Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:50

İqtisadçıdan pul məsləhəti: indilik əmanətləri dollarda saxlamaq olar


Arxiv fotosu
Arxiv fotosu

-

Gözlə

No media source currently available

0:00 0:05:07 0:00
Direct-ə keçid

Bakıda bəzi valyuta dəyişmə məntəqələrində dolların alış-satışında artım müşahidə olunub. Manat ucuzlaşırmı? Ölkənin valyuta bazarında baş verənlərlə bağlı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevlə söhbət etmişik:

Samir Əliyev
Samir Əliyev

- Azərbaycanda manatı Mərkəz Bank dollara nisbətdə tənzimləyir. Son illər Mərkəzi Bank elə siyasət yürüdür ki, manatla dollar arasında məzənnə eyni qalsın, hər il çox cüzi dəyişmə baş verir: manat dollara nisbətən 0,2-0,3 % bahalanırdı.

Amma tendensiya dəyişib, indi dollar manata nisbətən cüzi də olsa bahalaşıb. Mərkəzi Bank hazırda nə manatı bahalanmağa, nə də ucuzlaşmağa qoyur. Bazarda isə gərginləşmə var, dekabrdan hiss olunur. Təbii, neftin ucuzlaşması səbəblərdən biridir, amma Rusiyada rublun ucuzlaşması da manata təzyiqi artırdı. Mərkəzi Bank ötən ilin dekabrında manatın kursunu saxlamaq üçün bazara 1,3 milyard dollar, yanvarda isə 1 milyard dollar çıxardı. Bu proses fevralda da davam edəcək. Bəzi valyuta dəyişmə məntəqələrində dolların alış-satış kursu göstərilmir. İçəridə dollar nisbətən baha satılır, çünki tələbat var.

- Tələbatı artıran səbəb nədir? Manatın məzənnəsi aşağı düşməyib?

- Bazarda son 2 ayda tələbat atıb, fevralda da bu müşahidə olunur. Bir tərəfdən, neft 2 dəfə ucuzlaşıb, ölkəyə dollar axını iki dəfə azalıb. Digər tərəfdən, rus rublu ucuzlaşandan sonra Rusiyada evlər də ucuzlaşdı. Bəzi azərbaycanlılar əllərindəki pulu dollara çevirib Rusiyanın daşınmaz əmlakına yatırdılar.

Bir yandan da manatın ucuzlaşacağı ilə bağlı fikirlər cəmiyyətdə hakimdir. Bu da bazarı daim gərginlikdə saxlayır. Elə bank əmanətlərində də bunu görmək olar. Dekabrda manat əmanətlərinin azalması, dollar əmanətlərinin isə artması baş verib. Milli valyutada olan əmanətlərin həcmi 59,7 milyon manat azalıb. Xarici valyutada olan əmanətlər isə 161,7 milyon manat artıb. Bununla da manat əmanətlərinin ümumi əmanətlərdə payı 61,5 %-ə düşüb. Halbuki noyabr ayında bu göstərici 63.2 % idi.

- Bəs, əmanətlərin müddəti ilə bağlı bir dəyişiklik varmı?

- Müddətlə bağlı da dəyişiklik müşahidə olunur. Yatırılan əmanətlərin valyutasının gələcəyi ilə bağlı qeyri-müəyyənlik onları qısa müddətə yatırıma sövq edib. Dekabrda qısamüddətli əmanətlər 78,7 milyon manat artdığı halda, uzunmüddətli əmanətlər daha az - 33,2 milyon manat artıb. Bununla da qısamüddətli əmanətlərin payı 60.2 %-dən 60,4 %-ə yüksəlib.

Fikrimcə, bu tendensiya növbəti aylarda da davam edəcək. Əmanətlərin bir tərəfdən artım tempi azalacaq, digər tərəfdən isə manatın payı azalacaq. Əhali vəsaitlərini dollara transfer etməkdə davam edəcək. Bu proses ən azı marta kimi uzanacaq. Sonrakı proseslərdən, o cümlədən, neftin qiymətindən asılı olaraq yeni situasiya yarana bilər.

- Millət vəkili Vahid Əhmədov demişdi ki, ən azı bu il neftin ucuzlaşmasının qorxusu yoxdur, çünki 53 milyardlıq təhlükəsizlik yastığımız var.

- Ümumiyyətlə, valyuta ehtiyatının olması ölkənin təhlükəsizliyi baxımından çox yaxşıdır, amma mən bu “təhlükəsizlik yastığı”na arxayın olmağın tərəfdarı deyiləm. Bir misal çəkim: böhran başlamazdan öncə, 2014-cü ilin əvvəlində Rusiyada valyuta ehtiyatı 510 milyard dollar idi. Bu gün isə 378 milyard dollara qədər düşüb. Rusiya bir ildə öz valyuta ehtiyatının 25 faizini itirdi. Azərbaycan Mərkəzi Bankın timsalında 2 ayda öz valyuta ehtiyatının 15 %-ni itirib.

Neft Fondunun da ehtiyatı azalır. Neftin qiyməti bu səviyyədə qalsa, Neft Fondu da öz ehtiyatlarından götürməli olacaq. İstəməzdim ki, əhali arasında manatın ucuzlaşması ilə bağlı həyəcan yaransın. Yəqin ki, hökumət manatın məzənnəsini saxlamağa çalışacaq. Manatı yalnız neftin yüksək qiyməti xilas edə bilər. Manat ölkə iqtisadiyyatının simvoludur. Bu gün ölkə iqtisadiyyatı ağır vəziyyətdədir.

- Samir bəy, xarici və daxili maliyyə bazarını daimi izləyən bir ekspert kimi, necə bilirsiz, vətəndaşlar öz yığımlarını hansı valyuta ilə aparsalar, qazana bilərlər?

- 2015-ci ildə avro ilə əmanət qoymaq risklidir, çünki avronun qiyməti oynayır. Hazırda dollar və manat daha etibarlı valyutadır. Hərçənd, manatın dəyəri də neftə bağlıdır. Manatın ucuzlaşma ehtimalını nəzərə alıb dollara üstünlük vermək olar. Ancaq dünya bazarında neftin qiyməti qalxsa, manat möhkəmlənəcək.

- Dünya bazarında neftin qiymətində az da olsa bahalanma meylləri hiss olundu. Bu artım davam edəcəkmi?

- Müşahidələr göstərir ki, bu, qısa müddətə bahalanmadır, çünki sonradan azalmanı gördük. Bir barel 59 dollara qədər qalxmışdı, sonra isə yenidən 55 dollara düşdü. Zənn edirəm ki, neftin qiyməti yaxın dövrdə 40-60 dollar arası oynayacaq.

- Sizcə, neftin qiyməti hansı həddə düşsə, Azərbaycan üçün kritik vəziyyət yarana bilər?

- Bir barelin qiyməti 40 dollardan aşağı düşsə, kritik vəziyyət yaranar, amma 40-60 dollar da Azərbaycan üçün ciddi siqnaldır. Mərkəzi Bank manatı bir müddət qoruya biləcək, amma manata qarşı təzyiq artsa, Mərkəzi Bankın qırağa çəkilməsindən başqa variant qalmayacaq

XS
SM
MD
LG