Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:37

'Türmədə Xameneyi mənə deyirdi ki, İslam hakimiyyətə gəlsə, bir damla da qan axmayacaq'


Huşəng Əsədi

Şah dövründə İranın indiki ali dini lideri ilə eyni həbsxanaya salınmış Huşəng Əsədinin kitabından.

"1975-ci ildə bir soyuq qış günü məni həbsxanada Xameneyi ilə eyni otağa saldılar. Çox arıq bir adam idi, soyuqdan tir-tir əsirdi. Mən əynimdən köynəyimi çıxarıb ona uzatdım. Əvvəlcə almaq istəmədi, sonra götürdü. Bir-birimizi qucaqlayıb ağlaşdıq."

"İndi onu görsəm soruşardım: «Cənab Xameneyi, o gün dedikləriniz yadınızdadır? İndi Siz İran tarixinin ən güclü hökmdarına çevrilibsiniz, daha göz yaşları axmır? Yoxsa əksinə, biz İran tarixində bənzəri olmayan faciələrin şahidləri oluruq?"

Huşəng Əsədi İranda şah hakimiyyəti zamanı da, ondan sonrakı islam hökuməti dövründə də bu ölkədə həbsxanaya atılıb. Ən maraqlısı isə o, Şahın zamanında onun həbsxana yoldaşı İranın indiki ali dini rəhbərli Ayətullaj Əli Xameneyi olub. Indi Fransada yaşayan 59 yaşlı keçmiş siyasi fəal və ölkəsində tanınmış jurnalist olan Huşəng Əsədi 2010-cu ildə «Mənə işgəncə verənə məktublar» adlı kitab çap etdirib.

O kitabında Şah zamanında və indi İran həbsxanalarında işgəncə metodları, o zamankı həbsxanaya yoldaşı Xameneyinin vədlərindən bəhs edir. AzadliqRadiosunun əməkdaşı Gülnaz Esfandiyarinin Huşəng Əsədi ilə müsahibəsini qısa ixtisarla təqdim edirik:

- Siz 1970-ci illərdə - Şah rejimi zamanı da, ondan 10 il sonra islam hakimiyyəti zamanı da İranda həbsxanada işgəncələrə məruz qalıbsınız. Bu hakimiyyətlərin hansında vəziyyət daha pis idi, onların müqayisəsini apara bilərsinizmi?

- Şah hakimiyyəti zamanı həbsxanada mənə işgəncə verməmişdilər. Sadəcə bir dəfə üzümə vurdular. Amma o zaman mən dostlarıma necə işgəncə verildiyinin şahidi olmuşam.

İslam Respublikası zamanı isə mən həbsxanada müxtəlif işgəncələrə məruz qaldım. Əsas fərq odur ki, indi ideoloji aparat var, o zaman bu yox idi.

Şah hakimiyyəti zamanı zabitlər işlərini görürdülər, onların əsas məqsədləri məhbusdan informasiyanı almaq idi, təəssüf ki, bunun üçün işgəncədən də istifadə edirdilər.

İndiki İslam Respublikasında isə müstəntiqlər həddən artıq ideoloji yüklüdürlər, ya da özlərini belə göstərməyə çalışırlar. Onların birinci gördükləri iş məhbusu işgəncələr yolu ilə sındırmaqdır. Ondan sonra nələrisə soruşa bilərlər. Sanki məhbusdan nəyisə öyrənmək onlar üçün ikinci dərəcəli işdir. Ona görə də indi İran həbsxanalarında işgəncə həddən artıq geniş yayılıb. Bunu Şah zamanı ilə müqayisə etmək belə

İndi onu görsəm soruşardım: «Cənab Xameneyi, o gün dedikləriniz yadınızdadır?»

mümkün deyil.

- 1974-cü ildə Siz sonradan İranın Ali dini rəhbəri olmuş Ayətullah Əli Xameneyi ilə eyni həbsxana otağında saxlanıbsınız. Kitabınızda onu gözəl insan, ədəbiyyatı sevən, zarafatcıl biri kimi tanıdırsınız. Bir çoxları da bu təsvirinizə görə Sizi tənqid edirlər. O zaman gördüyünüz Xameneyi haqqında bizə bir qədər ətraflı danışa bilərsinizmi?

- Mən kitabımda 40 il əvvəl gördüyüm Xameneyi haqqında yazmışam. Ondan sonra çox şeylər dəyişib. Mən o zaman gördüyüm Xameneyi haqqında tənqidi bir şey yaza bilməzdim. Kitabımda yazdıqlarımın hamısı o zaman gördüklərimdir.

O zaman mən görəndə Xameneyi gülərüz, həqiqi inancı olan, Quran oxuyan, hiss-həyəcanlı bir insan idi. Ədəbiyyatı çox sevirdi, ümumilikdə çox pozitiv insan idi. O, hakimiyyətə gələndən dünya çox dəyişib. Mənim kitabımda təsvir etdiyim adamla, indi hakimiyyətdə olan adam arasında fərq əslində həm də işgəncələrə məruz qalan bir məhbusun necə işgəncə aparatına rəhbərlik edən, başqalarına işgəncə verən bir kimsəyə çevrildiyini göstərir.

- İndi qarşılaşsanız, Xameneyiyə nə deyərdiniz?

- 1975-ci ildə bir soyuq qış günü məni həbsxanada Xameneyi ilə eyni otağa saldılar. Çox arıq bir adam idi, soyuqdan tir-tir əsirdi. Mən əynimdən köynəyimi çıxarıb ona uzatdım. Əvvəlcə almaq istəmədi, sonra götürdü. Bir-birimizi qucaqlayıb ağlaşdıq.

«Mənə işgəncə verənə məktublar» adlı kitab

O, göz yaşları içində mənə dedi: «Huşəng, İslam hakimiyyətə gələndən sonra bir damla da göz yaşı axmayacaq». İndi onu görsəm soruşardım: «Cənab Xameneyi, o gün dedikləriniz yadınızdadır? İndi Siz İran tarixinin ən güclü hökmdarına çevrilibsiniz, daha göz yaşları axmır? Yoxsa əksinə, biz İran tarixində bənzəri olmayan faciələrin şahidləri oluruq?»

- Kitabınızda yazırsınız ki, «Həmid Qardaş» dediyiniz müstəntiqin fiziki və psixoloji işgəncələrinə məruz qalaraq, sonra Britaniya və Rusiya kəşfiyyatına işlədiyinizi guya boynunuza alıbsınız. Bu işgəncə texnikaları haqqında bir qədər ətraflı danışa bilərsinizmi?

- Kitabımda ətraflı yazmışam, burada qısaca deyə bilərəm. Faktiki olaraq, o, özü üçün bir ssenari yazmışdı, və sonunda məni özünün həmin ssenarisinə uyğun guya etiraflar etməyə məcbur edirdi. Fiziki işgəncələr sonradan zamanla sağalır, o zaman aldığım psixoloji işgəncələrin ağrı-acısını hələ də unuda bilmirəm.

Mənu «murdar casus» adlandıraraq döyürdü. Bir dəfə özünü elə göstərdi ki, guya mənim arvadım onun əlindədir, onu zorlayır. Bunu, eləcə də dostlarıma işgəncə verərəkən onların bağırtılarını heç vaxt unuda bilmirəm. Bunlar mənim özümün fiziki işgəncələrə məruz qalmağımdan daha dözülməz idi.

- Yazırsınız ki, sonradan Sizə işgəncə verən Həmid Qardaşın İranın Tacikistanda səfiri olduğunu görübsünüz. O, indi hardadır, kitabınızı ona da göndərəcəksinizmi?

- Mən onun haqqında «Amerikanın səsi» televiziyasında danışandan və şəkillərini göstərəndən sonra onun yerini dəyişdilər. İndi nə iş gördüyünü bilmirəm. Çox istərdim ki, bu kitabı o da oxusun. Kitab ingilis dilindədir. Yaxınlarda onu fars dilində də çap etdirəcəm. Əminəm ki, İranın indiki sistemində hardasa bu kitab ona çatacaq. Ümid edirəm ki, oxuyub bundan sonra bir daha kiməsə işgəncə verməyəcək.

XS
SM
MD
LG