Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:52

«Biz 8 ildir əməkhaqqı almadan oynayırıq»


Hazırda Ermənistanda müxtəlif yaş qruplarından ibarət 9 qadın komandası var. Məşqçi Lianna Ayrapetyan deyir ki, milli yığmanın qızları əməkhaqqı almadıqlarından idmandan uzaqlaşıblar:

«Əvvəllər qadın futbolunda az da olsa, inkişaf müşahidə olunurdu, bu il isə tənəzzül göz qabağındadır, qızlar idmanı tərk edirlər. 8 qız millidən gedərək müxtəlif sahələrdə çalışırlar, onlar məşqlərə yalnız istirahət günləri qatılır, özləri də çox yorğun olurlar. Belə davam edərsə, yaxşı nəticə olmayacaq».

İdmançı qızları müəyyən yaşadək valideynləri təmin edir, sonradan maliyyə problemləri ucbatında qızlar idmanla normal məşğul ola bilmirlər. Qadın yığmasının kapitanı, 21 yaşlı Qayane Kostanyan iş axtarır, deyir ki, professional idmandan getməyə məcbur olub:

«Futbol klubları yalnız idman bazası ilə təmin edir və forma verir. Təəssüflər olsun ki, vəziyyət belədir. Şəxsən mən yaxşı iş tapmaq və idmandan getməyi düşünürəm. Əlbəttə, futbol və işi birləşdirmək imkanım olsa, məhz bu cür edəcəyəm. Məmurların bizi dəstəkləməyə imkanı olmasaydı, onları günahlandırmazdım, onların sadəcə istəyi yoxdur. Biz çox şey istəmirik və yaxşı anlayırıq ki, məhdudiyyətlər olan Ermənistanda yaşayırıq və burada vəziyyət yaxşı deyil. Həm də bilirik ki, Ermənistanda futbol o qədər də inkişaf etməyib, xüsusən qadın futbolu. Bu sahəyə yardım etmək arzuları da yoxdur».

Ermənistan milli yığmasının qapıçısı Anna Karapetyanın 19 yaşı var. O, ali təhsilini baş vuranacan professional futbolla məşğul olacaq. Daha sonra qapıçı qız iş axtarmaq fikrindədir:

«Qızlardan kiminsə idmanı tərk edəcəyini düşünmürdüm, hamımız oynamağı sevirik. Ancaq bizə pul vermirlər, bizlər isə artıq böyümüşük və özümüzü təmin etməliyik».

Qadın yığmasının uğur və müvəffəqiyyətsizliklərinə gəlincə, məşqçi, Futbol Federasiyası və oyunçuların fikirləri haçalanır. Məşqçi Lianna Karapetyan:

«Biz Avropa və dünya turnirlərində iştirak edirik, ancaq demək olar ki, uğurumuz yoxdur, sadəcə böyük məğlubiyyətlərimiz var. Səbəb odur ki, məşqçilərin seçimi azdır, çox az qadın komandası var…».

Qadınlardan ibarət milli yığmanın kapitanı Qayane Kostanyan məşqçinin fikri ilə razılaşmır. O deyir ki, hazırkı vəziyyəti nəzərə alsalar hesablarında çoxlu qələbə var:

«Bizim əhəmiyyətli uğurlarımız var, ancaq onlar barədə deyilmir. Məsələn, 2 il əvvəl Makedoniyada UEFA-nın təşkil etdiyi yoldaşlıq qarşılaşmasında iştirak etdik və birinci yeri qazandıq. Bu yaxınlarda Norveçdə 125 ölkə arasında 3-cü yeri tutmuşuq. Kişi komandaları ilə müqayisədə zəif də olsa, irəliləyirik. Kişi futbolçular daha çoxdur və keyfiyyəti də müvafiq olaraq daha yaxşıdır. Biz isə cəmi 20 nəfərik. Ümumiyyətlə, həyatda bir şey qazanmaq üçün nələri isə qurban vermək lazımdır. Biz isə 8 ildir əməkhaqqı almadan oynayırıq. Biz öz borcumuzu yerinə yetiririk, biz özümüzü yox, ölkəni təmsil edirik...».

Futbol Federasiyasının nümayəndəsi Tovmas Qriqoryan deyir ki, son zamanlar Ermənistanın qadın futbolunda inkişaf müşahidə olunur:

«2004-cü ildən sonra federasiya bu istiqamətdə iş aparır və bizim yığma komandalar bir sıra beynəlxalq yarışlarda iştirak edirlər. İldə ən azı 3-4 turnirdə iştirak edirik. Bu yaxınlarda Portuqaliya və Sloveniyadan qayıtmışıq. Sloveniyada qızlarımız yaxşı oynadı, ancaq qələbə qazana bilmədik və 1:0 hesabı ilə uduzduq. Mütəxəssislər də müsbət irəliləyişlərin olduğunu qeyd edirlər».

Komandanın kapitanı Qayane isə əmindir ki, Ermənistanın qadın futbolu yalnız dövlətin dəstəyi ilə inkişaf edə bilər:

«Əlbəttə, mən federasiyanın işindən razıyam, ancaq dövlət qayğısının olması mütləqdir. Komandaya ay ərzində bir kişi futbolçuya verilən maaş qədər pul ayırsalar, biz razı qalardıq. Ancaq heç nə etmək istəmirlər...».
XS
SM
MD
LG