Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:29

Şəkidə şahid polislər bildirdilər ki...


Şəki Ağır Cinayətlər Məhkəməsi
Şəki Ağır Cinayətlər Məhkəməsi
-
Yanvarın 9-da keçirilən prosesə şahid və zərərçəkən kimi cəlb olunan polislərdən ikisi – Rauf Kərimov və Səfa Əsgərov, eləcə də rayon polis rəisinin müavini Şöhrət Kərimovun sürücüsü Məhəmməd Quliyev ifadə verib.

Hər iki polis və rəis müavininin sürücüsü ittihamların doğru olduğunu və mühakimə edilənlərin hamısının əhalini iğtişaşlara çağırdıqlarını deyiblər. AzadlıqRadiosunun məhkəməni izləyən müxbiri bildirir:

«UŞAQLARI BENZİN DALINCA... GÖNDƏRİBLƏR»

«Polislər təqsirləndirilən şəxslərin hamısını hadisə zamanı gördüklərini, onların polislərə daş atdığını, insanları icra başçısının evini və «Çıraq» otelini yandırmağa sövq etdiklərini söylədilər. Şahid polislər bildirdilər ki, həmin şəxslər uşaqları benzin dalınca yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə göndəriblər. Onların dediyinə görə, nə qədər çalışsalar da, benzin daşıyanların qarşısını ala bilməyiblər. Polislər ittiham tərəfinin söylədiklərini təkrar edib, dəstəklədilər».

«DEDİKLƏRİNİN ƏVVƏLİ İLƏ SONU BİR-BİRİNƏ UYĞUN GƏLMİR...»

Təqsirləndirilənlərdən Daşqın Ağayevin atası Yaşar Ağayev polislərin məhkəmədə dediklərinin onların ilkin ifadələri ilə uyğun gəlmədiyini söyləyir:

«Bir-iki serjant ifadə verdi. Onlar təqsirləndirilənlərin üzünə durdular ki, bu adamları hadisə vaxtı görmüşük. Amma dediklərinin əvvəli ilə sonu bir-birinə uyğun gəlmirdi. Hələ həmin polislərdən biri mənim özümə də hədə-qorxu gəldi ki, «baxarsan». Mən də dedim ki, oğlum yaxınlarımızın yasından gələndə yolun kənarında dayanıb baş verənlərə baxıb. Anlaşılan bir iş deyil».

İsmayıllı hadisələri ilə bağlı məhkəməyə 100-ə yaxın şahid və zərərçəkən cəlb olunub. Onların xeyli hissəsi yerli polislərdir.

«BƏZİ İFADƏLƏR TƏSDİQİNİ TAPMIR»

Elşən İsmayıllının vəkili İslam İsmayılov da zərərçəkənlərin istintaqa verdiyi ilkin ifadələrlə məhkəmə ifadələri arasında xeyli ziddiyyətlər olmasına diqqət çəkir:

«Eləsi var, onlar istintaqa verdiyi ifadəsini məhkəmədə də deyir. Amma eləsi də var, istintaqa ifadəsində yazıb ki, filankəs də orda idi, adamları iğtişaşa çağırırdı, hadisələri qızışdırırdı, daş atırdı. Amma məhkəmədə deyir ki, həmin adamı orda görməmişəm.
İsmayıllıda etirazlar - 25 yanvar 2013
İsmayıllıda etirazlar - 25 yanvar 2013
Yəni bəzi ifadələr təsdiqini tapmır».

Vəkil məhkəmənin necə nəticələnəcəyi barədə indidən fikir söyləməyin çətin olduğunu bildirir:

«Hələ indi üç zərərçəkmiş şəxs ifadə verib. Bu işdə 24 zərərçəkmiş, 100-ə yaxın şahid var. Təqsirləndirilən şəxslərin heç biri ittihamları qəbul etmir və ilkin ifadələrindən boyun qaçırırlar. Onlar həmin ifadələrin təzyiq altında alındığını söyləyirlər. Bu baxımdan konkret fikir söyləmək çox çətindir».

Bir gün əvvəl – yanvarın 8-də Müsavat başqanının müşaviri Tofiq Yaqublu və REAL Hərəkatının liderlərindən İlqar Məmmədov ifadə veriblər. Onların hər ikisi ittihamları qəbul etmədiklərini deyiblər.

Tofiq Yaqublu olaylardan bir gün sonra İsmayıllıya jurnalist kimi getdiyini və yarım saat sonra saxlanıb Bakıya aparıldığını deyib. İlqar Məmmədov məhkəmənin şou xarakteri daşıdığını söyləyib.
İlqar Məmmədov
İlqar Məmmədov

«OTELİN FÜZULİ ƏLƏKBƏROVUN OĞLUNA MƏXSUSLUĞUNU İLK DƏFƏ MƏN SÜBUTA YETİRMİŞƏM»

İlqar Məmmədov tənqidi fikirlərinə görə bir müddət əvvəl onun həbsi ilə bağlı deputatların məsələ qaldırdığını da xatırladıb. O, yandırılan «Çıraq» otelinin əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğluna məxsusluğunu ilk dəfə sübuta yetirdiyini də vurğulayıb. REAL lideri qeyd edib ki, daha sonra seçkilərdə prezidentliyə namizədliyini də qətiləşdirdiyindən hakimiyyət onu oyundan çıxarmaq qərarına gəlib.

Bir gün əvvəl ifadə verən iki polis heç kimdən şikayətçi olmadığını bildirib.

Məhkəmə yanvarın 13-də davam edəcək.

OLAY BELƏ BAŞLAMIŞDI

2013-cü il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısının və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırmışdı.

Yanvarın 24-də yerli sakinlər rayon icra başçısının istefası tələbiylə etiraz aksiyasına başlamış və bir qədər sonra hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilmişdi.

İndiyədək 18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının liderlərindən İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar ictimai asayişi pozmaqda, vətəndaşları kütləvi iğtişaşlara çağırmaqda və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə ittiham edilirlər.
XS
SM
MD
LG