Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:36

"The İndependent" "Qəbələ" futbol klubunun pulları haqqında yazır


Tony Adams
Tony Adams

Britaniyanın "The İndependent" qəzeti "Qəbələ" Futbol klubunun yeni meneceri Toni Adams haqqında reportaj çap edib. Orada deyilir ki, Portsmut klubunun keçmiş meneceri Toni Adams öz təyinatı barədə dostlarına və jurnalistlərə uzun müddət məlumat verməyib. Ona görə xəbəri eşidəndə çoxları təəccüblənib.

“HÜDUDSUZ MALİYYƏ İMKANLARI”

Adamsın sözlərinə görə, onun məqsədi 10 il ərzində "Qəbələ" futbol klubunu Çempionlar Liqasına çıxarmaqdır. Hələ ki, klub ölkə premyer-liqasında altıncıdır.

Adams "Qəbələ"nin xaricdən gətirdiyi yeganə kadr deyil. Ona son zamanlara qədər Karlton Atletik klubunun ehtiyat komandasının məşqçisi Gary Stivens yardımçı olacaq. Doqquz ay əvvəl isə əvvəllər Everton klubunun kommersiya meneceri və Bournmaus klubunun baş icraçı direktoru işləmiş Alastar Saverimuttonu "Qəbələ" klubunun idarəetməsinə dəvət ediblər.

"The İndependent" qəzeti də Qəbələ futbol klubunun böyük planları barədə yazır: “Saverimutto deyir ki, transferlər və inkişaf üçün “hüdudsuz maliyyə imkanları” var. Pulun haradan gəldiyi isə bir müəmmadır.

“HEYDƏROV SUALLARA CAVAB VERMİR”

Klubun prezidenti Tale Heydərov London İqtisadiyyat Məktəbində təhsil almış 25 yaşlı azərbaycanlıdır. O ölkənin Fövqəladə Hallar nazirinin oğludur. Nazirin çoxlu pulu olması barədə söz-söhbət var, hərçənd ki, nazir kimi onun bizneslə məşğul olmağa ixtiyarı yoxdur.

Yerli mediada yazırlar ki, ailənin çoxşaxəli biznes sahələrinə malik Gilan Holdinqlə bağlılığı var, lakin bunun rəsmi təsdiqi yoxdur. Gilan Holdinq isə "Qəbələ" futbol klubunun sahibidir və ehtimal ki, pulun mənbəyi də məhz oradır.

"The İndependent" qəzetinin müxbiri yazır ki, Tale Heydərovla Bakıda görüşməli imiş, lakin müsahibə son dəqiqədə ləğv edilib. Onun nümayəndəsi bildirib ki, klubun gənc prezidenti hər hansı suala cavab verməyəcək. Bu səbəbdən də onun nə qədər pulu var, hardandır, bunlar qaranlıq qaldı.

“AZƏRBAYCANIN YARISI ONUN ATASINA MƏXSUSDUR”

Aydın olan yalnız budur ki, "Qəbələ" futbol klubunun böyük maliyyə mənbələri var. Növbəti iki həftə ərzində Adams və Stivens məşq zamanı indiki oyunçuları nəzərdən keçirəcək və kimi saxlamaq, kimi çıxarmaq barədə qərar verəcək. Sonra isə yay boyu yeni istedadların cəlb olunması prosesi başlayacaq. Stivensin dediyi kimi “deyəsən, Azərbaycanın yarısı onun atasına məxsusdur, odur ki, maliyyə problem deyil”. Adams deyir ki, yeni oyunçuları həm ölkə içində həm xaricdə axtaracaqlar”.

AVROPANIN MONTE-KARLOSU

"The İndependent" qəzeti yazır ki, hələlik kluba Ramiz Məmmədov başçılıq edir. Adamsın dediyinə görə, Məmmədov mövsümün sonunda komandanı Toni Adamsa təhvil verəcəyini özü üçün şərəf kimi qiymətləndiribmiş. Hələliksə, Toni Adams vəziyyəti qiymətləndirir. Qəzetin yazdığına görə, bu müddət ərzində Adams ailəsi ilə birgə Qəbələdə yeni tikilmiş lüks hotelin koteclərindən birində qalacaq. “Heydərovlara məxsus bu hotel regionun böyük adamları üçün lüx istirahət mərkəzi kimi xidmət göstərəcək. Yaxınlıqda18 quyulu qolf meydanı və xizəksürmə kompleksi də tikilir...

Saverimutto davamlı olaraq dua edirmiş kimi təkrarlayır ki, Qəbələ Avropanın Monte Karlosu olacaq. Bu təəccüblü səslənir, çünki Mon-Karlo artıq Avropadır və bu əyalət Azərbaycan şəhəri Avropadan başqa nəyə desəniz bənzəyir. Bununla belə, planlar möhtəşəmdir.”

PREMYER-LİQA MAAŞLARI

Qəzet yazır ki, beş uşaq atası Adams xanımını və məktəbi bitirməmiş üç uşağını da özəl müəllimlə birgə Qəbələyə gətirəcək Azərbaycanda keçirdiyi vaxt üçün yaxşı pul alacaq. Saverimutto konkret rəqəmlər deməyib, amma “The İndependent”ə bildirib ki, Adamsın maaşı Premyer Liqanın ən yüksək məqamında olan komandaların mencerlərinin maaşı ilə rahatca müqayisə oluna bilər.

“Amma pula və Qəbələnin gələcək planlarına baxmayaraq, bu şəhərdə bir Allahın unutduğu yer havası var. Adams bu barədə düşünübmü? Bu qərar çətin idimi?” deyə qəzet sual edir.

Adams isə cavab verib ki: “Yox. Əslində çox asan idi. Bu macəradır. Mən hiss edirəm ki, mənim bir neçə layihəm də var”.
XS
SM
MD
LG