Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:54

Avropa Məhkəməsinin qərarı: İcra edilsin, edilməsin?...


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi
ONLARIN QƏRARLARI AZƏRBAYCAN ÜÇÜN YALNIZ TÖVSİYƏ XARAKTERİ DAŞIYIR

«Avropa Məhkəməsinin qərarları Azərbaycan üçün məcburi deyil».

Azərbaycan hökuməti Avropa İnsan Haqları Məhkəməsinin həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı qərarından Böyük Palataya şikayət edib. Bunu Milli Məclisin aprelin 27-də keçirilən iclasında parlamentin vitse-spikeri Ziyafət Əsgərov deyib.

Söhbət Avropa Məhkəməsinin jurnalistin dərhal azadlığa buraxılması və hökumət tərəfindən ona 25 min avro təzminat ödənilməsi ilə bağlı qərarından gedir. Vitse-spiker hesab edir ki, Avropa Məhkəməsinin qərarları Azərbaycan üçün məcburi deyil:

«Onlar Eynulla Fətullayev azad edilsin deyə bilməzlər. Onların qərarları Azərbaycan üçün yalnız tövsiyə xarakteri daşıyır».

Parlamentin iclasında bəzi millət vəkilləri isə Eynulla Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarının yerinə yetirilməsinin zəruri olduğunu bildiriblər.

Hüquqşünas Fuad Ağayev də deyir ki, Avropa Məhkəməsinin qərarından tərəflərdən biri, tutaq ki, cavabdeh tərəf olan hökumət Böyük Palataya müraciət edirsə, müraciətə Palatanın 5 hakimindən ibarət kollegiya baxır. Həmin kollegiya bu müraciətin Böyük Palatada baxılması zəruriliyinə dair qərar qəbul edir. Əgər kollegiya rədd cavabı versə, yəni şikayətə baxmasa, 3 aydan sonra qərar icra olunmalıdır:

HÖKUMƏT ÖHDƏLİYİN İCRASI İSTİQAMƏTİNDƏ ADDIMLAR ATMALIDIR

Fuad Ağayev
«Qərar qəbul ediləndən sonra məhkəmə tərəfindən hökumətə ünvanlanır. Hökumət konkret olaraq həmin öhdəliyin icrası istiqamətində addımlar atmalıdır. Bu addımların atılmasından biri də ondan ibarətdir ki, Azərbaycanın Ali Məhkəməsinin Plenumunda müvafiq qərar qəbul olunmalıdır».

Fuad Ağayev Böyük Palatanın Azərbaycan hökumətinin şikayətinə baxacağına inanmır:

«Qərarın mətni ilə tanışam. Bu qərar əsasında Ali Məhkəmənin Plenumu konkret olaraq əvvəl Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarları ləğv edərək iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul etməlidir».

KONVENSİYANI YENİDƏN OXUSUN

Vitse-spikerin Avropa Məhkəməsinin qərarlarının icrasının vacib olmadığı barədə dediklərinə gəlincə, Fuad Ağayev hesab edir ki: «Bu, olduqca səhv fikirdir. Əgər belə fikirləşirsə, konvensiyanı yenidən oxusun. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını qəbul edib. Azərbaycan insan hüquqları və söz azadlıqlarının müdafiəsi haqqında konvensiyanın iştirakçısı olmaqla həmin məhkəmənin qəbul etdiyi bütün qərarları icra etməlidir».

Hüquqşünasın sözlərinə görə, Avropa Məhkəməsinin qərarlarına bu cür yanaşma Azərbaycan hökumətinə başucalığı gətirən hal deyil:

«Müvafiq beynəlxalq hüquqi sanksiyalar tətbiq edilə bilər Azərbaycana. O cümlədən, Azərbaycanın Avropa Şurasında səsvermə hüququ, Azərbaycanın ümumiyyətlə, bu qurumdan xaric edilməsi, başqa ciddi məsələlər müzakirə predmeti ola bilər».

Azərbaycan Ali Məhkəməsinin hakimi Əli Seyfəliyev isə Avropa Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarını İnsan Hüquq və Azadlıqları Haqqında Konvensiyasına və bu məhkəmənin presedent hüququna zidd hesab edir.

Eynulla Fətullayev
Əli Seyfəliyev bildirib ki, Eynulla Fətullayev Azərbaycan milli məhkəmələri tərəfindən çıxarılmış hökmlərlə konkret cinayətlərin törədilməsində təqsirli bilinərək cəzalandırılıb və hazırda o, təyin olunmuş cəzanı çəkməkdə davam edir.

DEDİLƏR BİR ŞƏRTLƏ

Eynulla Fətullayevsə jurnalist fəaliyyətinə görə həbsə atıldığını deyir: «Dedilər, sən azadlığa çıxa bilərsən, Eynulla. Amma bir şərtlə. Dedilər ki, azadlığa çıxsan, İlham Əliyev və onun ailəsindən yazmayacaqsan. Dedim bu mümkün deyil. Dedilər niyə. Dedim, onda mən heç kəsdən yazmayacağam. Ya mən heç kəsdən yazmamalıyam, ya da mənim qarşımda heç kəs şərt qoya bilməz. Mən istəsəydim azadlıqda olardım artıq. Bunu tam məsuliyyətimlə deyirəm. Bu mənim seçimimdir, mən bax, bu vicdan kürsüsünü seçdim».

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru E.Fətullayev 2007-ci ilin aprelində çıxarılan birinci həbs qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında çıxarılan ikinci həbs qərarı nəticəsində E.Fətullayevin cəzası 8 il 6 ay müddətinədək artıb.

2009-cu ilin dekabrında saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində məhbus jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) E.Fətullayevə yeni cinayət işi açılıb. Bu iş üzrə hazırda məhkəmə araşdırması gedir.

Avropa İnsan Haqları Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və Azərbaycan hökumətinin ona 25 min avro təzminat ödəməsi qərarı çıxarıb. Beynəlxalq hüquq müdafiə təşkilatları da Azərbaycan hökumətindən onu dərhal azad etməyi tələb edirlər.
XS
SM
MD
LG