Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:44

Venesiya Komissiyasının siyasi partiyalar haqqında qanuna rəyi


Avropa Şurası
Avropa Şurası

Avropa Şurasının Venesiya Komissiyası «Siyasi partiyalar haqqında» qanununa dəyişikliklər layihəsi barədə rəyini açıqlayıb.

Rəydə bildirilir ki, dəyişikliklər siyasi partiyaların fəaliyyətinin daha dəqiq tənzimlənməsini nəzərdə tutur. Amma boşluqlar qalmaqdadır. Orada siyasi partiyaların öz vəsaitlərini xərcləməsinə nəzarət, o cümlədən şəxsi ianələr və korrupsiyanın qarşısının alınması üçün effektiv tədbirlər yoxdur. Üstəlik, ictimaiyyətə açıqlanmalı olan maliyyə məlumatları aydın göstərilməyib.

Venesiya Komissiyası həmçinin deyir ki, onların 2004-cü ildə verdiyi rəydə müəyyən edilən bəzi problemlər həllini tapmayıb. Bura korrupsiya ianələrinin qarşısının alınması tədbirlərinin səmərəsizliyi, özəl ianələrlə əlaqədar həmkarlar ittifaqlarına qarşı mümkün diskriminasiya daxildir.

Venesiya Komissiyasının daha bir tənqidi xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin siyasi həyatdan təcrid olunmasıdır.

Komissiyanın 2004-cü ildəki rəyində qeyd edilib ki, qanunun müddəaları siyasi partiyadan konstitusiya quruluşuna qarşı hər hansı akt törətməməyi tələb edir. Bu müddəadan dinc yolla təməl konstitusion dəyişikliklərə çalışan partiyanın qeydiyyata alınmaması və ya ləğvi üçün istifadə oluna bilər.

İndiki rəydə də deyilir ki, qanuna dəyişikliklər bu ehtimalı nəinki azaltmadı, əksinə, artırır. Bu isə Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququna ziddir. Yalnız müzakirələrindən sonra mətnə «zorakı yolla dəyişmək» ifadəsi salınıb. Komissiya bunu müsbət addım kimi qiymətləndirir.

Təklif olunan dəyişikliklərdə habelə siyasi partiya üzvlərinin minim sayı 1000-dən 5000-ə qaldırılır. Komissiya bunu məqbul saymır. Üstəlik, hesab edir ki, dəyişikliklər ediləndən sonra yeni qanun etnik azlıqları təmsil edən partiyaların yaradılmasını çətinləşdirə bilər.

Siyasi partiyaların ləğvinə gəlincə, Venesiya Komissiyası düşünür ki, qanunda bunu hansı icra orqanının həyata keçirəcəyi göstərilməlidir. Bu orqan tərəfsiz və hökumətdən asılı olmamalıdır.

«VENESİYA KOMİSSİYASININ RƏYİ SEÇKİLƏRİN MONİTORİNQİ VƏ DEMOKRATİYANIN TƏDRİSİ MƏRKƏZİNİN RƏYİ İLƏ ÜST-ÜSTƏ DÜŞÜR»
Anar Məmmədli
Anar Məmmədli
Bunu Mərkəzin rəhbəri Anar Məmmədli deyir. Amma əlavə edir ki, Komissiya layihədəki bütün məsələlərə münasibət bildirməsə də, 4 istiqamətdə narahatlıqlarını ciddi şəkildə ifadə edib. Bu zaman Komissya ATƏT-in siyasi partiyaların idarə olunması ilə bağlı tövsiyələrinə və Avropa İnsan Haqları Məhkəməsinin siyasi partiyalarla bağlı qərarlarına da istinad edir. Ekspertə görə sənəd peşəkar hazırlanıb. O ümid edir ki, layihə müəllifləri Venesiya Komissiyasının rəyindən nəticə çıxaracaqlar.
Anar Məmmədli bu mənada qeydiyyat üçün 1000 nəfərlik üzvlük normasının artırılmasını, qeydiyyatın mürəkkəbləşdirilməsi haqda qeydlərin altından xüsusilə xətt çəkir. Partiyaların maliyyələşməsi haqda deyilənlərə gəlincə:
«Komissiya narahatdır ki, dövlətdən maliyyələşmə ilə könüllü maliyyələşmə arasında balans gözlənmir. Məsələn, bir yandan siyasi partiyaların maliyyələşməsi ilə bağlı kriterilər müəyyənləşdirirlər. Amma eyni zamanda könüllü ianələrin qəbulunda qaydaları sərtləşdirirlər. Anonimlik məsələsinin aradan qaldırılması partiyaların yaşamasını çətinləşdirəcək. Ümumiyyətlə, maliyyələşmə ilə bağlı müddəlar çiydir. Venesiya Komissyası da narahatdır və 3 faizlik baryer, maliyyənin hesabatllılıq məsələsinə toxunur, bu məsələ yenidən müzakirəyə çıxarılmalıdır».
Yada salaq ki, təkliflərdə partiyaların dövlət büdcəsindən maliyyələşməsi nəzərdə tutulur. Amma bu parlament seçkilərində 3 faizlik baryeri aşmış partiyalara aiddir.

ƏLİ HƏSƏNOV BİLDİRİR Kİ, 4 MADDƏ İLƏ RAZILAŞMADIQLARINI ÖNCƏDƏN DEYİBLƏR

APA informasiya agentliyinə açıqlamasında Prezident Administrasiyasında İctimai-Siyasi şöbənin müdiri Əli Həsənov deyib. O, Azərbaycan tərəfinin Venesiya Komissiyası ilə razılaşmadığı məqamları da sadalayıb:
Əli Həsənov
Əli Həsənov
Bunlardan biri xarici vətəndaşların Azərbaycanda siyasi partiya yaratmaq, hakimiyyət uğrunda mübarizəyə qoşulmaq, yaxud siyasi partiyaları maliyyələşdirməsi məsələsidir. Biz buna gedə bilməzdik.

İkinci məsələ siyasi partiyaların dövlətin Konstitusiya quruluşuna qarşı zorakı yolla mübarizə aparacağı təqdirdə dövlətin həmin siyasi partiyanı qapatmaq və fəaliyyətini qadağan etmək məsələsidir. Biz bununla bağlı əvvəlcədən demişdik ki, Azərbaycan dövlətinin Konstitusiya quruluşuna, siyasi sisteminə qarşı zorakılıqla mübarizə aparan hər bir partiya müvafiq olaraq bağlanılacaq, onun fəaliyyətinə son veriləcək. Bu, Azərbaycanın Konstitusiya normasıdır.

Üçüncü məsələ siyasi partiyanın yaradılması üçün tələb olunan insan sayı məsələsi idi. Biz hesab edirik ki, Azərbaycanda mövcud olan hazırkı partiyaların sayı ölkə əhalisinin sayına və ölkənin siyasi palitrasına adekvat deyil, həddən artıq çoxdur. Ona görə də siyasi partiyaların daha da böyüməsi, birləşməsi, konsolidasiyası siyasətini qanunun əsası kimi qeyd etmişik. Biz hesab edirik ki, siyasi partiya qeydiyyatdan keçmək üçün 5 min nəfər tərəfdarının, yaxud partiya üzvünün siyahısını təqdim etməlidir.

Venesiya Komissiyasının nümayəndələri də hesab edir ki, bu rəqəm 1000 olsa, bəlkə daha yaxşı olar. Bu, hər halda onların versiyasıdır, amma versiyalarını əsaslandırmırlar. Biz bu məsələdə də prinsipial olaraq mövqelərimizin üzərində dayandıq. Çünki düşünürük ki, 5 min üzvü olmayan siyasi partiya Azərbaycanda hakimiyyət uğrunda kifayət qədər dinamik fəaliyyət göstərə, siyasi mübarizə apara bilməz. Hətta bir deputatın seçilməsi üçün lazım olan 5 min səsi toplamağı da bacarmaz. Beləliklə də, dövlət maliyyələşməsinə iddia edə bilməz. Bu prinsipin siyasi partiyaların fəaliyyətinə maneçilik törədə biləcəyi kimi yox, əksinə, biz siyasi partiyaların birləşmiş, konsolidasiya olunmuş vəziyyətdə inkişafına stimul verəcəyini düşünürük.

Dördüncü məsələ isə siyasi partiyaların fəaliyyətinin dayandırılması proseduru idi ki, bizim layihədə həmin prosedur belə təqdim olunub: Siyasi partiya tərəfindən “Siyasi partiyalar haqqında” qanununun pozulması və Konstitusiya quruluşuna qarşı zorakı mübarizə və digər hərəkətlər aşkarlandıqda, bu qurumun barəsində tədbir görülür.

Əvvəlcə xəbərdarlıq, sonra cərimə, sonda isə partiyanın fəaliyyətinin dayandırılması haqqında Ədliyyə Nazirliyi vəsatət qaldırır və məhkəmə qərar verir. Bu, ən demokratik, hüquqi normalara uyğun bir prinsipdir, dünyanın hər bir ölkəsində siyasi partiyaların fəaliyyəti bu yolla dayandırılır. Bu məsələ ilə bağlı da Venesiya Komissiyası ekspertlərinin öz fikirləri var. Onlar öz fikirlərində qala bilərlər. Hər halda biz Azərbaycanda siyasi partiya quruculuğunu Avropanın, dünyanın demokratik normalarına uyğunlaşdırmışıq.

Lakin bu qanun Azərbaycanda yarandığına görə, Azərbaycanın siyasi palitrasına uyğun olmalıdır, ölkəmizin siyasi həyatına və Konstitusiya quruluşuna uyğun gəlməli, Konstitusiyanın tələblərinə cavab verməlidir”.

Bunlarla yanaşı, Ə. Həsənov “Siyasi partiyalar haqqında” qanun layihəsinə dəyişiklik ediləcəyini istisna etməyib: “Layihəyə dəyişiklik edilə bilər. Bunun üçün Milli Məclisin deputatları fikir mübadiləsi nəticəsində ortaq rəyə gəlməlidirlər. Yəni, dəyişiklik edililb-edilməməsi deputatların müzakirəsindən asılıdır. Bu qanunu parlament qəbul edəcək. Ona görə də parlamentin iradəsindən asılı olaraq, bu qanun dəyişdirilə də, ləğv oluna da, yaxud başqa qərar da qəbul oluna bilər”.

Ə. Həsənov yeni “Siyasi partiyalar haqqında” qanun qəbul edildikdən sonra indiyə qədər qeydiyyatdan keçmiş siyasi partiyaların yenidən qeydiyyatdan keçməsinə ehtiyac olmadığını bildirib: “Əlbəttə, qanununun geriyə qüvvəsi yoxdur. Hazırkı partiyaların qeydiyyatı qüvvəsində qalacaq”.

Prezident Administrasiyasının rəsmisi “Siyasi partiyalar haqqında” qanun layihəsinin Milli Məclisə nə vaxt təqdim olunacağını açıqlamayıb: “Düşünürəm ki, qanun layihəsinin Milli Məclisə yolu açılıb və sənəd parlamentə təqdim olunacaq”.
ZAHİD ORUC: «VENESİYA KOMİSSİYASI QANUN LAYİHƏSİNƏ YENİDƏN BAXMALIDIR, BU ZAMAN KONSENSUS DA TAPMAQ OLAR»
Zahid Oruc
Zahid Oruc
Qısa araşdırma zamanı məlum oldu ki, rəyini almaq istədiyimiz deputatların çoxu həm «Siyasi partiyalar haqqında qanun»la bağlı Prezident Administrasiyasının təkliflərindən xəbərsizdirlər, həm də Venesiya Komissiyasının rəyindən.
Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc isə hər ikisindən xəbərdardır. Söhbətə də ondan başladı ki, hakimiyyətin qanunvericilik sahəsində Avropa qurumları ilə əməkdaşlığını müsbət qarşılayır. O deyir ki, qanuna dəyişiklik etməkdə məqsəd kimlərinsə dediyi kimi əlverişli partiyalar şəbəkəsi yaratmaq və ya partiyaları ələmək də deyil.
O ki qaldı, Vensiya Komissiyasının rəyində toxunulan məqamlara, Zahid Oruc deyir ki, üzvlük normasının artırılmasında məqsəd kimlərisə kənarda qoymaq deyil:
«1000 nəfərlik üzvlük norması ona gətirib ki, kağız üstündə partiyalar, qovluq partiyaları yaranıb. Bundan xilas olmaq üçün, partiyalaşmanı daha da dərinləşdirmək, onun coğrafiyasını böyütmək üçün bu normal rəqəmdir. Bu rəqəmə qarşı çıxmağı, bunu vətəndaşın konstitusion hüququna basqı saymağı yanlış hesab edirəm».
Zahid Oruc etnik azlıqların partiya yaratması ilə bağlı qanunda istisnaları da mümkün sayır.
Xarici vətəndaşların partiya yaratması hüququna gəlincə, deputat hesab edir ki, tək o yox, yəqin parlament də buna etiraz edərdi.
«Bəlkə də oturuşmuş Avropa ölkələrində bu hüququnun tanınması qeyri-adi sayılmazdı. Məncə, indiki məqamda buna qarşı çıxmağımızın başlıca səbəbi sadəcə erməni məsələsi deyil. Mənim arqumentim budur ki, ayrı-ayrı dövlətlərin ələ keçirilməsi zamanı milli dövlətin başqa əllərə keçməsi təhlükəsi var. Ona görə qarşıyam» deyir Zahid Oruc.
Deputat hesab edir ki, Venesiya Komissyası qanun layihəsinə yenidən baxmalıdır və bu zaman konsensus da tapmaq olar. Zahid Oruc başqa variantı da istisna etmir. Layihə parlamentdə müzakirə olunduqdan sonra beynəlxalq komissiyaya göndərilə bilər.
Söhbət zamanı bəzi deputatlar qanun layihəsi üzərində Prezident Administrasiyasının yenidən işləyəcəyini də deyirdilər.
İSA QƏMBƏR: «VENESİYA KOMİSSİYASI HAKİMİYYƏTLƏ QAPALI DANIŞIQLAR APARIR»

«Venesiya Komissiyası öz mandatını bəhanə gətirərək Azərbaycan hakimiyyəti ilə yenə də qapalı rejimdə danışıqlar aparır, rəy yazıb göndərir».

Müsavat başqanı İsa Qəmbər AzadlıqRadiosuna belə deyib.

İsa Qəmbər
İsa Qəmbər
İ.Qəmbər hakimiyyətin təkliflərindən narahatdır. Onun fikrincə, hakimiyyət birpartiyalı cəmiyyətə doğru addım atmağa çalışır: «Bu da yolverilməzdir».

Amma partiya başqanı Venesiya Komissiyasının davranışından da narazıdır. Onu şəffaf olmamaqda günahlandırır:

«Azərbaycan hakimiyyəti «Siyasi partiyalar haqqında» qanuna dəyişikliklər etməyə hazırlaşır. Bu dəyişikliklər ölkədəki siyasi qüvvələrlə, ictimaiyyətlə müzakirə olunmur. Elə bil gizli bir əməliyyat həyata keçirirlərmiş kimi bir layihə hazırlayıb Venesiya Komissiyasına göndərirlər, rəy almağa. Venesiya Komissiyası da öz mandatını bəhanə gətirərək Azərbaycan hakimiyyəti ilə yenə də qapalı rejimdə danışıqlar aparır, rəy yazıb göndərir. Halbuki Venesiya Komissiyası Avropanın demokratiya ilə bağlı əsas təşkilatının komissiyası olaraq açıq, şəffaf fəaliyyət göstərməlidir. Gəlib Azərbaycanda siyasi partiyalarla bu qanun layihəsini müzakirə etməlidir, məsləhətləşməlidir, fikir almalıdır, fikir etməlidir. Bunu etmədən bir rəy yazıb göndərirlər. Yəni, proseduralar düzgün deyil. Azərbaycan hakimiyyətindən bir şey gözləməsək də, Venesiya Komissiyasını demokratik bir struktur hesab etmək istərdik. Təəssüf ki, son illərdə Venesiya Komissiyası bu şəkildə işləməklə prosesə müsbət təsir göstərməyib».

Müsavat deputat qrupu bir neçə il öncə «Siyasi partiyalar haqqında qanun»a düzəliş və əlavələrlə bağlı təkliflərini parlamentə təqdim edib.

İ.Qəmbər bunu da deyir ki, Müsavat Partiyası yeni dəyişikliklərdən çəkinmir:

«5 min yox, 50 min üzv də tələb etsələr, Müsavat Partiyası onu təqdim edəcək. Şərtləri nə qədər ağırlaşdırsalar da, Müsavat aparıcı partiya olaraq özünün rolunu, gücünü ortaya qoya biləcək. Biz bu etirazları edərkən Azərbaycan cəmiyyətinin maraqlarını nəzərə alırıq».
XS
SM
MD
LG