Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:35

Büdcədən hansı partiyaya nə düşəcək?


Foto: Arxiv
Foto: Arxiv
«Siyasi partiyalar haqqında» qanun layihəsinə təklif edilən əlavə və dəyişikliklərdə partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi istənilir. Artıq məsələ aprelin 10-da Milli Məclisin komitələrində müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.

Qanunun 17-ci maddəsinə təklif olunan əlavəyə görə, büdcədən ayrılacaq pulun 40 faizi parlamentdə təmsil olunan 12 partiya arasında bərabər bölünəcək. 10 faizi səslərin 3 faizini qazanıb ancaq parlamentdə təmsil olunmayan partiyalara veriləcək. Vəsaitin 50 faizi isə parlamentdəki deputatlarının sayına uyğun partiyalara veriləcək.

Hələ büdcədən ayrılacaq vəsaitin məbləği açıqlanmasa da, faiz etibarilə pulun yarıya qədəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) payına düşür. Amma çox pay alacaq partiya da narazıdır, ən az pay alacaq da.

YAP-I 45.6 FAİZ QANE ETMİR

Layihənin Milli Məclis komitəsində müzakirəsi zamanı YAP icra katibi Əli Əhmədov deyib ki, 45.6 faiz onları qane etmir. Əli Əhmədova görə, parlamentdəki 125 deputatdan 84-ü partiya nümayəndələridir ki, onun da 71 nəfəri YAP-ın, 13-ü isə digər 11 partiyanın üzvüdür. YAP icra katibinə görə, əslində büdcədən siyasi partiyalara ayrılan vəsaitin 80-84 faizi YAP-ın payına düşməlidir.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə siyasi partiyaların formalaşması baxımından büdcədən maliyyələşməni pozitiv yanaşma sayır. Amma təklif edir ki, parlamentdə yer tutmasından asılı olmayaraq, son seçkilərdə iştirak edən 17 partiyanın hamısı büdcədən maliyyələşsin.
İqbal Ağazadə
İqbal Ağazadə
Partiya sədrinə görə, ölkədə seçkinin nəticələrinə birmənalı münasibət olmadığı halda həmin seçkinin nəticələrə uyğun maliyyələşmə də birmənalı qarşılanmır:

«Biz təklif edirik ki, parlamentdə təmsil olunan partiyalarla yanaşı, seçkidə iştirak edib parlamentə düşməyən partiyalar – AXCP, Müsavat, KXCP, AMİP, ADP, Vətəndaş və İnkişaf, Liberal Demokrat, Demokratik Azərbaycan Dünyası və Müasir Müsavat partiyaları da bərabər vəsaitlə təmin olunsun. Növbəti mərhələdə isə parlament seçkilərinin nəticələrinə uyğun maliyyələşmə olsun».

ÜMİD PARTİYASI 5 FAİZƏ ÜMİD EDİR

Ümid Partiyasına düşəcək vəsaitə gəlincə, İqbal Ağazadə deyir ki, bu, 5 faizdən artıq olmayacaq:

«Bizə 4 faiz 40 faizdən düşür, 1 faiz də 50 faizdən düşür».

Amma «Siyasi partiyalar haqqında» qanun layihəsinə təklif edilən əlavə və dəyişikliklərə görə, İqbal Ağazadənin sadaladığı partiyaların heç birinə büdcədən pul düşməyəcək.

MÜSAVAT PARTİYASI NARAZIDIR

Müsavat başqanının müavini Gülağa Aslanlı siyasi partiyalara qarşı belə yanaşmanı qərəzli sayır.
Gülağa Aslanlı
Gülağa Aslanlı
Onun fikrincə, əslində parlamentdə təmsil olunmayan partiyalar səs toplayıblar, amma onları parlamentə buraxmayıblar:

«Dünyanın heç bir yerində belə bir bölgü yoxdur. Bu bölgü Azərbaycansayağı bölgüdür».

Gülağa Aslanlı hesab edir ki, əslində 3 faizlik baraj məsələsi də elə bu layihəyə uyğun olaraq əvvəlcədən planlaşdırılıb. Onun fikrincə, seçki saxtakarlığına yol verilib və əsas müxalifət partiyaları büdcədən maliyyə almaq hüququndan məhrum edilib.

PARTİYALARA 10 MİLYON MANAT AYRILACAQ?

Hakimiyyətyönlü Ana Vətən Partiyasının (AVP) sədr müavini, deputat Zahid Oruc bölgünü müsbət qarşılayır. Deyir, ən azından bu, partiyaları xarici asılılıqdan qurtaracaq və «çirkli pullar»ın partiyaya yol tapmasının qarşısını alacaq. Bununla belə, o, hesab edir ki, bütün partiyaları qane edəcək modelin tətbiqi qeyri-mümkündür.

Zahid Oruc
Zahid Oruc
Partiyalara ayrılacaq vəsaitin məbləği barədə hər hansı rəsmi rəqəm açıqlanmır. Əldə etdiyimiz məlumata görə, bu, 10 milyon manata yaxın ola bilər.

Deputat Zahid Oruc: «Qeyri-rəsmi bu söhbətlər danışılır. Amma onun dəqiqləşdirilməsinə ehtiyac var. Bildiyimiz odur ki, may ayında büdcəyə transfer gözlənilir və həmin vəsaitlər içərisində partiyaların maliyyələşməsinə yönəlik müddəa olacaq».

«PULUN XEYRİNİ DAHA ÇOX HAKİM PARTİYA GÖRƏCƏK»

«Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov isə partiyaların belə bir qaydada maliyyələşməsini ədalətsiz sayır. Hesab edir ki, ayrılacaq vəsait hakim partiyanın maliyyə imkanlarını bir qədər də artırır:

«Bu təklif və dəyişikliklərdən daha çox hakimiyyət partiyası xeyir görəcək».

Hafiz Həsənova görə, bu dəyişiklik həm də digər partiyaları maliyyə rıçaqları ilə təsir altında saxlamağa xidmət edir.
XS
SM
MD
LG