Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:53

BMT: Koronavirusun yayılması təhlükəli miqyas alır


Tedros Adhanom Ghebreyesus
Tedros Adhanom Ghebreyesus

BMT-nin səhiyyə agentliyi yeni koronavirusla bağlı həyəcan səviyyəsinə düzəliş edib.

Xəbər verilir ki, virusun yayılma episentri olan Çində yoluxma hallarının azalmağa başlamasına baxmayaraq, dünya boyunca kütləvi yoluxmalar davam edir.

Dünya Səhiyyə Təşkilatının (DST) rəhbəri Tedros Adhanom Ghebreyesus fevralın 28-də jurnalistlərə deyib:

"Biz indi COVID-19 virusunun yayılması və təsiri barədə deyə bilərik ki, epidemiya planet miqyasında çox yüksək həddinə çatıb”.

Neftin qiyməti 2017-ci il səviyyəsinə düşüb

Koronavirusun yayılması nəticəsində birjalarda dalbadal 6-cı gündür ki, əsas indekslər düşməkdə davam edir və dünya maliyyə bazarı 2008-ci ilin qlobal böhranından bu yana özünün ən pis həftəsini yaşayıb.

İlkin hesablamalara görə qlobal bazar öz dəyərinin 6 trilyon dollarını itirib.

Neftin qiyməti fevralın 28-də 5, 1 faiz düşüb və hazırda bir barrel neftin qiyməti 50 dollardan ucuzdur.

Bu, 2017-ci ildən bəri ən aşağı qiymətdir.

ABŞ İranla düşmənçiliyi müvəqqəti “unudur”

İran Yaxın Şərqdə virusun ən çox yayıldığı ölkədir və bəzi məlumatlara görə orada hökumət epidemiyanın miqyasını gizlətməyə çalışır.

Son rəsmi məlumata görə İranda koronavirusdan ölənlərin sayı son 24 saatda daha 8 nəfər artaraq 34-ə çatıb.

İranda virusa yoluxanların sayı isə bir gün ərzində 143 nəfər artaraq 388-ə yüksəlib.

Vitse-prezident Massumeh Ebtekar
Vitse-prezident Massumeh Ebtekar

Burada virusa yoluxanlardan 4-ü millət vəkilidir. Ölkənin vitse-prezidenti Masumeh Ebtekar və səhiyyə naziri Iraj Harirchi də yoluxanların arasındadır.

Səhiyyə Nazirliyi adamlara ictimai yığıncaqlar, toy və yas mərasimləri keçirməməyi tövsiyə edib.

ABŞ dövlət katibi Mike Pompeo deyib ki, Amerika hazırda özünün qatı düşməninə qarşı tədbirləri dayandırıb və hətta Tehrana epidemiya ilə mübarizədə texniki yardım təklif edib.

Azərbaycan, Meksika, Yeni Zelandiya…

COVID-19 virusu onlarca ölkədə 83 min insana yoluxub və 2800 nəfərin ölümünə səbəb olub.

Fevralın 28-də dünyanın 4 kontinentində olan ölkələr – Azərbaycan, Belarus, Danimarka, Estoniya, Litva, Meksika və Yeni Zelandiya virusa ilk yoluxma halları barədə məlumat veriblər.

Tedros deyib ki, bu virusu buxovlamaqda ən əsası onun yayılmasının qarşısını almaqdır.

Belarusda İran vətəndaşında koronavirus aşkar edilib. Səhiyyə Nazirliyi onun karantinə alındığını və durumunun qənaətbəxş olduğunu bildirir.

Azərbaycanda Koronavirus Böhran Mərkəzi bildirib ki, İrandan gəlmiş bir Rusiya vətəndaşına virusun yoluxduğu təsdiqlənib.

Koronavirus şübhəliləri hansı şəraitdə saxlanılır? Video
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Bu arada Gürcüstan ikinci vətəndaşında virusun tapıldığını bildirib.

Gürcüstanda ilk koronavirus yoluxması Azərbaycandan keçməklə İrandan Gürcüstana gələn vətəndaşda qeydə alınmışdı.

Moldovanın Xarici İşlər Nazirliyi bəyan edib ki, İtaliyada işləyən moldovalı qadında COVID19 virusu aşkar olunub.

Tedros bunu da deyib ki, müxtəlif ölkələrdə 20-dək vaksin üzərində iş gedir və bir neçə klinikada eksperimental müalicə sınaqları aparılır.

Rəsminin sözlərinə görə, bu sahədə ilkin nəticələr qarşıdan gələn həftlərdə məlum olacaq.

XS
SM
MD
LG