Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:55

MSK ilə Statistika Komitəsinin rəqəmləri arasında ciddi fərq var


Akif Qurbanov
«Dövlət Statistika Komitəsinin verdiyi rəqəmə əsasən ölkədə 71 faiz seçici var, MSK-nın açıqladığı rəqəmə görə isə bu göstərici 54 faizdir. Belə çıxır ki, əhalinin 46 faizi azyaşlı uşaqlardır. Bu inandırıcı deyil...».

Mərkəzi Seçki Komissiyasında (MSK) müxalifəti təmsil edən Ümid Partiyasının təmsilçisi Akif Qurbanov belə deyir. O bildirib ki, Statistika Komitəsi ilə MSK-nın məlumatlarını müqayisə edən zaman ciddi fərqlə üzləşib. Bu fərq həm ümumi respublika üzrə seçicilərin sayında, həm də ayrı-ayrı bölgələr üzrə rəqəmlərdə özünü göstərib:

ƏN ACINACAQLI VƏZİYYƏT ABŞERON RAYONU ƏRAZİSİNDƏDİR

«Elə rayon var ki, əhalisinin sayı və real seçicilərinin sayı aşağı olmasına baxmayaraq, onun bir seçki dairəsi var, elə rayon var ki, iki dəfə ondan artıq olmasına baxmayaraq heç bir dairəsi yoxdur, hansısa bir rayonla birləşmiş dairəsi var. Məsələn, Tərtər rayon əhalisinin sayı Statistika Komitəsinin rəqəmlərinə görə 98100 nəfərdir. Orada azyaşlı, yəni səsvermə hüquq olmayan vətəndaşların sayı da göstərilib – 27100 nəfər. Bu hesablama nəticəsində məlum olur ki, 71000 seçici olmalıdır. MSK-nın rəqəmində isə 25024 seçici sayı ilə göstərilir. Yəni məlum olur ki, 35 faiz seçici ortada yoxdur».

Akif Qurbanov bildirir ki, bu fərq Gəncədə 40 faizdir, paytaxt Bakıda isə 375 min seçici fərqi yaranıb ki, bu da 24 faiz deməkdir. Sumqayıtda fərq 25 faiz təşkil edir:

«Ən acınacaqlı vəziyyət Abşeron rayonu ərazisindədir. MSK ilə Statistika Komitəsinin göstərdiyi rəqəm arasında – 55 faiz fərq var. Abşeronun təxminən 190 min əhalisi olmasına baxmayaraq, bu rayonun cəmi 1 bütöv, bir yarımçıq dairəsi var. Ancaq Qax rayonunun 53 min əhalisi var, onun 1 bütöv dairəsi var. Bu ona şübhə yaradır ki, harada seçki aktivliyi var, orada seçicilərin sayı çox aşağıdır, amma harada seçki aktivliyi yüksək deyil, məsələn, Qaxda, Biləsuvarda, Yardımlıda rəqəmlər normada və ya normadan artıq göstərilir».

ANORMALLIQ VARSA, BU ARAŞDIRILMALIDIR

Ümid Partiyasının təmsilçisi bildirir ki, bu fərqlə bağlı o mayın 26-da MSK-nın rəsmi iclasında məsələ qaldırıb və ümid edir ki, seçici sayındakı bu fərqin səbəbi araşdırılacaq:

«MSK-ya seçicilərin sayını yerli icra və bələdiyyə strukturları təqdim edir. Bu məlumatlar yerli aşağı seçki komissiyası və yuxarı seçki komissiyasına göndərilir. MSK da onu təsdiqləyir. Ya icra strukturları seçki komissiyalarına məlumatı düzgün vermir,
Azər Sarıyev
ya da Statistika Komitəsinin araşdırdığı rəqəmlərdə ciddi yanlışlıqlar var. Dövlət Statistika Komitəsinin məlumatlarına dövlət başçısı, hökumət üzvləri istinad edir. Ona görə bizim ona şübhə etməyə haqqımız yoxdur. Amma anormallıq varsa, bu araşdırılmalıdır».

Mayın 26-da MSK 2010-cu il parlament seçkilərinə seçicilərin sayını açıqlayıb. Siyahıya əsasən ölkədə daimi yaşayan seçicilərin sayı 4 829 min təşkil edir. MSK katibi Natiq Məmmədov bildirib ki, «seçicilər siyahısının tərtib edilməsi yüksək səviyyədə aparılıb».

KİMİNSƏ İDDİASI VARSA, ARAŞDIRA BİLƏR

Mərkəzi Seçki Komissiyası mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə seçici saylarında xırda nöqsanların olduğunu istisna etməsə də, ciddi rəqəm fərqlərinin olduğunu qəbul etmir:

«Kiminsə iddiası varsa, araşdıra bilər. Bunun üçün MSK sədri də şərait yaradır. MSK sədri bugünkü iclasda bildirib ki, işçi qrup yaradılsın, göstəriş verdi həm təşkilat şöbəsinə həm Seçkilər İnformasiya Mərkəzinin direktoruna, eyni zamanda Akif Qurbanovun özünə tövsiyə elədi ki, Statistika Komitəsi ilə birgə bu məsələni araşdırsın. Akif Qurbanov bu məsələni qaldırıb, əgər iddialarını müdafiə edirsə, o məsələnin araşdırması ilə məşğul ola bilər».

Seçicilərin siyahısı bu ilin yanvar ayından dəqiqləşdirilir.
XS
SM
MD
LG