Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:50

'Eldar Həsənov ağrılara görə kameradan çıxıb gələ bilmədi'


E.Həsənov
E.Həsənov

Həbsdə olan keçmiş səfir və baş prokuror Eldar Həsənovun vəkili onun həyatının təhlükə altında olduğunu deyir. Bu barədə AzadlıqRadiosuna məlumat verən vəkil Adəm Məmmədov bildirib ki, əgər təcili tədbir görülməsə, müvəkkili qısa müddətdə həyatını itirə bilər.

Müdafiəçinin sözlərinə görə, Həsənovun durumu o qədər ağırdır ki, kameradan çıxıb vəkili ilə görüşə gələ bilməyib: "Bir neçə gün bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında Eldar Həsənovla görüşmək istəsəm də, o, ağrılarına görə kameradan çıxa bilmədi. Səhhətində təhlükəli problemlər var. Bu da kəskin ağrılar verir".

Məmmədov müvəkkilinə tibbi yardım göstərilməsi üçün Baş Prokurorluğa müraciət edib. Dediyinə görə, müraciətdən bir aydan çox vaxt keçsə də, heç bir cavab ala bilməyiblər.

"Belə münasibət Eldar Həsənovun fiziki cəhətdən məhv olmasının arzulandığını göstərir. Dövlətinə uzun müddət xidmət edən 66-yaşlı şəxsə qarşı bu ədalətsiz və qanunsuz münasibət dünyanın heç bir yerində yoxdur", – vəkil belə deyir.

Həsənovun mərhum vəkili Adil İsmayılov da AzadlıqRadiosuna onun səhhətində kəskin problemlər olduğunu, gündəlik xeyli dərmanlar qəbul etdiyini desə də, fərdi məlumatların mühafizəsi baxımından onun hansı xəstəliklərdən əziyyət çəkdiyini açıqlamamışdı.

Keçmiş səfir 2020-ci ilin avqustunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Onun işi üzrə istintaq araşdırmaları da DTX-nın İstintaq Baş İdarəsində aparılırdı. Sonradan müdafiə tərəfinin müraciəti əsasında cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinə verilsə də, özü DTX-nın istintaq təcridxanasında saxlanılır.

Həsənovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun girov müqabilində, yaxud ev dustaqlığına buraxılması üçün bir neçə dəfə məhkəməyə müraciət olunsa da, "yox" deyilib.

Xatırlatma

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan Eldar Həsənov avqustun 13-də saxlanılıb. O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.

Ona qarşı CM-in 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Həsənov ittihamları qəbul etmir və özünü təqsirli bilmir. Vəkili deyir ki, o, qanunsuzluğa və ədalətsizliyə etiraz olaraq istintaqda ifadə verməkdən də imtina edib.

XS
SM
MD
LG