Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:37

Naxçıvanlı ilə abşeronlunun fərqi


Naxçıvanda 18 mart referendumu
Naxçıvanda 18 mart referendumu
Şahbuz və ya Babək rayonunda bir seçicinin səsi Abşeron rayonunda iki seçicinin səsinə bərabərdir.

NAXÇIVANDA SEÇİCİLƏRİN GÖZLƏRİ QARADIR, YOXSA?

Mərkəzi Seçki Komissiyasının seçki dairələri ilə bağlı hazırladığı cədvəldən belə nəticə çıxarmaq olar. Məsələn, cədvəldə göstərilir ki, 5 saylı Şahbuz-Babək Seçki Dairəsində seçicilərin sayı cəmi 25 min 552 nəfərdir. 45 saylı Abşeron Seçki Dairəsində isə seçicilərin sayı bundan təxminən iki dəfə çox - yəni 51 min 614 nəfərdir.

Bu cür üstünlüklər təkcə Naxçıvan bölgəsilə məhdudlaşmır.

Mərkəzi Seçki Komissiyasının son açıqlamasına görə, Azərbaycanda 4 milyon 830 minə yaxın seçici var. Parlamentdəki deputat yerlərinin sayı isə cəmi 125 nəfərdir. Seçki dairələrinin sayı da elə deputat yerlərinə uyğunlaşdırılıb. Seçki Məcəlləsinə görə, seçicilərin ümumi sayı bu 125 dairə arasında bölünməlidir. Onda belə çıxır ki, hər bir dairəyə təxminən 38 min 500 seçici düşür. Seçki Məcəlləsi bu rəqəmin 5-10 faiz civarında maksimal və minimal həddini müəyyən etməyə imkan verir. Yəni bəzi məntəqələrin ucqar ərazilərdə yerləşməsindən asılı olaraq bir dairədə seçicilərin sayı təxminən 35 mindən 41 minə qədər dəyişə bilər.

KONSTİTUSİYANIN POZULMASI

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, regionlara qoyulan bu fərqlər Konstitusiyanın pozulmasıdır:

Əli Kərimli
«Bu hökumət səviyyəsində, dövlət səviyyəsində konstitusiyanın pozulmasıdır. Vətəndaşların hüquq bərabərliyinin pozulmasıdır, seçkilərin bərabərlik prinsipinin pozulmasıdır. Belə çıxır ki, hakimiyyət üçün bir bölgənin seçicisinin səsi başqa bir bölgənin seçicisinin sayından üstündür. Bu, seçki cinayətidir».

Azərbaycan Xalq Cəbhəsi Partiyası bu məsələylə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək fikrindədir.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə bu uyğunsuzluğu Naxçıvanın blokadada olması ilə izah edir:

BLOKADA AMİLİ?

«Naxçıvan anklav olduğundan orada vəziyyət bir qədər fərqlidir. Yəni Naxçıvan Azərbaycanla sərhəd olmadığından hansısa başqa bir rayonla bölgü aparmaq mümkün deyil».

Belə olan halda Naxçıvanda dairələrin sayını azaltmaq mümkün deyildimi? Bir halda ki, Naxçıvandakı 7 dairədən düz dördündə oxşar vəziyyət meydana çıxıb. Üstəlik, ölkə konstitusiyası Naxçıvan seçicisinə əgər xüsusi üstünlük vermirsə. Bir də Naxçıvan bir yana, oxşar vəziyyətə Azərbaycanın blokadada olmayan başqa bir sıra əraziləri ilə də bağlı rast gəlmək mümkündür. Məsələn, 76 saylı Lənkəran-Astara seçki dairəsində seçicilərin sayı təxminən 27 mindir. Ancaq Mərkəzi Seçki Komissiyası,
Zahid Oruc
hələ ki, məsələnin bu tərəflərinə aydınlıq gətirmir.

SIYAHILARIN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ EHTİYAC VAR

Millət vəkili Zahid Oruc isə bütün bu uyğunsuzluğu siyasi səbəblərlə izah etmir. Onun fikrincə, əgər Naxçıvana xüsusi üstünlük verilsəydi, oxşar vəziyyətə Lənkəranla da bağlı rast gəlinməzdi. Zahid Oruc deyir ki, seçki dairələrində seçicilərin sayının bir-birləri ilə üst-üstə düşməsi üçün əslində bir neçə şərtlər gözlənməlidir:

«Birincisi bələdiyyə ərazisi iki yerə bölünməməlidir. İkincisi, əgər bir rayonda seçicilərin sayı artıq və ya aşağıdırsa, onu qonşuluqdakı bölgəyə uyğun formalaşdırmaq olar. Yox, əgər qonşu rayonda kvota ödənilibsə, bu problemi ucqar ərazilərin hesabına yoluna qoymaq çətindir».

Zahid Oruc düşünür ki, bu məsələnin təkmilləşməsinə ehtiyac var. Ya gələcəkdə millət vəkillərinin sayının dəyişməsi və ya da Azərbaycanın işğal altında olan ərazilərini azad etməklə bu problemi yoluna qoymaq olar.

İKİ DÖVLƏT QURUMUNUN FƏRQLİ RƏQƏMLƏRİ


Ancaq məsələ təkcə seçicilərin parlamentdə təmsilçilik hüququnun pozulmasından getmir. Seçici siyahıları ilə bağlı MSK-nın açıqladığı rəqəmlə Statistika Komitəsinin rəqəmi üst-üstə düşmür. Statistika Komitəsinə görə, ölkə əhalisinin 71, MSK-ya görə isə yalnız 54 faizi seçicilərin payına düşür. Parlament seçkilərinə isə cəmi 5 ay qalıb. İndi bu 5 ay ərzində müəyyən et ki, saxtakarlıqlara kim yol verir...
XS
SM
MD
LG