Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:40

AXCP fəalı: 'Hakimin qarşısında üst-başım qan içində idi...'


Ramid Nağıyev
Ramid Nağıyev

2020-ci ilin iyulunda Bakıda keçirilmiş orduya dəstək yürüşündən sonra həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalları saxlanılarkən işgəncəyə məruz qaldıqlarını deyirlər. Onlar bu haqda martın 9-da Səbail rayon Məhkəməsində ifadə verərkən danışıblar.

AXCP Təşkilat Komitəsinin təlimatçısı Ramid Nağıyev deyir ki, iyulun 18-də günorta saatlarında onu fəhlə işlədiyi tikinti sahəsindən tutub aparıblar: "İşlədiyim yerdə elə çatan kimi yerə yıxdılar, döyməyə başladılar. Özlərini Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim etmişdilər. Amma Nərimanov rayon Polis İdarəsinə apardılar. Döyülmə orada da davam elədi, amma orada dubinka ilə döyürdülər".

"Burnum zədələnmişdi, qanı dayanmırdı"

Nağıyevin sözlərinə görə, polis idarəsindən onu həbs qərarı verilməsi üçün məhkəməyə aparıblar. Həmin vaxt üzündə xəsarətlər, paltarlarında qan olub. AXCP fəalı iddia edir ki, Nəsimi rayon Məhkəməsində onun haqqında həbs qərarı verən hakim də döyüldüyünü görüb, amma heç bir tədbir görməyib: "Burnum zədələnmişdi, qanı dayanmırdı. Hakimin qarşısında üst-başım qan içində idi".

Hakim Ülviyyə Şükürova Nağıyevə xatırladıb ki, onun haqqında həbs-qətimkan tədbiri seçilməsi haqda qərarda məhkəmədə işgəncə, pis rəftardan şikayətlənmədiyi qeyd olunub. Nağıyev isə bu haqda yazılanların yalan olduğunu bildirib.

Təqsirləndirilən Baba Süleymanov həbs olunarkən və istintaqda, əsasən, psixoloji, Kürdəxanıdakı istintaq təcridxanasında isə fiziki təzyiqlərə məruz qalmasından danışıb. O bildirib ki, ürəyində ciddi problemlər var, bunu polis və müstəntiqlər də bilirdi. Hər gün bir neçə dəfə huşunu itirirdi, ona görə də istintaqçılar ona fiziki təzyiq göstərmədilər. Amma onu hədələyərək partiya rəhbərliyinin əleyhinə ifadəyə imza atdırıblar: "Dedilər ki, ya öz verdiyin ifadəyə qol çəkəcəksən, amma dövlət çevrilişinə cəhd maddəsini də verəcəyik sənə, ya da biz deyən ifadəyə qol çəkəcəksən, maddələrin daha yüngül olacaq. Vəziyyətim dözməyə imkan vermirdi. Onların dedikləri ifadəni kamera qarşısında da təkrarlatdırdılar. Asif Yusifli ilə üzləşmədə onun üzünə durmağı tələb etdilər. Guya Əli Kərimli təlimat verib, Asif Yusifli və digərləri də yönləndirib".

"Polis yürüşə çıxanları dağıtmırdı"

Süleymanovun sözlərinə görə, Bakı İstintaq Təcridxanasına daxil olarkən, həmçinin məhkəməyə aparılarkən dustaqların üzərində axtarış aparan Dəyanət adlı əməkdaş var. Təcridxanaya gətirilərkən onun tərəfindən döyüldüyünü vurğulayıb.

"Belə görünürdü ki, o yürüş Qarabağla bağlı olduğuna görə dövlətin özünün təşəbbüsü ilə keçirilir. Karantin rejimi olmasına baxmayaraq, polis yürüşə çıxanları dağıtmırdı, əksinə, şərait yaradırdı, yolları açırdı. Biz də buna güvənib, o yürüşə getmişdik", – Süleymanov belə deyir.

Vəkillər məhkəmədə vəsatət qaldırıb ki, məhkəmə təqsirləndirilən şəxslərin işgəncə ilə bağlı şikayətlərini araşdırılması üçün prokurorluğa göndərsin.

Orduya dəstək yürüşündə baş verənlərlə əlaqədar cinayət işi üzrə təqsirləndirilən 36 nəfərin işi üç qrupa ayrılıb. Hər qrupda 12 nəfər mühakimə olunur. Bu qrupun məhkəməsi martın 16-da davam edəcək.

Xatırlatma

2020-ci ilin iyulunda Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Həm Daxili İşlər Nazirliyi, həm də Baş Prokurorluq dindirmələr zamanı şəxsin özünün və ya bir başqasının əleyhinə ifadə almaq üçün işgəncə verilməsi haqda iddiaları rədd edir. Bu haqda iddiaları məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir.

Penitensiar Xidmət də bu qurumun tabeliyində olan istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının tam təmin olunduğunu iddia edir.

XS
SM
MD
LG