Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:45

Qohum-əqrəba parlamenti?


Heydər Əliyev və İlham Əliyev, 21 mart 2003
Heydər Əliyev və İlham Əliyev, 21 mart 2003
HEYDƏR ƏLİYEVLƏ İLHAM ƏLİYEV DÖVRÜNÜN FƏRQİ

Hakim partiya deputatlığa namizədlər siyahısını nəhayət ki, açıqladı. Ötən illərdə olduğu kimi prezidentin xanımı Mehriban Əliyevanın və əmisi Cəlal Əliyevin, eləcə də atasının qohumlarından sayılan Vasif Talıbovun adı yenə namizədlər siyahısındadır.

Amma bu siyahını əvvəlkilərdən fərqləndirən yüksək vəzifəli məmurların qohum-əqrəbasına da yer ayrılmasıdır. Məsələn, icra başçıları, komitə sədri və nazir qardaşlarının seçkilərə qatılacağı gözlənir. Adları az sonra sadalayarıq. Amma öncə yada salaq ki, sabiq prezident Heydər Əliyev zamanında belə hallar istisna sayılırdı.

Zakir Qaralovun əmisi Zahid Qaralov
Məsələn, o zaman indiki fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərov və ya baş prokuror Zakir Qaralovun əmisi Zahid Qaralov parlamentə düşə bilmişdi. Amma onu da yada salmaq lazımdır ki, cəmiyyət Zahid Qaralovu onun Baş prokuror olan qardaşıoğlundan daha qabaq tanıyırdı. Zahid Qaralov üstəlik hakim partiyanın qurucularından sayılırdı. Həm də belə bir fikir də var ki, Zakir Qaralovun vəzifə olimpində yüksəlməsində məhz əmisinin xidmətlərinin böyük rolu olmuşdu.

İndiki prezident İlham Əliyevin dövründəsə nazir və ya komitə sədrlərinin, Prezident Administrasiyasında çalışanların qohum-əqrabası parlamentə düşmək uğrunda geniş mübarizəyə qoşulur. Özü də bir çoxunun adı ya hakim partiyanın siyahısında gedir və ya YAP onların seçkilərə gedəcəyi dairələri boş saxlayır.

«HAMINI BULAŞDIRIR, DAİRƏYƏ SALIRLAR»

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri namizədliyini AXCP-Musavat seçki blokundan verən Ərəstun Oruclu bu vəziyyəti onunla izah edir ki, Heydər Əliyevdən fərqli olaraq İlham Əliyevin cəmiyyətdə güclü dayağı-dəstəyi yoxdur:

Ərəstun Oruclu
«Heydər Əliyev hökumətindən fərqli olaraq İlham Əliyev hökuməti başa düşür ki, elə bir yol tutub ki, dəstəyi yoxdur. Ona görə də bu hakimiyyətin icraçılarını, ailələrini bu işə bulaşdırır, onları bağlayır, kiçik bir dairə formalaşdırır. Məqsəd də bu dairənin əliylə hakimiyyəti qoruyub saxlamaqdır. Bax burdan irəli gəlir».

«AZƏRBAYCANDA HAMI QOHUMDUR»

YAP-çı deputat, «Azərbaycan» qəzetinin redaktoru Bəxtiyar Sadıqov isə başqa cür düşünür:

«Əvvəla, Azərbaycan kiçik ölkədir. Burda insanların qohumluq əlaqəsinin olması təəccüblü deyil. Nədir ki, 9 milyonuq, onun 3 milyonu da Bakıda yaşayır. Amma bunun məsələyə nə dəxli var? Seçici səsiylə həll olunan məsələ deyil?».

QARDAŞLARI, KÜRƏKƏNİ, XALASI QIZI

İndi də siyahıya baxaq. 56 saylı Xaçmaz kənd seçki dairəsindən namizədliyi verilən İlham Əliyevin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni olduğu bildirilir. 67 saylı Cəlilabad şəhər seçki dairəsindən namizədliyi verilən iş adamı, «Azinko» tikinti şirkətinə başçılıq edən Malik Həsənovun isə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı
Bəxtiyar Sadıqov
olduğu iddia edilir. Bu haqda məlumatları «Qafqazinfo.az» və «Yeni Müsavat» qəzeti yaymışdı. Üstəlik hələ ki, bu məlumatlar təkzib edilməyib.

Başqa bir məlumatda isə deyilir ki, 121 saylı Laçın seçki dairəsindən seçkilərə qatılan Nazim Fərəcov özü Sumqayıt Sosial Müdafiə Fondunun rəisi, qardaşı Zakir Fərəcov isə Abşeron rayonun icra başçısıdır.

103 saylı Gədəbəy seçki dairəsindən namizədliyi verilən Sevinc Həsənovanın isə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun xalası qızı olduğu iddia edilir.

BİR QARDAŞ SEÇKİLƏRƏ QATILIR, BİRİ DƏ SƏSLƏRİ SAYIR?

YAP təxminən 11 dairədə namizəd verməyib. Bunlardan biri 116 saylı Qəbələ seçki dairəsidir ki, ordan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərovun namizədliyini verəcəyi gözlənir. Onu da yada salaq ki, Fəttah Heydərov ötən seçkilərdə məhz həmin dairədən qalib elan edilmişdi.

Fəttah Heydərov
YAP-ın boş saxladığı daha bir - 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Səttar Mehbalıyev deputat seçilmişdi. Səttar Mehbalıyev Prezident Adminiastrasiyasında şöbə müdiri Əli Həsənovla qudadır.

Boş qalan dairələrdən birinin də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşı üçün saxlandığı deyilir.

Məmur qohumlarından birisə Elton Məmmədovdur (Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) ki, onun seçkilərə sərbəst qatılacağı deyilir. Özü də 91 saylı Ucar seçki dairəsindən. Hakim partiya bu dairədən çoxlarına bəlli olmayan Şəhla Abdullayevanın namizədliyini verib.

«BU QANUNA YOX, SİYASİ ETİKAYA ZİDDİR»

Ümid Partiyasının sədri İqbal Ağazadəyə görə isə, məmur qohumlarının seçkilərə qatılmasında qanunsuz heç nə yoxdur. Qanun hər kəsə seçkidə iştirak haqqı verir. Amma bu, siyasi etikaya ziddir:

İqbal Ağazadə
«Təəssüf edirəm ki, bu cür yanaşma var. Hər kəs harda işləməsindən asılı olaraq qohumunu-yaxınını bu prosesə qoşur və onların seçilməsinə, dövlət qurumunda təmsil olunmasına çalışır. Bunun üçün də tutduğu qulluq mövqeyindən, hakimiyyətə yaxınlığından, inzibati resurslardan istifadə edir…».

YAP-çı deputat Bəxtiyar Sadıqov isə qəti əmindir ki, məmur qohumlarının inzibati resurslardan istifadəsi mümkün deyil. Buna yol verənlər dərhal cəzalandırılacaq.

Necə deyərlər, yaşayarıq, görərik.
XS
SM
MD
LG