Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:47

Navalnı məhkəmədə Putini acı sözlərlə tənqid elədi


Navalnı məhkəmədə teleekranda görünür
Navalnı məhkəmədə teleekranda görünür

Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnı məhkəmədə Rusiya Prezidenti Vladimir Putini və ölkənin məhkəmə sistemini acı sözlərlə tənqid edib.

Həbsxanada üç həftəlik aclıq aksiyasına son qoyandan sonra ilk dəfə görünən Navalnı təqsirli bilindiyi böhtan işi üzrə apellyasiya məhkəməsinə videoəlaqə vasitəsilə qatılıb. O, bir müddət öncə 2-ci Dünya Müharibəsi veteranını təhqir etməkdə təqsirli bilinib. Müxalifətçi məhkəmədə “prokurorları cinayət məsuliyyətinə cəlb etməyə” çağırıb.

Başı qırxılmış, xeyli arıq görünən Navalnı Putini “paltarsız imperator” adlandırıb, deyib ki, Rusiya onun idarəçiliyi altında “hər il geriləyir”.

“Tac imperatorun qulaqlarından sürüşüb düşür: TV-də yalanlar eşidilir, trilyonlarla rubl xərclənir, amma ölkəmiz yoxsulluğa yuvarlanır”, – Navalnı vurğulayır.

Emosional çıxışından az sonra hakim Navalnının apelyasiya şikayətini təmin etməyib.

Navalnı Kremlin təşkilatçılığı ilə videoya çəkilənlərə lağ etmiş, onları “korrupsioner lakeylər və xəyanətkarlar” adlandırmışdı.

Videodakı 94 yaşlı veteran müxalifətçini məhkəməyə verib, ötən ay məhkəmə Navalnını veterana böhran atmaqda təqsirli bilərək 850 min rubl (11 min 500 dollar) cərimələyib.

***

Rusiya hakimiyyəti həbsdə olan müxalifətçi Aleksey Navalnıya yeni cinayət işi açıb, onun vətəndaşların hüquqlarını pozan qeyri-kommersiya təşkilatı qurduğu iddia olunur.

Navalnının komandası müxalifətçinin vebsaytında yerləşdirdiyi bəyanatda bildirir ki, ittiham prokurorların başqa bir iddiası üçün toplanan informasiyadan qaynaqlanır. Həmin iddia Navalnının siyasi təşkilatına ekstremist damğası vurmağı hədəfləyir.

“Bütün materialdan yalnız yeni ittiham çıxarıla bilər. Navalnı, Jdanov və Volkova qarşı Cinayət Məcəlləsinin yetərincə ekzotik 239-cu maddəsi irəli sürülür: vətəndaşların hüquqlarını pozan qeyri-kommersiya təşkilatı yaratmaq”, – bəyanatda deyilir.

Məhkəmə iddiaya baxacaq

İvan Jdanov Navalnının Antikorrupsiya Fondunun direktoru, Leonid Volkov onun regional qərargahlar şəbəkəsinin rəhbəridir.

Bu gün – aprelin 29-da Moskva Şəhər Məhkəməsi prokurorların Navalnıya bağlı üç təşkilata qarşı qaldırdığı iddiaya baxmalıdır. Antikorrupsiya Fondu daxil olmaqla 3 təşkilatın “ekstremist” hesab olunması istənilir. Prokurorların bildirməsinə görə, bu təşkilatlar “özlərinin liberal şüarları altında sosial və ictimai-siyasi vəziyyəti sabitsizləşdirmək üçün şərait yaradıblar”.

Bu arada Navalnının yaxın məsləkdaşı deyib ki, regional şəbəkə buraxılacaq. Leonid Volkov aprelin 29-da YouTube sosial şəbəkəsində yerləşdirdiyi videoda deyir ki, Rusiya hakimiyyətinin təzyiqi altında əməliyyatları idarə etmək “mümkün olmayacaq”.

Volkovun sözlərinə görə, məhkəmənin gözlənən qərarı o deməkdir ki, əməliyyatlarla əlaqəli hər bir kəs “dərhal ekstremizmdə ittiham olunacaq, bu isə qərargahlarda işləyənlərin, onlarla əməkdaşlıq edənlərin həbsilə nəticələnəcək”.

İnsan haqları fəalları prokurorluğun iddiasını ölkədə müxalifəti və narazıları susdurmağa yönəlik “qalmaqallı” cəhd adlandırıb.

Rusiya qanunvericiliyinə görə, “ekstremist” təşkilata üzvlüyə, yaxud onu maliyyələşdirməyə görə 10 ilədək həbs cəzası kəsilə bilər.

“Amnesty International” insan haqları təşkilatı bu addımı “Rusiyanın postsovet tarixində ifadə və birləşmə azadlıqlarına ən ciddi zərbələrdən biri” adlandırıb.

Xatırlatma

Navalnı ötən avqustda Sibirdə kimyəvi qazla zəhərlənəndən sonra Almaniyada bir neçə ay müalicə almışdı. Avropada laboratoriyalar müxalifətçinin Noviçok qazından zəhərlənməsi qənaətinə gəlib. O, yanvarın 17-də Almaniyadan qayıdarkən Moskva aeroportunda saxlanıb.

Navalnı zəhərlənməsinin arxasında birbaşa Rusiya Prezidenti Vladimir Putinin dayandığını desə də Kreml bunu təkzib edir.

Fevralda isə Moskvada məhkəmə qərar verdi ki, Navalnı Almaniyada olarkən daha öncə mənimsəmə ittihamıyla təqsirli bilindiyi şərti cəzanın şərtlərini pozub və onu 2 il yarım real həbsə məhkum elədi. Özü və tərəfdarları həmin işi də siyasi motivli sayır.

Birləşmiş Ştatlar və Avropa Birliyi Navalnı işi və etirazçılara təzyiqlərə görə Rusiyaya sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG