Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:50

Futbolda siyasət, yoxsa siyasətsiz futbol?


AFFA-nın qadağası azarkeşlərin narazılığına səbəb olub
AFFA-nın qadağası azarkeşlərin narazılığına səbəb olub

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin sentyabrın 27-də keçirilən toplantısında nizam-intizam qaydalarına bəzi düzəlişlər edilib. Həmin düzəlişlərə görə, bundan sonra azarkeşlər meydançalarda futboldan kənar siyasi şüarlar, istefa tələbləri səsləndirə bilməzlər. Ancaq söhbət etdiyim futbol azarkeşi Rəşad Kərimov deyir ki, bu qərar onların mənafeyinə ziddir. Onun sözlərinə görə, bəzən son xərcliyi hesabına olsa da, Azərbaycanın futbol üzrə yığma komandasının Bakıda keçirilən bütün oyunlarını meydançada izləyir. Ona görə də azarkeşlik etdiyi milli komandanın oyunundan asılı olaraq, meydançada öz hissini bildirməsi başa düşülməlidir, əlbəttə, əndazəni aşmadan: «Bu gülünc bir qərardır. Mən başa düşürəm - hansısa qadağan olunmuş təşkilatın siyasi şüarlarını səsləndirmək olmaz. Ancaq mənə pis bir oyuna görə məşqçinin istefasını tələb etməyi qadağan edə bilməzlər. Çünki azarkeşsiz futbol olmur».



«Bu gülünc bir qərardır. Mən başa düşürəm - hansısa qadağan olunmuş təşkilatın siyasi şuarlarını səsləndirmək olmaz. Ancaq mənə pis bir oyuna görə məşqçinin istefasını tələb etməyi qadağan edə bilməzlər. Çünki azarkeşsiz futbol olmur»
Ancaq AFFA-nın baş katibi Fuad Əsədov hesab edir ki, onların bu qərarı azarkeşlərə yox, azarkeşlərdən istifadə etmək istəyən bəzi qüvvələrə qarşıdır: «Ötən il Polşa ilə Bakıdakı oyunda bir qrup azarkeş bahalı lojalarda oturub AFFA prezidentinin istefasını tələb edirdilər. Onları məhz təxribat məqsədi ilə ora gətirmişdilər».
Cənab Əsədov deyir ki, bu qərar Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının Nizamnaməsinə əsaslanır. Əgər bundan sonra da hansısa oyunda oxşar təxribat törədiləcəksə, onlar ev sahibi olan klubu 5 milyon köhnə manat cərimə edəcəklər. Üstəlik belə təxribatlara imkan verən klublar boş meydançalarda oynamaq cəzası ilə də üzləşə bilərlər.

Əslində, bu qərar AFFA İcraiyyə Komitəsində də fikir ayrılıqlarına səbəb olub. Bu günlər prezidentin fərmanı ilə «Şöhrət» ordeninə layiq görülən AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov da azarkeşlərə qadağa qoyulmasını istəmir. Ancaq onun sözlərinə görə, artıq bir ildir AFFA rəhbərliyi onu toplantılara buraxmadığından bu qərara mane ola bilməyib: «Artıq azarkeşlər də, xalq da yorulub».


İdman şərhçiləri arasında da AFFA-nın bu qərarının, özünün siyasi maraqlarına uyğun olduğu barədə fikirlər var. «Yeni Müsavat» qəzetinin idman yazarı Vüsal Mehdioğlu deyir ki, azarkeşlərə qadağa qoyulmasına AFFA prezidenti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti rəhbərliyi arasında yaşanan qarşıdurmanın tərkibi kimi baxmaq lazımdır. Şirkət artıq AFFA-ya sponsorluq etmir. Üstəlik federasiya rəhbərliyi ehtiyatlanır ki, azarkeşlərdən istifadə edib, onu istefaya göndərə bilərlər.


AFFA-nın bundan əvvəlki prezidenti Fuad Musayev də tez-tez azarkeşlərin etiraz aksiyaları ilə qarşılaşırdı. Hətta o vaxtlar azarkeşlər bir neçə dəfə federasiyanın ofisinin qarşısında da etiraz aksiyaları keçirmişdilər. Az sonra Fuad Musayev vəzifəsindən uzaqlaşdırıldı. Ancaq onun siyasi hakimiyyətlə də bəzi problemləri barədə məlumatlar vardı. AFFA-nın indiki rəhbəri Ramiz Mirzəyevin bu cür siyasi probleminin olması barədə açıq məlumatlar olmasa da, onun bəzi siyasi dairələrdə artıq arzuedilməz şəxsə çevrildiyi haqda fikirlər səslənir.


XS
SM
MD
LG