Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:28

«Hətta ölüm işini də boynuma almağa hazır idim, təki işgəncə olmasın»


Təqsirləndirilən şəxslər məhkəməyə gətirilərkən
Təqsirləndirilən şəxslər məhkəməyə gətirilərkən
-
Yanvarın 8-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı həbs olunanların məhkəməsi davam edib.

Günün birinci hissəsində təqsirləndirilənlərdən iki nəfər - Elşən İsmayıllı ilə Mirkazım Abdullayev çıxış ediblər.

Elşən İsmayıllı bildirib ki, Bakıda Ağır Cinayətlərə dair istintaq idarəsində onun ilkin ifadəsi kamera ilə çəkilib. Həm də bu vaxt tanımadığı polislər onu döyərək, ondan öncədən deyilən kimi ifadə verməsini tələb ediblər.

Bu səbəbdən də istintaqa verdiyi ilkin ifadəsindən imtina etdiyini bildirib. O həmçinin deyib ki, İsnmayıllı hadisələrindən bir gün sonra rayon mərkəzinə babasının yas mərasiminə gəlib və bu zaman həbs edilib.

“MƏNDƏN 2-3 MİN MANAT PUL İSTƏDİLƏR”

Mirkazım Abdullayev də ilkin ifadələrindən imtina edib. Təqsirləndirilən şəxs bildirib ki, həbs olunan vaxt döyülüb və böyrəklərindən xəsarət alıb. Tez-tez səhhətinin pisləşməsini də istintaq zamanı işgəncələrə məruz qalması ilə əsaslandırıb.

Qeyd edib ki, ölüm işi də olsaydı, onu boynuna almağa razı imiş, təki işgəncələr verilməsin. İsmayıllı polis idarəsinin əməliyyat işləri üzrə rəis müavini Şöhrət Kərimovun göstərişi ilə həbs olunduğunu deyən Mirkazım Abdullayevin sözlərinə görə, ondan 2-3 min manat pul istənilib, həmin məbləği verə bilmədiyi üçün həbsdə saxlanılıb.

İfadələr dinlənilən zaman hakim prosesə mane olduğunu əsas gətirərək “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzini və Elşən İsmayıllının atasını zaldan çıxarıb.

Polislə gərginlik
Polislə gərginlik
Məhkəmə qarşısında yığılan məhbus yaxınları ilə Şəki polisi arasında da gərginlik yaranıb. Ailə üzvlərinin gətirdiyi yeməklərin təqsirləndirilən şəxslərə verilməsinə də imkan yaradılmayıb.

POLİSLƏR HEÇ KİMDƏN ŞİKAYƏTÇİ DEYİL

Günün ikinci yarısı davam edən məhkəmə prosesində Müsavat başqanının müşaviri Tofiq Yaqublu ilə REAL Hərəkatının lideri İlqar Məmmədov ifadə veriblər. Hər ikisi ittihamları qəbul etmədiklərini deyiblər.

Tofiq Yaqublu hadisələrdən bir gün sonra jurnalist kimi İsmayıllıya səfər etdiklərini və yarım saat sonra saxlanaraq Bakıya gətirildiyini deyib. İlqar Məmmədov da keçirilən prosesin şou xarakterli bir iş olduğunu bildirib.

Bundan başqa, prosesdə zərərçəkmiş polislərdən İmran Lətifovla Emil Şəmdilov ifadə verib.

İmran Lətifov deyib ki, hadisələr gecə baş verdiyindən ona daş atanların kimliyini müəyyənləşdirə bilməyib və indi də heç kimdən şikayətçi deyil. Emil Şəmdilov da avtomobilini yandıranların tapılmasında maraqlı olduğunu deyib. O da təqsirləndirilənlərdən şikayətçi olmadığını söyləyib.

Proses yanvarın 9-da davam edəcək.

2013-cü ili yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb.

Yanvarın 24-də yerli sakinlər rayon icra başçısının istefası tələbilə etiraz aksiyasına başlayıb və bir qədər sonra hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilib.

18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları qəbul etmir.
XS
SM
MD
LG