Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:32

Fuad Qəhrəmanlı: 'Təhdid altında vəkildən imtina etmişəm'


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı bildirib ki, 2020-ci ilin iyulunda dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunduqdan az sonra vəkilindən imtina etməsi səbəbsiz deyildi. Bu barədə martın 11-də məhkəmədə ifadə verərkən danışan Qəhrəmanlı deyir ki, onu ailə üzvləri ilə təhdid edib bu addımı atmağa məcbur etmişdilər.

Qəhrəmanlı iyulun 14-dən 15-nə keçən gecə Bakıda orduya dəstək yürüşündə baş verənlərlə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biridir. Bu iş üzrə ümumilikdə 36 nəfər təqsirləndirilən şəxs var ki, məhkəmədə onlar hər birində 12 nəfər olmaqla, üç qrupa bölündü. Qəhrəmanlının da daxil olduğu qrupun işinə Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarov baxır. AXCP Rəyasət Heyətinin digər üzvləri Bəxtiyar İmanov, Ayaz Məhərrəmli də bu qrupda mühakimə olunur.

Qəhrəmanlı dindirilərkən istintaqa ifadəsinin saxtalaşdırıldığını, demədiyi fikirlərin protokola əlavə edildiyini bildirib. Yürüşdə iştirak etmədiyini deyən AXCP funksioneri bu cinayət işinin siyasi motivli olduğunu vurğulayıb. Onun sözlərinə görə, AXCP-ni yürüşdə baş verənlərlə əlaqələndirmək cəhdi məntiqsizdir: "Hansısa cinayətin səbəbi, əsası olmalıdır. Partiya orada baş verənlərdən hansı divident əldə edə bilərdi? Tamamilə məntiqsizdir. Ümumiyyətlə, partiya olaraq biz bu yürüşdə iştirakın əleyhinə idik. İstəmirdik ki, hökumət bəhanə edib siyasiləşdirsin".

Təqsirləndirilən Bəxtiyar İmanov da, ümumiyyətlə, o yürüşdə iştirak etmədiyini, ittihamların əsassız olduğunu vurğulayıb.

Məhkəmə prosesi martın 17-də davam edəcək.

Xatırlatma

2020-ci ilin iyulunda Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakıda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG