Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:26

Qələbəyə iki min, heç-heçəyə min yeni manat...


Şahin Diniyev oyunun çox çətin olacağını düşünür
Şahin Diniyev oyunun çox çətin olacağını düşünür

Sentyabrın 6-da axşam saat 7-də, Tofiq Bəhramov adına Respublika Stadionunda AÇ-2008-in qrup oyunları çərçivəsində Azərbaycan və Qazaxıstanın futbol üzrə yığmaları qarşılaşacaq. Biletlərin qiyməti 2-10 yeni manat arasındadır.


AÇ-2008-ə vəsiqə qazanmaq üçün A qrupunda yarışan Qazaxıstan ilk oyununu səfərdə Belçikaya qarşı keçirib və qolsuz bərabərliyə nail olub. Azərbaycan yığması isə ilk oyununu səfərdə oynasa da, qazaxıstanlı həmkarlarından fərqli olaraq 0-1 hesabıyla Serbiya millisinə məğlub olub.


Qazaxıstanlı futbolçular və onların hollandiyalı baş məşqçiləri Arno Paypers Azərbaycana ən azından bir xal üçün gəldiklərini deyirlər. Yığmaya bir neçə dəfə rəhbərlik etmiş Vaqif Sadıqov isə müxtəlif səbəbləri nəzərə alaraq, milli komandanın qələbə qazanmalı olduğunu bildirir: «Serbiyayla oyundan sonra futbolçuların psixoloji durumu yaxşıdır, hamı onlardan qələbə gözləyir».


Yığmanın hazırki baş məşqçisi Şahin Diniyev isə oyunun çox çətin olacağını düşünür. Onun sözlərinə görə, iki il əvvəl Alma-Atıda Azərbaycana 2-3 hesabıyla məğlub olan Qazaxıstan yığması indi çox dəyişib: «Əvvəlki komanda deyillər, maraqlı, bərabər səviyyəli oyun olacaq. Serbiyada dağıdıcı oyun oynamışdıq, bu dəfə isə yaradıcı oynamalıyıq».


Azərbaycan yığmasının heyətinə bu oyun üçün beş gəlmə oyunçu dəvət olunub ki, onlardan biri braziliyalı Leandro Qomeş ilk dəfə millidə forma geyinəcək. Serbiyayla oyundan fərqli Ceyhun Sultanovun və başqa hücumameylli oyunçuların yığmada çoxluq təşkil edəcəyi gözlənilir. Azərbaycan yığması bu oyunda qələbə qazansa, AFFA hər oyunçuya iki min, heç-heçə qeydə alınsa isə min yeni manat mükafat verəcək. AFFA-nın baş katibi Fuad Əsədovun sözlərinə görə, yığmanın qələbə şansı artsın deyə, fedarasiya 33 minlik stadiona daha çox azarkeş cəlb etmək üçün müxtəlif yollara da əl atıb.


AÇ-2008-in seçmə mərhələsində 8 komandalı A qrupunda yarışan Azərbaycan yığması ilk turdan sonra qrupda 7-ci yeri tutur. İlk oyunda qələbə qazanan Finlandiya 1-ci, Serbiya 2-ci sıradadır. Bir xalı olan Qazaxıstan və Belçika 3-4 cü yerləri, hələ oynamayan Portuqaliya və Ermənistan yığmaları isə 5-6-cı yerləri bölüşür. 7-ci yerdəki Azərbaycan yığması ancaq qol fərqinə görə, son pillədəki Polşanı üstələyir.


İlk turda Serbiyaya uduzan Azərbaycan millisi bu oyundan sonra, 2006-cı ildə qrupdakı son iki oyununu da səfərdə keçirəcək. Oktyabrın 7-də Azərbaycan futbolçuları Portuqaliya, 11-də isə Belçikayla yığmasıyla qarşılaşacaq.


XS
SM
MD
LG