edilirdi.

Bu işdə istintaqı prokurorluq aparır, amma E.Həsənovun öz istəyi ilə DTX-nin İstintaq təcridxanasında qaldığı açıqlanmışdı.

Xatırlatma

1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan E.Həsənov ötən il avqustun 13-də saxlanıb. O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyi əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub. E.Həsənov ittihamları qəbul etmir.

XS
SM
MD
LG