Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:43

Məhbus dərmanı necə əldə edir


Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi hər il tibbi ləvazimat və dərman preparatlarının satınalmaları ilə bağlı tender keçirir.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi hər il tibbi ləvazimat və dərman preparatlarının satınalmaları ilə bağlı tender keçirir.
«Məhbuslar dərman istəyəndə deyirlər ki, dərman yoxdur. Biz alıb göndəririk, mən baş idarəyə zəng eləmişdim, dedim məhbuslara niyə dərman verilmir. Dedilər ki, ola bilməz, biz onlara dərman göndəririk».

Müslimat Rzaxanovanın oğlu Şakir Rzaxanov 14 ildir ki, həbsdədir. Bunun 2 ilini əvvəllər Bayılda yerləşən 1 saylı İstintaq Təcridxanasında keçirib. 12 ildir Qobustandakı Qapalı Həbsxanada ömürlük cəza çəkir. Müslimat Rzaxanova deyir ki, 14 ildir oğlu xəstələnəndə dava-dərmanını özü alıb aparır:

«Oğlum xəstədir, gözündə, qulağında problem var. Hər dəfə gedəndə bahalı dərmanlar alıb aparıram. Bir mən deyiləm, bütün valideynlər dustaqların dərmanlarını özləri alıb aparırlar».

Müslimat Rzaxanova deyir ki, dustaq oğlunun ürək ağrıları ilə bağlı dərmanlarına xüsusilə çox pul xərcləyir. Hətta ana və oğlu bir müddət əvvəl məhkəməyə yazdıqları şikayət ərizələrində də bu məsələni qabardıblar. Ancaq:

«Mən və oğlum məhkəməyə müraciət etmişdik, tibbi yardımdan, dərman verilməməsindən də yazmışdıq. Ancaq Qaradağ rayon Məhkəməsi oğlumun şikayətinə baxmadı və ərizəni özümüzə qaytardı. İndi yenidən ərizə hazırlayırıq».

Bəs onda məhkumlara dərmanı niyə qohumları almalıdır?

Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Rahim Rəhimov sualımızla razılaşmır:

«Dərmanlar müxtəlif ola bilər, hansısa dərman ola bilər ki, əvəzedicidir. Həkim bir dərman yazıbsa, Tibb Baş İdarəsi ona başqa dərman veribsə, bunu bir az başqa cür təqdim etmək düzgün deyil. Bizim cəzaçəkmə müəssisələrində tibbi yardımın göstərilməsi daimi nəzarət altındadır. Mümkün olan şey deyil ki, hər hansı bir məhkum kifayət qədər yüksək səviyyədə tibbi yardım almasın».

TENDER OYUNU

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi hər il tibbi ləvazimat və dərman preparatlarının satınalmaları ilə bağlı tender keçirir.

«Satırlar, biz görməsək də, dustaq görür bunu»
«Xalq qəzeti»nin 12 dekabr 2009-cu il tarixli sayında Ədliyyə Nazirliyi 2010-cu il üçün növbəti tender barədə elan dərc etmişdi. Ancaq bildiyimiz, gördüyümüz elə bu elan oldu. Keçirilmiş tenderin nəticələri barədə bilgilərə heç bir mətbuat orqanında rast gəlmədik. Bu barədə məlumatı Ədliyyə Nazirliyinin və Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytlarında da axtardıq. Amma tapmadıq. Bu ilin iyun ayında tenderin nəticələri haqda məlumat almaq üçün Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə rəsmi məktubla müraciət etdik. Suallar bunlardı: Tenderdə bütün lotlar üzrə neçə təşkilat iştirak edib? Həmin təşkilatlar hansılardır? Lotlar üzrə tender müqaviləsi təşkilatlarla ayrı-ayrılıqda hansı məbləğlərə bağlanıb? Bundan əvvəl - 2008 və 2009-cu illər üzrə analoji satınalmalar hansı təşkilatlarla bağlanıb?

İyulun 21-də redaksiyamıza Ədliyyə Nazirliyindən cavab məktubu daxil oldu. Nazirliyin Tibb Baş İdarəsindən yox, insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsindən. Həmin idarənin rəis müavini Rahim Rəhimovun imzası olan cavab məktubunda deyilir ki, dərman preparatları və tibb ləvazimatları üzrə keçirilən açıq tenderdə LOT-lar üzrə tibb sahəsində ixtisaslaşmış cəmi 9 təşkilat iştirak edib. Tender qanunun tələblərinə uyğun olaraq həyata keçirilib. Nəticələr barədə məlumatlar bütün tender iştirakçılarına yazılı bildirişlə göndərilib. Dərman preparatları və tibb ləvazimatlarının satınalınması üzrə 3 şirkət qalib elan olunub və həmin şirkətlərlə LOT-lar üzrə tender müqavilələri bağlanıb.

Məktubda suallarımıza tam cavab ala bilmədiyimizdən yenidən Nazirliyin Tibb Baş İdarəsinə müraciət edəsi olduq. Ancaq bir neçə günlük bu cəhdlərimiz də boşa çıxdı və avqustun 2-də Tibb Baş İdarəsinə eyni suallarla bağlı təkrar rəsmi məktub göndərdik. İkinci məktubumuzdan 1 ay 2 həftə keçdi və Tibb Baş İdarəsindən cavab almadıq. İdarəylə telefon əlaqəsi saxlayıb məktubun taleyi ilə maraqlandıq. Ordan bildirdilər ki, birinci dəfə məktubu kim cavablandırıbsa, həmin idarəylə əlaqə saxlamaq lazımdır. Biz də birinci dəfə bizə məktub yollamış Rahim Rəhimovdan məktuba cavab istədik. Ancaq Rahim Rəhimov yenə bizə tenderin qalibləri və həmin şirkətlərə ödənilmiş pullar haqqında məlumat vermədi.

- Siz ümumi şəkildə qeyd edirsiniz ki, tenderdə 9 təşkilat iştirak edib, 3 şirkət qalib elan olunub. Şirkətlərin adlarını niyə açıqlamırsınız?

Əlövsət Əliyev
- Siz sualı necə qoymusunuzsa, biz də cavab vermişik. Biz çalışırıq ki, cavablarımız bir az lakonik olsun, informasiya vasitələrinə hansısa digər suallar qalmasın.

Amma Ədliyyə Nazirliyinin rəsmisindən sona qədər bizi maraqlandıran cavabları ala bilmədik.

«HAMISI ÖZÜNƏ UYĞUN OLAN TƏŞKİLATLARI QALİB ELAN EDİR»

«Tender monitorinq mərkəzi» İctimai Birliyinin sədri Əlövsət Əliyev deyir ki, nazirliklər tenderlərin qaliblərini açıqlamaqda maraqlı olmurlar. Niyəsini onun öz dilindən eşidək:

«Onlar tenderlərin qapalı keçirilməsində maraqlı olurlar. Tenderdə maksimum 3-4 təşkilat qalib olur. Onlar da tenderi elan edənlərin maraq dairəsində olan şirkətlər olur. İstər Ədliyyə, istər Müdafiə, istər digər nazirlik tender keçirsin, hamısı özünə uyğun olan təşkilatları qalib elan edir. Həmin təşkilatlarla da necə istəyirlər elə rəftar edirlər».

Bir sözlə, Əlövsət Əliyev deyir ki, tenderi elan edən də qazanır, qalib gələn şirkət də.

Dustaq anası Müslimat Rzaxanova isə deyir ki, dustaqların adına alınan dərmanlar ya dustaqlara pulla satılır, ya da müəssisədən kənara çıxarılır:

«Satırlar, biz görməsək də, dustaq görür bunu».

Ədliyyə Nazirliyinin rəsmisi Rahim Rəhimovsa isə dustaq anasının dedikləri ilə razılaşmır:

«Buna ciddi nəzarət var, nəinki nazirliyin, ictimai nəzarət də təşkil olunub. Ona görə də dedikləriniz mənə inandırıcı görünmür».
XS
SM
MD
LG