Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:31

ABŞ-da vaksinlənənlər 100 milyona yaxınlaşır, Rusiyada ölümlər 225 mini keçir


ABŞ-da vaksinasiya məntəqəsi, arxiv fotosu
ABŞ-da vaksinasiya məntəqəsi, arxiv fotosu

Aprelin 1-də Avropa Birliyinin (AB) üzvləri onlara çatacaq vaksinin bir hissəsini ən çox ehtiyacı olan beş AB üzvü ilə paylaşmağa razılaşıblar

Rusiyada COVID ölümləri 225 mini keçdi

Aprelin 2-də Rusiyanın Rosstat statistika agentliyinin verdiyi məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı 225 mini keçib.

Rosstatın dərc etdiyi göstəricilər 2020-ci ilin aprelindən 2021-ci ilin fevralınadək olan 11 ayı əhatə edir.

Bu rəqəmlərə görə Rusiya COVID-19 ölümlərinə görə Birləşmiş Ştatlar və Braziliyadan sonra üçüncü yerə çıxır.

ABŞ-da indiyədək 553 min, Braziliyada isə 325 min koronavirus ölümü qeydə alınıb.

Rosstatın təqdim etdiyi ölüm rəqəmləri Rusiya hökumətinin açıqlqadığı rəqəmlərdən iki dəfə çoxdur.

Hökumət indiyədək 99 min nəfərin öldüyünü bildirir, lakin bu göstəricidə ölənlərin autopsiyasından sonrakı rəqəmlər əksini tapmayıb.

Rosstatın aprelin 2-də açıqladığı rəqəmlər bu ilin fevralında ötən ilin müvafiq dövrü ilə müqayisədə 29493 daha çox insanın vəfat etdiyini göstərir.

Qlobal koronavirus statistikası xeyli yayğındır və Çin və İran kimi ölkələrin ölüm sayı rəqəmlərini tam açıqlamadığına inanılır.

Məsələn, koronavirus pandemiyasının başlandığı Çin indiyədək yalnız 5 min ölüm halı barədə məlumat verib.

***

Birləşmiş Ştatlarda peyvənd vurulan şəxslərin sayı 100 milyona yaxınlaşır. Səhiyyə rəsmiləri isə yeni ştammlar və iqtisadiyyatın təkrar açılmasının yoluxmaları artıracağı ilə bağlı xəbərdarlıq edirlər.

99.6 milyondan çox insan, yaxud ölkə əhalisinin 30 faizinə vaksinin azı bir dozası vurulub. Bunu Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) aprelin 1-də açıqlayıb. 56 milyon nəfərin vaksinasiyası tamamlanıb.

Prezident Co Bayden yanvarın 20-də vəzifəsinin icrasına başlayanda prezidentliyinin ilk 100 günündə 100 milyon doza vurulacağını hədəf qoymuşdu. Yeni hədəf isə 200 milyon doza vurmaqdır. Moderna və Pfizer-BioNtech vaksinləri iki dozalıdır.

91 faiz effekt

Pfizer Almaniyadan tərəfdaşı BioNTech ilə birlikdə hazırladıqları COVID-19 vaksininin uzunmüddətli effektinə dair məlumatı yeniləyiblər.

Şirkətlər vaksinin simptomatik xəstəliyə qarşı 91 faiz effektli olduğunu bildirirlər. Hər iki doza vurulandan altı ay sonra vaksin xəstəliyin ağır formalarından daha çox qoruyur.

Bu arada Birləşmiş Ştatlarda koronavirusa yoluxmalar yenidən yüksəlir, amma yenə də yanvardakı pik həddən aşağıdır.

Ölkədə yeddi günlük ortalama yoluxma sayı 66 min civarına yüksəlib, bu isə daha öncəki yeddi günlük göstəricidən 15 faizədək yuxarıdır.

Günə 900-dək ölüm qeydə alınır. Pandemiyanın pik dövründə ABŞ-da 3 mindən çox adam ölürdü.

Braziliya və digər ölkələr

Amma Braziliya, Avropa və digər yerlərdə baş verənləri nəzərə alaraq səhiyyə rəsmiləri narahatdırlar ki, əhalinin əsas hissəsi vaksin olunanacan daha bir yoluxma dalğası gələ bilər.

Mart Braziliya üçün koronavirusdan ən ölümcül ay olub, 66 min 573 nəfər vəfat edib. Bu, iyuldakı rekorddan iki dəfə çoxdur.

P1 adlı Braziliya ştammının səbəb olduğu bu dalğa Latın Amerikasını tədbirlər görməyə sövq edir. Çili regionda vaksin kampaniyasının önündə getməsinə baxmayaraq, sərhədlərinin əsas hissəsini bağlayıb.

Bu ölkə iki aydan da az vaxt ərzində 19 milyonluq əhalisinin üçdə birindən çoxuna peyvənd vurdurub. Amma virus ştammları sürətlə yayılır, xəstəxanalar dolur.

Boliviya da aprelin 2-dən Braziliya ilə sərhədini bağlayacaq. Argentina ötən həftədən sərhəd qadağalarını sərtləşdirib, Braziliya, Çili və Meksikadan uçuşları qadağan edib.

Ramazanda vaksin

Müsəlman dünyasında aprelin 12-dən mayın 12-cən Ramazan ayıdır, dindarlar sübhdən gün batanacan oruc tuturlar.

Livanın ali dini lideri deyib ki, vaksin vurdurmaq, yaxud test vermək orucu pozmur. Şeyx Əbdül-Lətif əl-Derian vaksinin əzələdaxili olduğunu deyərək orucu pozmayacağını vurğulayıb.

Aprelin 1-də Avropa Birliyinin (AB) üzvləri onlara çatacaq vaksinin bir hissəsini ən çox ehtiyacı olan beş AB üzvü ilə paylaşmağa razılaşıblar.

AB-də vaksin dozaları adətən blokun 27 üzvü arasında əhali sayına uyğun bölüşdürülür.

Blok təmsilçiləri danışıqlardan sonra 10 milyon doza BioNTech-Pfizer vaksini üçün sistemi ikinci rübdə dəyişməyə razılıq veriblər. Daha çox ehtiyacı olan ölkələrə daha çox vaksin çatdırılacaq.

10 milyon dozanın 2.85 milyonu isə “həmrəylik vaksini” kimi beş ölkə – Bolqarıstan, Xorvatiya, Estoniya, Latviya və Slovakiya arasında paylaşdırılacaq. Onlar bundan savayı ümumi 10 milyon dozadan da paylarını alacaqlar.

XS
SM
MD
LG