Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:46

Müxalifət liderlərinin alternativləri…


7 noyabr parlament seçkiləridir

Parlament seçkilərində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə «Lider» televiziyasında «Sitatın sonu» proqramının aparıcısı Etibar Hüseynov da iştirak edəcək.

Müxalifətə antipatiyası ilə seçilən, onu məsxərəyə qoymaqla, fəaliyyətini və hətta liderlərini qabiliyyətsizlikdə suçlamaqla məşhur olan Hafiz Hacıyevlə Etibar Hüseynov. Özü də məhz müxalifət liderlərinin namizədliklərini verdikləri dairələrdən.

Hafiz Hacıyev 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini verir. Bu dairədən AXCP sədri Əli Kərimli seçkilərə qatılır. Etibar Hüseynov isə 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyini irəli sürür. Bu dairədən həm də Müsavat Partiyasının başqanı İsa Qəmbər namizədliyini verib.

YAP-çılar MÜXALİFƏT LİDERLƏRİNDƏN QAÇDILAR?


Etibar Hüseynov
Hər iki dairədə diqqət çəkən başqa məqam da var. Eyni vaxtda YAP-ın hər iki dairədən verilən namizədləri qərarını dəyişdirir. Gülər Əhmədova 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyini geri götürüb, başqa dairədən - 34 saylı Xətai ikinci seçki dairəsindən verir.

Əhməd Vəliyevsə 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini geri götürüb, 107 saylı Qazax seçki dairəsindən verir.

«MƏQSƏDİM İSA QƏMBƏRLƏ MÜBARİZƏ APARMAQDIR»

YAP-çılar qərarlarını nəylə izah edirlər az sonra. Bu yerdə Etibar Hüseynovu dinləyək, görək o niyə məhz 15 saylı Yasamal seçki dairəsindən namizədliyini verir. Onun sözlərinə görə, əvvəla bütün həyatı Yasamalda keçib. Amma onu da gizlətmir ki:

«Açıq şəkildə deyirəm ki, müxalifətin favoritlərindən sayılan İsa Qəmbər də burdan namizədliyini verib. Mən həmişə güclü insanlarla mübarizə aparmağı xoşlamışam. Burda əsas məqsədim İsa Qəmbərlə mübarizə aparmaqdır».

Hafiz Hacıyev
Etibar Hüseynov seçkilərə hakimiyyətin təzyiqi ilə yox, öz istəyi ilə, müstəqil namizəd kimi qatıldığını deyir. Bu dairədən YAP-ın öz namizədini geri çəkməsinə isə şərh vermədi.

«İSTƏRDİM ALTERNATİVİM TUTARLI KİŞİLƏRDƏN BİRİ OLSUN»


Hafiz Hacıyevə gəlincə, o, dairəsini dəyişdirib məhz 31 saylı seçki dairəsindən namizədliyini verməyini partiyanın qərarı kimi izah edir:

«Əli Kərimli böyük fiqur deyil, böyük güc deyil. Mən istərdim daha güclü rəqibim olsun, istərdim tutarlı kişilərdən biriylə alternativ olum. Çox təəssüf ki, bu səfər də bəxtimə zəif opponent çıxıb».

Hafiz Hacıyev də bu qərarı verməkdə hakimiyyətin təsiri olmadığını deyir. 31 saylı Suraxanı ikinci seçki dairəsindən YAP-çı Əhməd Vəliyevin namizədliyini geri götürməsinə qiyməti belədir:

«Bəzi adamlar hakimiyyətin çörəyini yeyir, amma hakimiyyətin alternativləri ilə üz-üzə gəlmək istəmirlər. Görünür, Əhməd Vəliyev də yediyi çörəyini qədrini bilmir. Əsas mübarizə Əli Kərimli ilə mənim aramda gedəcək…».

«BU, PARTİYANIN QƏRARIDIR»


Əhməd Vəliyev
İndi də gələk YAP-çılara. Gülər Əhmədova AzadlıqRadiosuna deyir ki, bu, onun yox, partiyanın qərarıdır. Ona yönələn çoxsaylı suallarımızı cavablandırmaqdan da imtina etdi:

«Partiyanın qərarıdır, xanım. Dedim axı…».

«ƏLİ KƏRİMLİ NƏ BÖYÜK FİQURDUR Kİ…»

Əhməd Vəliyev də eyni cavabı verdi:

- Məni Suraxanıya YAP göndərmişdi, sonra da qərarını dəyişib ki, Qazaxdan gedim. Qərara gəliblər ki, Qazaxda doğulub böyüdüyüm üçün orda daha faydalı olaram. Partiyanın qərarıdır.

- Bəs deyirlər həmin dairədən Əli Kərimli namizədliyini verdiyi üçün Siz geri çəkilmisiz.

- Xeyr, elə şey yoxdur. Orda Əli Kərimlidən başqa on-on beş adam var. Əli Kərimli nə yaman nüfuzlu adamdır ki, ona görə mən geri çəkilim. Adamlar real işlərə inanırlar, nəinki populist çıxışlara.

YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə «Mediaforum» saytına bildirib ki, namizədlərin bəzilərinin yerini dəyişməsi heç də onların gələcək qələbəsini şübhə altında qoymur:

Əli Kərimli
«Həm Gülər Əhmədova, həm də Əhməd Vəliyev YAP-ın fəal üzvləridir, cəmiyyətdə kifayət qədər tanınırlar. Onlar üçün hansı dairədən namizəd olmanın elə bir əhəmiyyəti yoxdur».

«HAKİMİYYƏT ÖZ ƏXLAQINA UYĞUN SEÇKİ KAMPANİYASI APARMAĞA HAZIRLAŞIR»

AXCP sədri Əli Kərimlinin sözlərinə görə isə, 31 saylı seçki dairəsindən YAP-ın kimin namizədliyini verməsi onun üçün önəmli deyil. Çünki seçkilər saxtalaşdırılmasa, o hakim partiyanın istənilən namizədini udacaq:

«İstənilən halda Əhməd Vəliyev düzgün qərar verdi. Çünki onu orda böyük məğlubiyyət gözləyirdi. Bu baxımdan bundan sonra hansı addımlar atılacaq bilmirəm. Mən düşünmürəm ki, orda məni kimsə udsun. Əminəm ki, demokratik qaydada məni məğlub edən adamları yoxdur. Qeyri-demokratik qaydada isə İlham Əliyev sürücüsünü, köməkçisini təyin etdirib seçdirə bilər…».

O ki qaldı, bu dairədən Hafiz Hacıyevin seçkilərə qatılmasına:

Zəfər Quliyev
«Son dəyişikliklər onu göstərir ki, hakimiyyət öz əxlaqına uyğun seçki kampaniyası aparmağa hazırlaşır».

«MÜXALİFƏT CƏZALANDIRILIR»


«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyevə görə isə, bütün baş verənlər onu göstərir ki, hakimiyyət yenə müxalifət liderlərinə qarşı ənənəvi qara piardan istifadə etmək, müxalifət liderlərini gözdən salmaq, təhqir etmək istəyir. Hətta onları cəzalandırmağa çalışır:

«Ola bilsin müxalifət düşərgəsində AXCP ilə Müsavatın birləşmək, vahid partiya yaratmaq istəyi hakimiyyəti narahat edir, əsəbiləşdirir və yenə köhnə üsullardan istifadə etmək istəyir».
XS
SM
MD
LG