Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:41

Naxçıvan Nümayəndəliyi Bənənyarda baş verənlərlə bağlı açıqlama yayıb


«YA BİZƏ AİD OLAN KÖŞKLƏRİN FƏALİYYƏTİNƏ İCAZƏ VERMƏLİSİNİZ, YA DA...»

Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyi 2009-cu il dekabrın 28-də Culfa rayonunun Bənənyar kəndində baş verənlərlə bağlı açıqlama yayıb. APA-nın yaydığı məlumatda deyilir ki, 2009-cu il dekabrın 27-də Bənənyar kənd sakini 1974-cü ildə doğulmuş Əliyev Yunis Kamal oğlu Aşura mərasiminin keçirildiyi gün kənd icra nümayəndəsinə «Ya bizə aid olan köşklərin fəaliyyətinə icazə verməlisiniz, ya da mən özümə qəsd edəcəyəm» deyib: «Yaxınlıqda olan kənd sakinləri onu sakitləşdirməyə çalışıb, lakin Yunis Əliyev sərxoş vəziyyətdə səs-küy salmaqda davam edib, gətirdiyi benzini üstünə tökərək özünü yandırıb. Kənd sakinlərinin və polis nəfərlərinin köməyi ilə hadisənin qarşısı alınıb, Yunis Əliyev üçüncü dərəcəli yanıq xəsarəti ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb. 2010-cu il yanvar ayının 5-də ailəsinin təkidi ilə o, İran İslam Respublikasının Təbriz şəhərindəki xəstəxanaya yerləşdirilib, hal-hazırda müalicə alır».

XALQ CƏBHƏSİNİN QANUNSUZ SİLAHLI DƏSTƏSİ

Məlumatda, həmçinin vurğulanır ki, Yunis Əliyevin xəstə halından istifadə etmək istəyən Xalq Cəbhəsinin qanunsuz silahlı dəstəsinin üzvü olan Rza Nuriyevin başçılıq etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə sərxoş vəziyyətə gətirərək, kənd məktəbinin ərazisində və ətrafında fəaliyyətləri dayandırılan yöndəmsiz köşklərin yenidən açılması üçün qeyri-qanuni hərəkətlərə təşviq edib.

RUHİ XƏSTƏ

Açıqlamada bildirilir ki, Yunis Əliyev ruhi xəstədir və Naxçıvan Muxtar Respublikasının Psixi Xəstəliklər Dispanserində qeydiyyatda olub və müalicə alıb: «Bu ailənin digər üzvləri - anası Əliyeva Şərəbanı Qardaşxan qızı, dayıları Quliyev Vasif Qardaşxan oğlu və Quliyev Yusif Qardaşxan oğlu da həmin dispanserdə qeydiyyatda olub, müalicə alıb və həkim nəzarətində saxlanıblar. Yunis Əliyevin dayısı Yusif Quliyev 2002-ci ildə qeyd olunan xəstəliklə dünyasını dəyişib».

CİNAYƏT İŞİ BAŞLANIB

Nümayəndəlik bildirir ki, baş vermiş hadisə ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi başlanıb, Yunis Əliyevi cinayətə və özünə qəsdə təhrik edən şəxslər ifadə vermələri üçün Naxçıvan Daxili İşlər Nazirliyinə dəvət edilib, lakin həmin şəxslər polis işçilərinə hücum edərək küt alətlərlə onlara xəsarət yetiriblər:

«Bu səbəbdən onların məcburi izahata cəlb edilməsi ilə bağlı qərar qəbul edilib. Həmin şəxslər izahatlarında qanunsuz əməllərini etiraf edib və bağışlanmalarını xahiş ediblər. İstintaq zamanı müəyyən edilib ki, özünə qəsd edən Yunis Əliyevin və onu bu işə təhrik edənlərin hər birinin ailəsinə dövlət tərəfindən əmək haqqı, təqaüd və sosial yardım formasında 400-600 manat vəsait verilir. Qeyd olunan cinayət əməlindən - xəstə insanın həyatı bahasına məqsədlərinə nail olmaq cəhdlərindən nəticə çıxartmaq əvəzinə izahata cəlb olunanların Bakı şəhərindəki qohumları Culfa rayonunun Bənənyar kəndində «qanunsuzluğun baş alıb getməsi» ilə bağlı müxtəlif instansiyalara şikayət edir, mətbuata müsahibələr verirlər. Bildiririk ki, Culfa rayonunun Bənənyar kəndində vəziyyət sabitdir və bir sıra mətbuat orqanlarında məqsədli şəkildə başlanan kampaniyanın – ictimaiyyətə yalan məlumat vermək cəhdinin heç bir real əsası yoxdur».

SADƏCƏ TƏSDİQ

Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin başçısının müavini Həsən Hacıyev AzadlıqRadiosuna sadəcə yayılmış məlumatı təsdiq etməklə kifayətlənib və əlavə hər hansı açıqlama verməyib.

Xatırladaq ki, həm Naxçıvan Daxili İşlər Nazirliyindən, həm də Azərbaycan Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna Bənənyar kəndində heç bir hadisənin baş vermədiyini və heç kimin həbs olunmadığını demişdilər.
XS
SM
MD
LG