Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 04:38

Shenderovich: "Sevdiyimiz qızlara Azərbaycan qərənfilləri bağışlayırdıq"


Victor Shenderovich
Victor Shenderovich

-

“Təəssüf ki, Azərbaycan məndə avtoritar rejimlə assosiasiya olunur...”

Victor Shenderovich-in AzadlıqRadiosundakı qısa müsahibəsini görəndə, öz-özümə sual verdim ki, bu müsahibə niyə də geniş, ətraflı olmasın. Axı, o da Azadlıq Radiosunun Moskva Bürosu üçün yazır, eyni radionun müəllifləriyik, demək olar ki, iş yoldaşı sayılırıq.

Bunları özünə yazdım və bəzi suallarımı cavablandırmasını istədim. Məni təəccübləndirəcək qədər tez cavab verdi və bildirdi ki, suallarımı elektron poçtuna göndərə bilərəm.

Cəmi iki gündən sonra Rusiyanın ən sevilən və eyni dərəcədə nifrət edilən yazarı, intellektualı, ziyalısı Viktor Şenderoviçin cavabları məndə idi. O, cavablarla birlikdə, mənə ən xoş arzularını və uğur diləyini də göndərmişdi.

- Düşünürəm ki, Ukraynadakı vəziyyətdən başlamaq lazımdır. Minsk razılaşmalarının ikinci dublundan sonra nə olacaq və ümumiyyətlə, baş verənlər bütün Qafqaza, ayrılıqda cənubi Qafqaza necə təsir edə bilər?

Shenderovich (sağda) Moskvada sənət adamlarının yürüşündə, 13 May 2012
Shenderovich (sağda) Moskvada sənət adamlarının yürüşündə, 13 May 2012

- Baş verənlərə məhz Qafqazın reaksiyasını proqnozlaşdırmaq mənə çətindir, amma ümumi trend aydın görünür: Rusiyanın aqressiv siyasətinin davamı onun daha da təcrid olunmasına gətirib çıxaracaq. Mənəvi deyil, əlbəttə ki, siyasi təsəvvürlərə görə..

Putin Rusiyasının yanında isə ancaq hara gedəcəklərini bilməyən, başqa heç yerdə yeri olmayan ölkələr qalacaq.

- Həmkarlarımdan eşitdiyim qədərilə, Rusiyada müasir müəlliflərin kitabları getdikcə az tirajla çıxır. Ümumiyyətlə, deyirlər ki, Rusiya daha ən çox oxuyan ölkə deyil. Əgər belədirsə, bunun səbəbini nədə görürsünüz?

- Rusiya hələ də çox oxuyan ölkədir, mən gördüyüm qədərilə, belədir. Başqa məsələ ki, indi onlar nə oxuyurlar... Amma, məncə, bu da artıq kifayət qədər ümumi tendensiyadır...

- Bir rus intellektualı olaraq, Azərbaycan barədə, bizim cəmiyyət barədə nə düşünürsünüz? Bu ölkə Sizdə kimlə və ya nə ilə assosiasiya olunur?

- Əlbəttə ki, birinci assosiasiya neftdir. Bir də Sovetlərdən qalma xatirələr var. Axı biz qızlarımıza Azərbaycandan gələn qərənfilləri bağışlayırdıq. Kinematoqrafik assosiasiya da var – “Brilliant əl”in bəzi kadrları Bakıda çəkilmişdi. Bir də Mustafazadə ilə bağlı musiqili assosiasiya var...Amma siyasi cəhətdən, təəssüf ki, Azərbaycan məndə hələ də eyni soyadla, avtoritarizmlə, siyası məhbuslarla bağlı gündən-günə daha da tutqun olan xəbərlərlə assosiasiya olunur...

- Yəqin ki, siz Əkrəm Əylislinin qalmaqallı, məşhur “Daş yuxular” əsəri barədə eşitmisiniz. Bu romandan sonra ölkədə yazıçıya qarşı repressiyalar başladı. Azərbaycanda onu “Xalq yazıçısı” adından da məhrum elədilər. Bu hadisə ilə bağlı bir yazar kimi, Sizin də fikrinizi bilmək maraqlı olardı.

Viktor Shenderovich
Viktor Shenderovich

- Mən o romanı oxumamışam, amma azad sözə sərt dövlət reaksiyası istənilən halda bu dövlətin avtoritar təbiətini ələ verir. Hər şey kifayət qədər tanışdır...İyirminci əsrin ən yaxşı rus yazıçılarının da hamısı “əclaf”, “üzüdönük” , “vətən xaini” idilər.

- Milli dəyərləri, dini, mentaliteti tənqid edən yazarlara qarşı cəmiyyətin nifrəti nədən qaynaqlanır? Və bir müəllif olaraq, sizə müasir rus cəmiyyətinin sevgisi, yoxsa nifrəti vacibdir?

- Bu sevgi və nifrəti bir-birindan ayrı təsəvvür etmək mümkün deyil...O şeyə görə ki, kimlərsə məni sevir, elə o səbəbə görə də başqaları nifrət edir. Milli dəyərlərin tənqidi isə həmişə təhlükəli iş olub. Bunu hansı dahinin dediyini unutmuşam, amma belə bir fikir var: qulu incitmək, ağanı incitməkdən daha təhlükəlidir...

- Təsəvvür edək ki, Azərbaycanda Əliyev, Rusiyada Putin rejimi dəyişdi. Sonra nə olacaq? Siz mədəni inqilaba yeri olmayan siyası dəyişikliyə inanırsınızmı? Və sizin fikrinizcə, hansı daha birinci gəlməlidir: siyası, yoxsa mədəni inqilab?

- Rejimin dəyişməsi siyasi oyun qaydalarının dəyişməsi cəhdi kimi və ya hakimiyyətə nəzarətin Avropa mexanizmlərinə qayıdışı kimi qiymətləndirilməsə, mənasız olacaqdır. Mədəni inqilab isə Çin təcrübəsini yada salır, iraq olsun. Çıxış yolu ancaq daimi, davamlı və hərgünlük inkişaf, təkamüldür...

Söhbətləşdi: Günel Mövlud

XS
SM
MD
LG