Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:39

Fransa, Kanada yenidən qadağalar tətbiq edir


Arxiv fotosu
Arxiv fotosu

Kanadanın ən sıx məskunlaşmış Ontario vilayəti aprelin 1-də elan edib ki, qadağalar həftəsonundan 28 günlüyə bərpa olunur

Mart ayı Braziliya üçün koronavirus pandemiyasının ən çox ölümlə nəticələndiyi ay oldu. Ötən ay qeydə alınan 66 min 573 ölüm ötən iyuldakından iki dəfədən də çoxdur.

Martın 31-də isə daha bir rekord – 3 min 869 ölüm təsdiqlənib.

Hazırda dünyada koronavirusdan ölümlərin 25 faizə qədəri 212 milyon əhalisi olan bu Cənubi Amerika ölkəsinin payına düşür. 320 mindən artıq ölümlə Braziliya dünyada Birləşmiş Ştatlardan sonra ikinci yerdədir.

İlkin varianta yoluxanlar da bu ştamma tutulur

Yeni yoluxma dalğası P1 kimi tanınan Braziliya ştammının yayılması ilə izah olunur. İlkin varianta yoluxanların da bu ştamma yoluxması qeydə alınıb. Bu isə bəzi vaksinlərin həmin varianta necə təsir göstərəcəyi ilə bağlı suallar yaradıb.

P1 ştammı Birləşmiş Ştatlar, Britaniya və Almaniya daxil olmaqla azı 20 ölkədə qeydə alınıb. Avropada isə hazırda B.1.1.7 adlı Britaniya ştammı üçüncü yoluxma dalğasını gücləndirir. Ölkələr bir-birinin ardınca qadağalar tətbiq edir, yaxud müddətini uzadırlar.

Fransa Prezidenti Emmanuel Makron martın 31-də ölkədə məktəblərin üç həftəliyə bağlandığını, məhdud lokdaun tətbiq olunacağını açıqlayıb. O, televiziya ilə çıxışında deyib ki, Fransa boyunca səyahət məhdudiyyətləri olacaq, həyati əhəmiyyətli olmayan mağazalar bağlanacaq, kommendant saatı uzadılacaq.

Martın 30-da Fransada reanimasiyada yatan COVID-19 xəstələrinin sayı 5 mini keçib. Son 11 ayda ilk dəfədir belə yüksək göstərici qeydə alınır.

İtaliya hökuməti isə koronavirus qadağalarını aprelin sonunadək uzadıb. Restoranlar, mağazalar, muzeylər bağlıdır.

ABŞ, Kanada

Birləşmiş Ştatlarda bir çox ştatlar qadağaları qaldırdıqca səhiyyə rəsmiləri qaydalara əməl etməyə çağırırlar. Artıq ölkədə gündəlik orta yoluxma sayı 66 min civarındadır ki, bu da öncəki yeddi günlük göstəricidən 15 faiz yüksəkdir. Martın ortasında bu rəqəm 250 min idi.

ABŞ səhiyyə rəsmiləri Braziliya, Avropa və digər yerlərdə baş verənlərdən getdikcə daha çox narahat olur, əhalinin əsas hissəsinə vaksin vurulanadək yeni yoluxma dalğasının gələ biləcəyini deyirlər.

Artıq 96 milyondan çox adama, əhalinin 30 faizinə vaksinin azı bir dozası vurulub. 53.4 milyon nəfərin vaksinasiyası isə tamamlanıb.

Kanadanın ən sıx məskunlaşmış Ontario vilayəti aprelin 1-də elan edib ki, qadağalar həftəsonundan 28 günlüyə bərpa olunur.

Kvebek vilayətində yoluxmalarda kəskin artımdan sonra hökumət aprelin 1-dən lokdauna gedib.

XS
SM
MD
LG