Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:51

Eldar Həsənovun vəkilləri prezidentə üz tutdular


E.Həsənov
E.Həsənov

Azərbaycanın hazırda həbsdə olan keçmiş baş prokuroru Eldar Həsənovun vəkilləri prezidentə müraciət ediblər.

Müraciətdə qeyd edilir ki, istintaq təcridxanasında saxlanan keçmiş baş prokuror (keçmiş səfir) E.Həsənovun səhhətində ciddi problemlər var və onun müalicəyə ehtiyacı yaranıb.

"Həyatı üçün təhlükə var"

Vəkillərdən Cavad Cavadov vurğulayır ki, E.Həsənovun vəziyyəti həqiqətən ağırdır: "Bu, humanitar məsələdir. Həyatı üçün təhlükə var. İstəmirik problem böyüyüb Avropa səviyyəsinə çatsın. Eldar Həsənovun müalicəsi və azad olunması ölkə daxilində həll olunmalıdır".

Vəkillərin müraciətlərində isə yazılıb: "İki aya yaxındır ki, müayinə və tibbi yardım üçün müxtəlif xəstəxanalardan ixtisaslaşmış həkimlərin Eldar Həsənovun saxlanıldığı istintaq təcridxanasına dəvət olunması barədə verilmiş vəsatətlərə, müraciətlərə Baş Prokurorluğun istintaq qrupu tərəfindən icazə verilməyib. Həmçinin, son altı ay ərzində dəfələrlə Eldar Həsənovun həbs-qətimkan tədbirini dəyişməklə Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarda cərrahi əməliyyatlar keçirilməsinə dair verilmiş vəsatətlər, şikayətlər heç bir qanuni əsaslar gətirilmədən rədd edilərək icazə verilməyib".

Müraciətdə habelə bildirilir ki, son altı ildə keçmiş baş prokuror yeddi ağır cərrahi əməliyyat keçirib. Onun onurğa problemlərindən, ürək ağrılarından hazırda əziyyət çəkdiyi vurğulanır.

Müraciətə, hələlik, Baş Prokurorluq və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan 66-yaşlı Eldar Həsənov ötən il avqustun 13-də saxlanıb. O, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan Xarici İşlər Nazirliyi əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub. E.Həsənov ittihamları qəbul etmir və özünü təqsirli bilmir.

XS
SM
MD
LG